KÖŞƏ

Qvami Məhəbbətoğlu

Onların yuxusu hələ çox ərşə çəkiləcək

02 may 2018 23:57
3502

Ölkəmizin gündən-günə artan nüfuzundan, inkişaf edən dövlətlərin sırasında öncüllərdən olmasından, hüquqi və demokratik inkişaf yolunda qazandığı uğurlardan narahat olan qüvvələrin “meydan suladığı” bir zamanda bizim həm ölkə daxilindəki, həm də xaricdəki nadan, savadsız həmvətənlərimizin onlara havadar olmaları, dedikləri yalanlara züy tutmaları hər bir millət, Vətən təəssübkeşinin mənliyinə toxunur. Məsələn, internetdə bu və ya digər ölkələrdə yaşayan soydaşlarımızın  bu kimi məsələlərə necə sərt reaksiya verdiklərinin şahidi olmaq mümkündür. Onlar da özlərini “vətənpərvər” kimi qələmə verən Əli Kərimlinin, Cəmil Həsənlinin, Orduxan Teymurxanın, Tural Sadıqlının yollarını azdıqlarını, Vətən, millət anlayışlarının belələrinə yad olduğunu, qrantlar hesabına meydan suladıqlarını, elə  bu ünsürlərin hərəkətlərinə görə xəcalət çəkdiklərini bildirirlər. Onların söylədiklərinin ana xəttini, bir qayda olaraq, belə bir motiv təşkil edir: “Gündən-günə beynəlxalq aləmdə nüfuzu artan, öz inkişafı ilə seçilən Azərbaycanın uğurlarından danışmaq əvəzinə özünüzdən cəfəngiyyatlar quraşdırmayın. Siyasət meydanından çəkilin”.

Bu günlərdə AŞPA-nın ölkəmizlə bağlı müzakirəyə çıxardığı hesabatını yəqin ki, xatırlayırsınız. Bəri başdan deyək ki, bu hesabatla həmin qurum ölkəmizə qarşı məkr yuvasına çevrildiyini bir daha ortaya qoyub. Fərziyyə, ehtimal və gümanlar əsasında düzülüb-qoşulmuş hesabatın antiazərbaycan dairələrin, ermənipərəst qrupların hazırladıği şəksizdir. Müşahidələr göstərir ki, bu kimi “fakt”ların toplanmasında “sapı özümüzdən olan baltalar”ın da kifayət qədər rolu olub. Yəni onlar bu kimi məsələlərdə daha çox canfəşanlıq edirlər. Daha doğrusu, bu üzdəniraq həmvətənlərimiz guya ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmamasını, sərbəst toplaşmaq haqqında qanuna əməl edilməməsini, həmçinin buna oxşar uydurduqları yalanlarını Avropa qurumlarına donos ötürməklə özlərinə yeni bir “məşğuliyyət” tapıblar. Ölkəmizə qarşı nifrətlə boylanan, belə yalan bolluğuna düşən bəzi qurumlar, eləcə də bəzi əcnəbilər onlardan öz məqsədləri üçün “etibarlı mənbə” kimi istifadə edirlər. Hətta beynəlxalq qurumlarda müzakirələrə çıxarırlar. Bu isə o deməkdir ki, istər ölkə daxilindəki dağıdıcı müxalifətin nümayəndələrinə, istərsə də xarici ölkələrdə sülənənlərə donosbazlıq daha yaxşı gəlir gətirir. Elə AXCP sədri Əli Kərimlinin, “Milli Şura”ya sədrlik edən Cəmil Həsənlinin, Orduxan Teymurxanın, Tural Sadıqlının və başqalarının AŞPA-nın məlum hesabatından sonra virtual aləmdə daha şən görünmələrini də bununla izah etmək olar. Hətta Əli Kərimli AŞPA-nın hesabatındakı yalanları  özünəməxsus şəkildə ismin bütün hallarında fərəhlə hallandırdı. Amma Əli Kərimli demədi ki, balam, əgər Azərbaycan beynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün fəal siyasi və iqtisadi qruplardan, sağlam düşüncəli nüfuzlu şəxslərdən istifadə edirsə, bunun nəyi pisdir? Yaxud da özünü siyasətçi kimi təqdim edən dağıdıcı müxalifətin bu nümayəndəsi hələ də dərk etmək istəmir ki, AŞPA-da belə yalanları dəstəkləyənlər ancaq və ancaq müxalifət ritorikası üzrə  ixtisaslaşanlardır. Halbuki artıq bunu hər kəs dərk edir.

Orduxan Teymurxan, Tural Sadıqlı da tutuquşu kimi Əli Kərimlinin dediklərini təsdiqlədilər və öz donosbazlıqlarının bəhər verdiyindən məmnun qaldılar. Burada Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözlərini xatırlatmaq yerinə düşərdi: “Biz xarici antiazərbaycan dairələrin məqsədlərini başa düşürük, ancaq Azərbaycandan olan və bu kampaniyalara dəstək verənləri, o qarayaxmalarda yer alanları anlaya bilmirik”. Bəli, doğrudan da belələrini başa düşmək mümkün deyil.

Şübhəsiz ki, bəzi xarici dairələr “sapı özümüzdən olan baltalar”ın xidmətlərindən bu formada yararlanmaqla daha geniş miqyasda Azərbaycanımızı gözdən salacaq ictimai narazılıq formalaşdırmağa can atırlar. Amma ortada olan fakt budur ki, ictimaiyyət belələrini əsla dəstəkləmir və dəstəkləmək fikri də yoxdur. Hətta yaxınları, qohumları belə onlara qarşı çıxır, onların iç üzlərini açırlar.

Təbii ki, bütün bunlar antiazərbaycan qüvvələrin yuxusunu ərşə çəkir. Görünən budur ki, Azərbaycanın əldə etdiyi və bundan sonra qazanacaq uğurları onları hələ çox yuxusuz qoyacaq.