KÖŞƏ

Cavid Əkbərov

AŞPA-nın demokratiyadan danışması absurddur

01 may 2018 23:27
3661

Bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlar siyasəti davam etməkdədir. Sözügedən təşkilatlarda təmsil olunan antiazərbaycan qüvvələr ölkəmizlə bağlı hazırlanan hesabatlarda şər-böhtan, yalan və qərəzli məlumatlar yerləşdirirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının aprelin 26-da keçirilən iclasında gündəliyə qurumun daxilində korrupsiya hallarının olması barədə məsələnin salınması və hazırlanan hesabatda Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatların əksini tapması birmənalı qarşılanmayıb.

Ermənistanda vəziyyətin qarışdığı bir məqamda AŞPA-nın diqqəti işğalçı ölkədən yayındırmaq üçün Azərbaycanı hədəf seçməsi onların qərəzindən, qeyri-obyektiv və məqsədli yanaşmalarından xəbər verir. Həqiqətən də hakimiyyətin xalqa qarşı zorakılıqlara yol verdiyi, insan hüquqları və azadlıqlarının kütləvi pozulduğu Ermənistanın bu gün AŞPA-da ayrıca müzakirə mövzusuna çevrilməməsinin səbəbləri çox şübhəlidir. Sabitliyin hökm sürdüyü ölkəmizlə bağlı belə bir qərəzli hesabatın hazırlanması antiazərbaycan, islamofob və ermənipərəst qrupların oyunu kimi diqqət çəkir. Ümumiyyətlə, bu hesabatın arxasında islamofob, antiazərbaycan qüvvələrin dayandığı aşkar görünür.

Təbii ki, AŞPA-nın Azərbaycanın əleyhinə qəbul etdiyi qərəzli qətnamənin qurumdakı antiazərbaycan, ermənipərəst və islamofob dairələrin təsiri altında meydana çıxması ilə ekspertlər də razılaşırlar. Danılmaz faktdır ki, ermənipərəst və islamofob dairələr güclənən Azərbaycanı qısqanclıqla qarşılayırlar. AŞPA-da Azərbaycanla bağlı müzakirə olunan son məsələlər də bir daha bunu sübut edir.

Azərbaycan öz inkişaf yolu ilə inamla irəliləyir. 11 aprel prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsi və orada keçirilən görüşlər ölkəmizin uğurlarından xəbər verir. Eyni zamanda, cənab Prezident İlham Əliyevin London səfərində Azərbaycan üçün vacib, əhəmiyyətli məsələlərin müzakirə olunması onu deməyə əsas verir ki, ölkəmizin uğurları daha da artmaqdadır. Təəssüf ki, beynəlxalq təşkilatların hesabatları reallığı əks etdirmir. İstər ATƏT, istərsə də AŞPA uğurla inkişaf edən dövlətlərin mövqeyindən çıxış etməlidirlər. Ancaq həmin təşkilatlar Azərbaycana qarşı bir çox hallarda öz mövqelərindən çıxış edirlər. Bu, bir daha onu göstərir ki, beynəlxalq qurumlar real dünyanı əks etdirən məsələlərlə məşğul deyillər. Bu baxımdan cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, bir sıra beynəlxalq təşkilatların daxilində islahatlar aparılmalıdır. Həmin islahatlar aparılmayana qədər, onların özləri demokratikləşməyənə qədər hansısa təşkilatın, qurumun demokratiya haqqında danışması absurddur. AŞPA da bu sıraya daxildir.