KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ə.Kərimlinin yeni hoqqabazlığı

30 may 2018 00:38
4276

Heç kimə sirr deyil ki, dağıdıcı müxalifət antiazərbaycan dairələr tərəfindən yemlənir. Bu yem də onlara “iş” əmsallarına görə verilir. Yəni nə qədər Azərbaycan əleyhinə çox danışsalar, bir o qədər çox qazanırlar. Onların güzəranı da elə bu qazancları üzərində qurulub.

Bu prosesdə AXCP sədri Əli Kərimli lap irəli gedib. Belə ki, o, necə deyərlər, əməlli-başlı özünü tutub. Hətta oğlunun sorağı dünyanın müxtəlif ölkələrindən, bahalı otellərdən, restoranlardan gəlir. Təbii ki, bütün bunlar onun antiazərbaycan təbliğatı aparmaqla əldə etdiyi qrantlar, vəsaitlər hesabınadır. Yeri gəlmişkən, “qrant” söhbətini də ilk dəfə ölkəmizə gətirən məhz AXCP sədri Əli Kərimli olub. Bununla da özünü “əl quzusu”na döndərib. Lakin bu barədə söz düşəndə iki ayağını bir başmağa dirəyir ki, bəs onu şərləyirlər.

...Bu günlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan Xalq Cəbhəsi Partiyası funksionerlərinin respublikamızda, eləcə də xaricdə dövlətimizə, dövlətçiliyimizə zidd olaraq təşkil etdikləri aksiyaların maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplayıblar. Daha doğrusu, məlum olub ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov (o, AXCP-Müsavat hakimiyyəti dövründə Gədəbəy rayonunun icra başçısı olub) müəyyən şəxslərlə əlbir olaraq biznes strukturlarında çalışan Azərbaycan vətəndaşlarından ümumilikdə 412 min ABŞ dolları toplayaraq qeyri-qanuni yolla AXCP-nin funksionerlərinə - Əli Kərimli və digər şəxslərə çatdırıb. Toplanmış faktlar əsasında onların barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Bir sözlə, Əli Kərimlinin sponsorlarının bir neçəsi həbs edilib.

 Dağıdıcı müxalifətin öndə gedəni Əli Kərimli isə öz təbiətinə uyğun şəkildə bütün bunlara özünəməxsus şəkildə don geyindirərək   cəfəngiyyat adlandırıb. Hətta ictimaiyyətin diqqətini bundan yayındırmaq məqsədilə digər üsullara da əl atıb. Yəni xaricdəki həmfikirlərini Azərbaycan əleyhinə aksiyalara başlamasını məqbul hesab edib. Nəticədə Avropada  qaçqın statusu almaq istəyən bir qrup həmvətənlimiz siyasi məhbus hesab etdikləri şəxslərin fotolarını götürüb BMT-nin Bonndakı inzibati binası qarşısına çıxaraq 20 faiz torpağımızın işğal altında olması ilə bağlı qətnamə qəbul edən bir qurumdan, yəni BMT-dən həmin qətnamələrin icrasını yox, Azərbaycanla əlaqələri dayandırmağı tələb ediblər. Onlara Əli Kərimli və onun tərəfdarları tərəfindən sadəcə bu yolun status almaq üçün indiki halda yaxşı vasitələrdən biri olduğu deyilib. Buna isə Vətənlə, onun taleyi ilə alver etməkdən başqa bir ad vermək olmaz. Hətta orada bu tədbirləri istiqamətləndirən “Əli Kərimliyə azadlıq” şüarı da səsləndirilib. Görünən budur ki, sabah Əli Kərimli bu günlərdə həbs edilmiş öz sponsorlarının hər birinin adını Avropada siyasi məhbus kimi hallandırmağa və özünü aydan arı, sudan duru olduğunu sübut etməyə çalışacaq. Belə nəsnələr isə onun üçün su içmək kimi asan bir şeydir.

Musiqiçilər arasında belə bir ifadə var: “toydan toy tutmaq”. Bu məsələdə ticari bir məqam da özünü biruzə verir. Əli Kərimli də elə onlar kimi hərəkət edir. Amma o musiqiçilərdən fərqli olaraq, günahkar olduğu hər hansı bir olayı belə öz xeyrinə həll etməyə səy göstərir. Və ondan da kifayət qədər qazanc əldə edir. Buna isə xüsusi “bacarıq” lazımdır. Görünür, Əli Kərimli də belə şeylərin mahir ifaçısıdır.