KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ünsürlərin Amerika “sərgüzəştləri”

12 may 2018 00:47
3123

Xeyli vaxt idi ki, ölkəmizin son illərdə əldə etdiyi uğurları görmək istəməyənlərin - orduxanların, eminlərin... səsi gəlmirdi. Daha doğrusu, sosial şəbəkələrdə görünmürdülər. Elə bil qurbağa gölünə daş atılmışdı. Belə güman etmək olardı ki, apardıqları antiazərbaycan təbliğatlarının heç bir nəticə vermədiyini başa düşən bu millət, Vətən “fədailəri” nəhayət, çirkin əməllərindən əl çəkiblər. Amma bu, heç də belə deyilmiş. Sən demə, onların “yanacağı” - maddi vəsaitləri qurtarıbmış. Maddi vəsait də olmadan bu robotların “fəaliyyəti” mümkün deyil axı. Bu böhtan, şər adamları himayədarları tərəfindən qrant və ianələrlə “zapravka” olunan kimi özlərini veriblər ABŞ Helsinki Komissiyasına. Burada onlar ölkəmizdəki “vəziyyət”lə, daha doğrusu, seçkilər və fundamental azadlıqlarla bağlı keçirilən dinləmələrdə “fəal” iştirak ediblər. Yəni antiazərbaycan dairələrin əlində alətə çevrilmişlər dinləmələrdə iştrirak edən 3 cüt, bir tək adamı inandırmağa çalışıblar ki, guya ölkəmizdə bu sahələr üzrə ciddi qüsurlar mövcuddur. Hətta onlar prezident seçkilərinin 6 ay irəli çəkilməsini dağıdıcı müxalifətin planlarının pozulması ilə nəticələndiyini, elə bu səbəbdən həmin prosesdən kənarda qaldıqlarını söyləyiblər. Üstəlik, ABŞ-dakı erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, ölkəmizə qarşı “xüsusi marağı” ilə fərqlənən ABŞ Helsinki Komissiyası kimi bir qurumda Qərb ölkələrini Azərbaycan hakimiyyəti ilə normal münasibət saxlamaqda ittiham etməklə onlara məsləhətlər verməyə çalışıblar. Hətta çıxışlarında Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini istəyiblər. Burada deyiblər də dağılasan, a dünya! Gör kimlər kimlərə ağıl verir. Təbii ki, onların belə bir addımı ancaq və ancaq gülüş doğurur.

Burada bir məqam da var. Əgər belə dinləmələr keçirilirsə, bəs niyə ittiham olunan tərəfdən bir kimsə ora dəvət olunmayıb? Orduxan Teymurxanla Emin Milli orada necə peyda olublar? Axı kim onlara belə bir səlahiyyət verib? Bu isə bir daha həmin qurumun mənafeyinə uyğun gələnləri öz başına yığmasının nümunəsi olmaqla yanaşı, həm də bir daha Azərbaycan əleyhinə daha tutarlı “faktlar” toplamasına çalışmalarından xəbər verir.

...Bu dinləmələrdən bir şey çıxmadığına əmin olan antimillilər oradan birbaşa yollanıblar Ağ evin qarşısına... Burada isə üzləri maskalı  5 nəfərlə aksiya keçiriblər. Təbii ki onların məqsədi yalanlarla, böhtanlarla dünya ictimaiyyətinin diqqətini özlərinə çəkməkdən başqa bir şey deyil. Amma bununla bağlı orduxanların, eminlərin sosial şəbəkələrdə yerləşdirdikləri görüntülərə diqqətlə baxanda görmək olur ki, həmin məkandan keçənlər onlara əsla məhəl qoymurlar. Belə şoudan ibarət küçə siyasəti ancaq orada yaşayan ermənələrin işınə yarayır. Bu isə o deməkdir ki, heç Amerika əhalisi də çörəyi qulağına yemir. Elə bu ünsürlərin oyunlarına reaksiya verməməsi bunu bir daha sübut edir.

Həmin görüntülərdən aydın olur ki, Avropada sülənən bu ünsürlər özlərini aydan arı, sudan duru təqdim edirlər. Hər cümlənin başında və sonunda da “Vətən, millət naminə” bu kimi tədbirlərə qatıldıqlarını, yaxud təşkil etdiklərini deyirlər. Elə isə sual ortaya çıxır: dünyanın hər hansı ölkəsində nəzərdə tutulan vaxtda peyda olmaq üçün lazım olan vəsaiti necə əldə edirlər? Nədənsə antimilli ünsürlər bununla bağlı suallardan məharətlə yayınırlar.  Daha doğrusu, xoruzun quyruğunun daha açıq görünəcəyindən qorxurlar.

Təbii ki, bütün bunlar sifarişlər əsasında həyata keçirilir... Belələrinin isə Vətən, millət adlarını ağızlarına almağa mənəvi haqları yoxdur. Millət də yaxşı dərk edir ki, belələrindən ona həyan yoxdur. Əgər onlarda Vətən, millət sevgisi olsa idi, bu gün bu Vətənin, bu millətin yalnız Dağlıq Qarabağla bağlı probleminin olduğunu bilərdilər. Ancaq onun-bunun çirkin niyyətlərinə alət olanlar nədənsə heç bundan söz açmırlar. Fakt üçün heç uzağa da getməyə ehtiyac yoxdur. Elə orduxanların, eminlərin... ABŞ Helsinki Komissiyasında və Ağ evin qarşısında sayıqladıqları gün Ermənistanın yeni seçilməş baş naziri Nikol Paşinyan işğal olunmuş ərazilərimizə səfər edərək, erməni rəhbərlərinə məxsus bir şəkildə bu münaqişə ilə bağli Azərbaycanı ittiham etdi, üstəlik, münaqişənin dinc yolla həllinə tərəfdar olan ölkəmizi hədələdi də. Amma “Vətən, millət” deyib Amerikada sülənənlər nədənsə bununla əlaqədar bir kəlmə belə söz demədilər. Budurmu Vətən, millət sevgisi?