KÖŞƏ

Taleh Turqut

Ermənistanın maskası yırtılır

11 may 2017 23:12
2110

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rusiyalı həmkarlarının iştirakı ilə aprelin 28-də Moskvada keçirilən görüşündən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çağırışlar intensivləşib. Maraqlı cəhətlərdən biri bu tendensiyanın həm ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-da, həm də eyni statuslu və daha çox Ermənistanın müdafiəçisi kimi təqdim edilən Rusiyada baş verməsidir.

Xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiyada nəşr edilən nüfuzlu “Nezavisimaya qazeta”da həmin ölkənin İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyevin “Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır” sərlövhəli məqaləsi həm Azərbaycanda, həm də Ermənistan və Rusiyada geniş müzakirələrə səbəb oldu. Siyasi elmlər üzrə mütəxəssis sözügedən məqaləsində nəhəng Sovet İttifaqının dağılmasının başlıca səbəblərindən biri kimi 1987-ci ildə ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddialarının və bu iddialar əsasında qızışan milli münaqişələrin olduğunu göstərir. Müəllif bu hadisələrdən dərs götürməyin və Rusiyanın özünün gələcəyi üçün regionda ədalətli mövqe tutmalı olduğunun vacibliyini irəli sürür.

Təqribən eyni mahiyyət kəsb edən digər bir mütəxəssis məqaləsi isə bir neçə gün əvvəl ABŞ-da nəşr olunan “Washington Examiner”də dərc edilib. Məqalənin müəllifi Begin-Sadat Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murinson beynəlxalq erməni lobbisinin dünya, o cümlədən ABŞ-ın milli maraqları üçün təhlükə mənbəyinə çevrildiyini vurğulayıb. Müəllif fikirlərini əsaslandıraraq vurğulayır ki, buna görə də Amerika rəhbərliyi ölkə daxilindəki erməni lobbisini məhv etməli, Ermənistana göstərilən maliyyə yardımını dayandırmalıdır və ABŞ-ın strateji tərəfdaşı olan Azərbaycanla daha ədalətli davranmalıdır.

Hər iki məqalə ilk baxışdan adi görünsə də onların fərqli qütblərdə, eyni dövrdə, həm də siyasətlə məşğul olan şəxslər tərəfindən deyil, siyasi ekspertlər tərəfindən ortaya qoyulması diqqətçəkəndir. Ekspertlər regionda və dünyada baş verən son proseslərdən çıxış edərək hesab edirlər ki, bu, bəzi həqiqətlərin gec də olsa, müəyyən dairələrdə dərk edilməsinin təzahürüdür. Dünya ictimai fikri ermənilərin bezdirici, dağıdıcı və ən əsası ədalətsiz iddialarının iç üzünü anlamağa başlayıb. Siyasi ekspertlər anlayırlar ki, erməniliyin maraqlarının müdafiə edilməsi bir sıra ölkələrin milli maraqlarına zidd olmaqla yanaşı, regionda ədalətsizliyin təzahür etməsinə, münaqişələrin sonsuzluğa qədər uzanmasına və dağıdıcı ziddiyyətlərin meydana çıxmasına rəvac verir. Görünən odur ki, beynəlxalq siyasi ekspertlər Ermənistanın münaqişəni törədən tərəf kimi region üçün təhlükə olduğunu hiss edirlər və bu, həm də Azərbaycanın siyasi rəhbərliyinin beynəlxalq müstəvidə uzun illərdən bəri apardığı gərgin fəaliyyət nəticəsində dərk edilməyə başlanmışdır.

Yuxarıda qeyd edilən müzakirələr fonunda amerikalı həmsədr Riçard Hoqlandın da münaqişə ilə bağlı son açıqlaması diqqəti cəlb edir. R.Hoqland təmas xəttində hərbi əməliyyatların başlanması ehtimalının narahatedici olduğunu bildirməklə yanaşı xüsusi vurğulayıb ki, münaqişənin tezliklə və yekun həlli üçün ən yüksək səviyyədə danışıqların aparılmasının vaxtı çatıb. Həmsədr onu da deyib ki, ABŞ münaqişənin həllində daha fəal rol oynamaq niyyətindədir.

Ermənistan hər vəchlə münaqişənin həllini uzatmaq niyyətindən əl çəkmək istəməsə də bunun sonsuzadək davam edə bilməyəcəyini başa düşür. Düşmən ölkə yenidən müharibə olacağı təqdirdə güclü Azərbaycanın qarşısında duruş gətirə bilməyəcəyini də yaxşı anlayır. Bu baxımdan həm regionda, həm də beynəlxalq müstəvidə problemlə bağlı Ermənistan üçün pessimist notların artması ölkədə ciddi narahatlıq yaradıb. Elə bu narahatlığın təsirindəndir ki, indi Ermənistanda bir sıra yüksək rütbəli hərbçilər tərəfindən guya hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbaycana dağıdıcı zərbələr vurulacağı barədə sərsəmləmələrin sayı çoxalıb. Hətta birləşmiş Rusiya-Ermənistan hərbi qüvvələrinin komandanı, general Manukyan Dağlıq Qarabağdakı hərbi toqquşmalarda bu birləşmələrdən istifadə ediləcəyini bildirib.

Lakin elə Rusiyadan gələn açıqlamalar ermənilərin bu sayıqlamalarının real olmadığını ifşa edir. Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Ermənistan mətbuatına müsahibəsində bildirib ki, Rusiya Dağlıq Qarabağda baş verəcək mümkün müharibəyə müdaxilə edə bilməz və etməyəcək: “Bu, nə qədər paradoksal görünsə də, hətta Ermənistan belə Qarabağın müstəqilliyini tanımayıb. Əgər müharibə Ermənistan ərazisinə müdaxiləyə səbəb olmasa, o zaman Rusiya Qarabağ savaşına müdaxilə etməyəcək”.

Qeyd edək ki, belə bəyanatlar vaxtaşırı Rusiyanın müxtəlif rəsmi şəxsləri tərəfindən də səsləndirilib.

Görünən odur ki, münaqişənin həlli pros

esində zahirən nisbi durğunluq hiss edilsə də Ermənistanda anlayırlar ki, bu, müvəqqəti xarakter daşıyır və Azərbaycan tezliklə hansı yolla olursa-olsun torpaqlarını azad etmək məqsədilə fəaliyyətini bir an da dayandırmır. Bunun beynəlxalq təsirləri artıq hiss olunmaqdadır.