KÖŞƏ

Qvami Məhəbbətoğlu

Nikol Paşinyan hələ ki öz aləmindədir

11 may 2018 14:33
3487

Mayın 8-də Ermənistanın baş naziri seçilmiş Nikol Paşinyan onu hakimiyyətə gətirmiş xalqla hesablaşmaq niyyətində deyil. Belə ki, yeni baş nazir öz sələflərinin yolunu getməklə xalqa verdiyi vədləri yadına salmaq belə istəmir. Halbuki xalq Paşinyanı hakimiyyətə gətirdi ki, onun dərdlərinə məlhəm olsun, düşdüyü fəlakətlərdən xilas etsin, boşalmış xəzinəyə nəsə qoya bilsin, ölkəsinin iqtisadi dirçəlişinə nail olsun. Lakin hadisələrin gedişi, daha doğrusu, Paşinyanın erməni xalqının çoxdan gözlədiyi iqtisadi-sosial islahatlara başlamaq əvəzinə baş nazir seçilən günün ertəsi Dağlıq Qarabağa səfər etməsi göstərir ki, o  bu kimi problemləri qulaqardına vurmağa,  Dağlıq Qarabağ problemini daha da kəskinləşdirməyə çalışır.  Bu, elə onun parlamentdəki çıxışında, eləcə də Xankəndidə verdiyi açıqlamalarda özünü aydın göstərir. Məsələn, Paşinyan deyib ki,  aparılan danışıqlarda Dağlıq Qarabağ erməniləri də tərəf kimi iştirak edəcəklər. O, həm də separatçı qurumun müstəqilliyinin tanınmasına çalışacağını da vurğulayıb. 

Amma onun bu söylədiklərini indidən ciddi qəbul etmək doğru olmazdı. Əvvəla ona görə ki, Nikol Paşinyanın bu kimi məsələlərdə kifayət qədər intellekti və bacarığı, həmçinin təcrübəsi yoxdur. Odur ki, nə danışdığını heç özü də dərk etmir. Bu isə o deməkdir ki, Nikol Paşinyan hələ də özünü Ermənistanın Respublika və yaxud digər meydanında hiss edir. O həm də Azərbaycanın Ermənistana real danışıqlar yolunu təklif etdiyini belə xatırlamaq istəmir.

 Bir də unutmayaq ki, bu yaxınlarda Ermənistanın yeni baş nazirinin Rusiyaya səfəri gözlənilir. Çox güman ki, Ermənistanın iqtisadiyyatı və təhlükəsizliyini öz əlində cəmləşdirmiş Rusiya bu səfər çərçivəsində Nikol Paşinyanın “qazını” almağa çalışacaq. Çünki onun beynəlxalq hüquqa zidd bu kimi açıqlamaları Rusiyanın da maraqlarına uyğun deyil. Nikol Paşinyanın isə öz ağasının belə maraqlarına qarşı əks addımlar atacağı inandırıcı görünmür. Digər tərəfdən də Nikol Paşinyan Ermənistanın yeni hökumətinin Rusiya ilə bütün sferalarda əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib. Əməkdaşlıq isə danışıqların nəticəsi əsasında işlək mexanizmə çevrilir.

Nikol Paşinyanın Rusiyanın maraqlarına qarşı siyasət aparması, şübhəsiz ki, rəsmi Moskvanın onu cəzalandırması ilə nəticələnə bilər. Onun  erməni xislətinə uyğun bu gedişləri həm də xalqın onun üstünə yeriməsinə şərait yaradar.

O ki qaldı, Paşinyanın daxili siyasətdə atacağı addımlara... Görünən budur ki, bu məsələdə onun manevr imkanları yoxdur. Odur ki, o, ya Rusiyadan, ya da Qərbdən pul ummalıdır. Amma bu da onun yadına düşmür. Odur ki, Amerika Erməniləri Milli Komitəsi ABŞ-ın Dövlət katibi Mayk Pompeonu Ermənistana 140 milyon dollar sədəqənin verilməsinə kömək etməyə çağırıb. Belə sədəqələrin erməni xalqının yaralarına çarə olacağını  düşünmək sadəlövhlük olardı. Başqa sözlə desək, qazan qaynamayan evdə bayram olmaz. Ermənistanın yeni baş naziri isə Azərbaycanla dil tapıb evində hər gün qazan qaynatmaq istəmir.

Daha bir incə məsələ. Ermənistanın vitse-spikeri Eduard Şarmazanov bu günlərdə ölkə mətbuatına verdiyi açıqlamasında deyib ki, onun mənsub olduğu hakim Respublikaçılar Partiyasının təmsilçiləri yeni hökumətdə vəzifələr almaq istəmirlər. O bunu Paşinyanın səriştəsizliyi ilə əlaqələndirməklə yanaşı, baş verənləri müşahidə etməklə kifayətlənəcəklərini bildirib.

Ermənistanın yeni baş nazirinin yeganə çıxış yolu  işğalçılıq siyasətindən əl çəkməklə Azərbaycanla ortaq məxrəcə gəlməsindən və münasibətləri normallaşdırmasından ibarətdir. Amma Nikol Paşinyan hələ ki, öz aləmindədir. Bütün bunlar isə Ermənistanda sosial-iqtisadi durumun daha da kəskinləşəcəyindən xəbər verir. Belə vəziyyət son anda ölkədə əhalinin maddi rifahının daha da pisləşməsinə səbəb olacaq ki, bu da xalqın yenidən küçələrə axışması, ona verdiyi vədləri xatırlatması və Nikol Paşinyanın Serj Sarkisyan kimi postundan uzaqlaşdırılması ilə nəticələnə bilər.