KÖŞƏ

Qvami Məhəbbətoğlu

Başını itirmiş Ermənistanın başçısı kim olacaq?

27 aprel 2018 22:58
3208

Ermənistanda müxalifətin etriraz aksiyaları səngimək bilmir. Ölkəni fəlakətə sürükləmiş baş nazir Serj Sarkisyanı postundan uzaqlaşdıranlar indi də onun təmsil olunduğu Respublika Partiyasından hazırda baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanın baş nazir postuna namizədliyinin qatı əleyhinə çıxışlar edirlər. Aksiyaçıların bir namizədi var ki, o da onlara etiraz aksiyalarında rəhbərlək edən parlamentin deputatı Nikol Paşinyandır. Az vaxtda erməni xalqının etimadını qazanmış Nikol Paşinyan da bu postda gözü olduğunu inkar etmir. Necə deyərlər, o, fürsəti əldən vermək istəmir, öz zəhmətinin bəhrəsini görmək niyyətindədir. Hətta “problem mənim baş nazir olmağımda deyil, qeyri-demokratik sistemi aradan qaldırmaqdadır” deyən Paşinyan  Ermənistanı culğulayan problemlərin həllində kimsəyə güvənmir. Üstəlik, ərz edib ki, ya mən baş nazir seçilməliyəm, ya da Ermənistanda, ümumiyyətlə, baş nazir olmayacaq.

Erməni mətbuatında Paşinyanın baş nazir postuna yiyələnməsi məqsədi ilə Levon Ter-Petrosyan, Robert Koçaryan və Boko Saakyanla razılağı gəlməsini özündə əks etdirən məlumatlar da yayılıb. Bu isə o deməkdir ki, bu köhnə qurdlarPaşinyandan öz niyyətləri üçün istifadə etmək istəyirlər. Paşinyanın bu daşnak təbiətlilərdən birinə çevrilib-cevrilməcəyini bəri başdan ərz etmək mümkün olmasa da, bir məsələni vurğulamaq olar ki, o, xalqın iradəsinə qarşı çıxmağa cəsarət etməyəcək və Qarabağ probleminin danışıqlar yolu ilə həllinə üstünlük verəcək. Çünki xalqın arasında olan Paşinyan yaxşı dərk edir ki,  erməni xalqı artıq bu müharibənin onlara bəxş etdiyi müsibətlərdən, matəmlərdən, həm də təcavüzkar siyasətin qurbanlarından bezib. Əks halda, Ermənistan onun simasında da Azərbaycanın həyata keçirdiyi uğurlu beynəlxalq layihələrdən yenə kənarda qalacaq, yoxsulluq içində çabalayan erməni xalqı yeni səfalətlərə düçar olacaq, ölkə korrupsiya məngənəsindən xilas ola bilməyəcək. Bu mənada erməni xalqı üçün Ermənistanın bütün yolları Qarabağ iddialarından əl çəkməsindən keçir. Ermənistan xalqının bu yoldan keçəcəyinə şübhə yoxdur.

Amma Paşinyan baş nazir ola biləcəkmi? O, hazırda baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla, yaxud irəli sürüləcək digər namizədlərlə bu seçim mübarizəsindən qalib çıxa biləcəkmi?  Bu sualı əbəs yerə vermədik. Çünki  Ermənistanın mövcud qanunlarına əsasən, parlament iclasında  seçilmək üçün 53 deputatın səsi tələb olunur.  Hakim Respublika Partiyasının isə hazırkı parlamentdə 58 mandatı var. Eyni zamanda hakim partiya Paşinyana: “Xalq sənin arxanca deyil, Sarkisyana qarşı getdi” deməklə Serj Sarkisyanın baş nazir kimi artıq vəzifəsindən uzaqlaşdırıldığını və bununla da Paşinyan “era”sının başa çatdığını da arqument gətirə bilər.

Digər tərəfdən, Ermənistanın tanınmış rəsmiləri, o cümlədən xarici işlər naziri Edvard Nalbaldyan hakimiyyəti öz əllərində saxlamaq məqsədi ilə  Kremllə danışıqlar aparır və ölkələrində yaranmış vəziyyətdən çıxış yolu kimi Rusiyanın təsir rıcaqlarından istifadə etməyə çalışırlar. Rusiya isə “Biz bunun Ermənistanın daxili işi olduğunu düşünürük. Ümid edirik ki, Ermənistanda vəziyyət tez bir zamanda konstitusiya çərçivəsində öz həllini tapacaq” deməklə hələ ki, özünü sakit aparır. Bunu da tufanqabağı sakitlik kimi dəyərləndirmək olar.

Dediklərimizdən belə qənaətə gəlmək olar ki, may ayının 1-də Ermənistan parlamentinin ölkənin yeni baş nazirini seçmək məqsədi ilə keçirəcəyi xüsusi iclasda Paşinyanın baş nazir postundan kənarda qalması istisna deyil. Karapetyanın seçiləcəyi təqdirdə isə onun Serj Sarkisyanın “adət-ənənəsini” davam etdirəcəyi heç kimə sirr deyil. Karen Karapetyanın bu posta gətirilməsi elə Serj Sarkisyanın baş nazirliyini davam etdirməsi kimi bir şey olacaq. Çünki Karapetyan da  Serj Sarkisyanın  fikir ortağıdır. Ermənistanda söz sahibi olmayan yeni prezident Armen Sarkisyandan isə söz açmağa dəyməz. Yeri gəlmişkən, onu da qeyd edək ki, son islahatlardan sonra prezidentdən söz düşəndə belə deyirlər: Ermənistan prezidentinin səlahiyyətləri o qədər azdır ki, ölkədə hər hansı bir icmanın başçısı olmaq, prezident olmaqdan yaxşıdır. Bir sözlə, hakimiyyət yenidən qurdların əlində cəmləşsə, Ermənistan növbəti dəfə də daşnakların icarəsinə verilmş ərazi olaraq qalacaq.  Elə bu da Ermənistanda növbəti aksiyalara rəvac verə bilər. Bu mənada Ermənistanın hələ bir müddət başsız qalacağı şübhə doğurmur.

Qvami Məhəbbətoğlu