KÖŞƏ

Qvami Məhəbbətoğlu

Sirkə nə qədər tünd olsa və yaxud

15 may 2018 22:48
3272

“...o, əbəs yerə illüziyalarla yaşayır”

Bir çox beynəlxalq qurumlar, o cümlədən BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digərləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini əks etdirən qərar və qətnamələr qəbul ediblər. Həmin sənədlərdə göstərilib ki, bu  münaqişə yalnız beynəlxalq hüququn prinsipləri əsasında öz həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, həmçinin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Bütün bunlar isə o deməkdir ki, Ermənistanın qoşunları işğal edilmiş torpaqlarımızdan qeyd-şərtsiz çıxmalıdır. Yəni bu  münaqişənin digər həlli variantı yoxdur.

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə ölkəmizin başçısı İlham Əliyev də bir daha bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır: “Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Bunu ədalət və beynəlxalq hüquq tələb edir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarix deyir, mədəniyyət deyir, bunu beynəlxalq hüquq deyir”.

Amma nədənsə Ermənistanın yeni seçilmiş baş naziri, siyasi dairələrində artıq “tərs keçi” kimi tanınan Nikol Paşinyan öz sələfləri kimi bu adi həqiqəti başa düşmək istəmir. Üstəlik, populist çıxışları ilə bu məsələnin həllini daha da kəskinləşdirməyə çalışır. Belə ki, o,  baş nazir seçildikdən sonra işğal olunmuş Azərbaycan ərazilərinə səfər edərkən Dağlıq Qarabağ probleminin nizamlanmasına dair danışıqlarda qondarma rejimin tamhüquqlu tərəf kimi iştirakını istəməklə yanaşı, indiyədək heç bir ölkə tərəfindən qəbul olunmayan qondarma “qurumun” müstəqilliyini tanımaq və digər ölkələri buna təşviq etmək niyyətini bəyan edib. Bir sözlə, “qan-qan” deməklə terrorçu, təxribatçı xislətini ortaya qoyub.

Amma bu baş nazir hələ də başa düşmür ki, o bu hərəkətləri ilə Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın möhkəm təməl üzərində qurulmasını əngəlləyir. Hələ də başa düşmür ki, bu gün Cənubi Qafqazda söz sahibi Azərbaycandır. Son 15 ildə iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb. Bu ölkənin həm beynəlxalq müstəvidə, həm də regionda kifayət qədər imici var. Artıq bu bir faktdır ki, ölkəmizin  iştirakı olmadan bölgədə heç bir layihə icra edilmir. Digər tərəfdən, bizim güclü ordumuz var. Özü də hazırda orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər. Azərbaycan buna respublikamızın ildən-ilə güclənən iqtisadiyyatı ilə nail olub. İki il bundan əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və bu gün o ərazilərdə üçrəngli bayrağımız dalğalanır. Bu isə belə deməyə əsas verir ki, Azərbaycan bayrağı erməni daşnakları tərəfindən işğala məruz qalmış bütün yaşayış məskənlərimizdə, o cümlədən Şuşada və Xankəndidə də qaldırılacaq və minlərlə insan öz doğma ocaqlarına qayıdacaqlar. Prezident İlham Əliyevin sözləri ilə desək, “əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır”.

...Təbii ki, Nikol Paşinyan bu addımları ilə iqtisadi cəhətdən dalana dirənmiş Ermənistanın vəziyyətini daha da pisləşdirir. Halbuki bu gün münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə daha çox uyğun gəlir. Əgər Nikol Paşinyan bunu dərk edə bilmirsə, belə çıxır ki, o, Ermənistanın axırına çıxmaq məqsədi ilə hakimiyyətə gəlib.

 Nikol Paşinyanın bu kimi sayıqlamaları ölkəmizdə birmənalı qarşılanır. Yəni mətbuat vasitəsilə rəsmi dairələrdən, siyasi partıyalardan və digər qurumlardan ona tutarlı cavablar verilir. Həmin cavabların ana xətti də ondan ibarətdir ki, Nikol Paşinyan bu fikirləri ilə həm Azərbaycanın səbir kasasını daşdırmaq, həm də Ermənistana yeni başağrısı gətirmək niyyətindədir.

Başqa sözlə, sirkə, yəni Nikol Paşinyan nə qədər tünd olsa, öz qabını - Ermənistanı çatladacaq.