KÖŞƏ

Qvami Məhəbbətoğlu

Qurtaran dahi odur yurdumuzu...

14 iyun 2018 23:41
4147

Qurtuluş... Xilas, nicat, azadlıq anlamında olan bu kəlam məhz ulu öndər Heydər Əliyevin sayəsində ümumişlək, yəni mənası hamı tərəfindən başa düşülən bir sözə çevrildi. Ümumilli Lider buna xalqımıza qurtuluş yolunu göstərməklə nail oldu. Elə bir qurtuluş yolu ki,  həmin yolla gedən ölkəmiz sonradan xarüqələr yaratdı. Ən əsası isə Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etdi. Elə buna görə də xalqımız tarixinin dönüş nöqtəsi olan həmin günü  əbədiləşdirdi və təqviminə qızıl hərflərlə yazdı.  Bununla da 1993-cü il iyunun 15-i, yəni ulu öndər Heydər Əliyevin xalqımızın mütləq əksəriyyətinin tələbi və təkidi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bundan 4 il sonra isə Milli Məclis 1997-ci ilin həmin gününü bayram kimi rəsmiləşdirdi.

Ulu öndər Heydər Əliyevin öz doğma el-obası, Vətəni qarşısında danılmaz tarixi xidmətləri bir deyil, beş deyil... Onun Vətən, millət naminə gördüyü işləri saymaqla qurtarmaz. Bu qurtuluş isə onun fəaliyyətinin pik nöqtəsini təşkil edir desək, yanılmarıq.

Əslində Ulu Öndər hələ Naxçıvana rəhbərlik edərkən bütün Azərbaycanın qurtuluş mübarizəsinə başlamışdı. Yəni onda erməni daşnaklarının keçmiş sovet ordusuna məxsus hərbi hissələrlə birləşərək mühasirəyə aldığı Naxçıvana öz misilsiz siyasi dühası və müdrikliyi ilə Ümummilli  Lider yeni nəfəs vermışdi. Ona görə də xalq Ulu Öndərə pənah apardı, istədi ki, ümummilli lider Heydər Əliyev bütövlükdə Azərbaycana nicat, qurtuluş gətirsin.

...Ulu Öndər  4 iyun qiyamını yatırmaqla Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı, bununla möhtəşəm qurtuluşun əsasını qoydu. Bu qurtuluş digərlərinə də vəsilə oldu: 1994-cü ilin mayında Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu, ölkəmiz beynəlxalq təşkilatlara üzv qəbul edildi. “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı ki, bu da sonrakı illərdə Azərbaycanın inkişaf simvoluna çevrildi.

Bütün bu qurtuluşlar, o cümlədən “Əsrin müqaviləsi” adlı nəhəng neft sazişinin imzalanması bəzi  qüvvələri ciddi şəkildə narahat etməyə başladı. Odur ki, onlar 1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə cəhd etdilər. Onlar elə güman edirdilər ki, hədələrinin, təhdidlərinin müqabilində Heydər Əliyev  özündən əvvəlki dövlət başçıları kimi siyasi mübarizədən kənara çəkiləcək. Amma o, çəkilmədi. “Birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram” deyən Ümummilli Lider yenə ömrü boyu rifahı üçün çalışdıği xalqına müraciət etdi. Xalq öz liderinin səsinə səs verdi. 

Bəli, qurtuluş təkcə Azərbaycanın müasir tarixinin  keçmişi deyil, eyni zamanda, bugünkü reallıqlarımız, ölkədə mövcud olan sabitlik, əmin-amanlıq, vətəndaşların əhval-ruhiyyəsidir. Ona görə də tanınmış siyasətçilərimiz 15 iyunu xalqımızın fəlakətlərdən qurtulub, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi dəyərləndirirlər. Məhz həmin qurtuluş sayəsinda iqtisadi və siyasi sahədə aparıcı bir dövlətə çevrilən Azərbaycan Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirən cənab Prezident İlham Əliyevin sayəsində öz müstəqilliyi yolunda mətin addımlarla irəliləyir. Prezident İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, bu gün respublikamızın adı bir sıra beynəlxalq layihələr, həmçinin iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələri  ilə birgə çəkilir.

Nə qədər çətin olsa da, bir anlıq özümüzə belə bir sual verək: ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, nələr baş verərdi? Zənnimizcə, bu suala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş tədbirlərini birində çıxışı  zamanı Prezident İlham Əliyev daha səlist cavab verib: “Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi”.

Bu yazını tamamlayarkən tanınmış şair, dramaturq Hüseyn Cavidin:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü - misraları yadıma düşdü. Bu da səbəbsiz deyil. Çünki  Ulu Öndər həm vətəndaş müharibəsinin qarşısını almaqla, həm də bir sıra təxirəsalınmaz addımlar atmaqla Yer kürəsinin bir parçası olan Azərbaycanı çox bəlalardan, təhlükələrdən xilas etdi. Bu mənada  tam cəsarətlə demək olar ki, qurtaran dahi odur yurdumuzu...