KÖŞƏ

Taleh Turqut

Ermənistana xilas yolu göstərilib: işğaldan əl çək

01 noyabr 2018 23:46
3023

ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şaffer (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə növbəti səfər ediblər. Xankəndidə Dağlıq Qarabağ separatçılarının rəhbərləri Bako Saakyan və Levon Mnatsakanyanla görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki son vəziyyət müzakirə edilib.

ATƏT-n nümayəndə heyəti İrəvanda da olub və Bakıda da görüşlərin keçiriləcəyi planlaşdırılıb.

İlk baxışdan bu, Minsk qrupunun ənənəvi səfərlərindən biridir. Lakin səfərin vaxtı və heyətin tərkibi bəzi fərqlərin olduğunu düşünməyə əsas verir.

Səfərin ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin məlum açıqlamaları, Prezident D. Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bölgəyə səfərindən sonra və Ermənistanda ciddi dəyişikliklərin gözləntisi olan parlament seçkiləri öncəsi baş verməsi, həm də rusiyalı həmsədrin nümayəndə heyətinin tərkibində olmaması müəyyən qənaətlər ortaya çıxarır.

Siyasi ekspertlər Qərbin, o cümlədən ABŞ-ın bölgədə fəallığını artırmaqda qərarlı olduğu, bu məqsədlə də region üçün əsas təhlükə mənbəyi hesab edilən Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsinə çalışdığı fikrindədirlər. Ümumiyyətlə, Ermənistanda bu ilin dekabr ayında keçiriləcək seçkilərdən sonra münaqişənin həllində qəti addımların atılacağı fikri hakimdir. Baxmayaraq ki, Nikol Paşinyan hələ də münaqişə ilə bağlı qərəzli, aqressiv və ziddiyyətli bəyanatlar səsləndirir, analitiklər bunu seçki kampaniyası ilə əlaqələndirirlər. Paşinyan hakimiyyətini möhkəmləndirməyənədək populyarlığını itirmək istəmir.

Lakin hər bir halda Qərb Ermənistanın qarşısında bir tələb qoyub: inkişaf etmək, böhrandan xilas olmaq istəyirsənsə, əraziləri qaytarmalısan. Bu fikirləri C. Bolton İərəvanda olarkən açıq şəkildə söyləmişdi. Məlumdur ki, Ermənistandakı sosial-iqtisadi böhranın əsas səbəbi Dağlıq Qarabağ konfliktinin həll edilməməsidir. Münaqişə həll edilmədikcə Ermənistana investisiya qoyuluşu mümkün deyil, xüsusilə Qərbin Ermənistanla iqtisadi əlaqələrinin inkişafı real deyil. Bu, həm də Ermənistan iqtisadiyyatının tamamilə Rusiyanın nəzarətində olması ilə bağlıdır.

Qərbdə hesab edirlər ki, Ermənistanı Rusiyanın forpostluğundan xilas etməyin məqamı çatıb. Lakin bu halda regionun əsas aparıcı dövləti kimi Azərbaycanın da maraqları təmin edilməlidir: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir. Əks halda bölgədə müharibə riski hər zaman aktualdır. Azərbaycan son dövrlərdə status-kvonun saxlanmasına artıq dözümsüzlük nümayiş etdirir və hər zaman ərazilərini hərbi yolla azad etməyə hazır olduğunu bəyan edir. Bu isə həm Ermənistanın məhvi, həm də bölgədə hərbi toqquşmaların genişlənməsinə gətirib çıxara bilər.

Yeri gəlmişkən, Ermənistan cəmiyyətində Azərbaycan Ordusunun son uğurlu əməliyyatlarından sonra böyük qorxu və təşviş hissləri qalmaqdadır. Ermənilər müharibənin başlayacağı təqdirdə etibarlı müdafiədən məhrum olduqlarını anlayırlar. Buna görə də hökuməti kəskin tənqid edirlər.

Naxçıvan Muxtar Respublikası ərazisində Günnüt kəndi və ətraf ərazilərin uğurlu hərbi əməliyyatlar nəticəsində azad edilməsi hələ də Ermənistan vətəndaşlarını narahat edir. Həmin ərazidə yerləşən Ermənistanın Zankakatun kəndinin sakinləri bununla bağlı hətta mətbuat konfransı keçiriblər. Baxmayaraq ki, Ermənistan mətbuatı bu faktı gizlətməyə çalışıb və geniş işıqlandırmayıb, mətbuat kohfransında iştirak edən cəmi üç jurnalist sakinlərin narahatlıqlarını ictimaiyyətə çatdıra biliblər. Sakinlər bildiriblər ki, kənd əmin-amanlıq şəraitində yaşayırdı, heç bir gərginlik yox idi: “Ermənistan ordusunun mövqeləri əldən çıxdıqdan sonra, bu barədə keç kim izahat vermir. Kənd və ətraf yaşayış məntəqələri gərginlik içərisindədir. Bu mövqelərin düşmən əlinə necə keçdiyinə qeyri-müəyyən cavablar verilir”.

Keçmiş döyüşçü Jora Mkrtiçyan isə bildirib ki, ölkə rəhbərliyindən heç kim bu barədə izahat vermir: “Zankakatun istiqaməti qaynar nöqtəyə çevrilib. Bir vaxt müdafiə naziri də gəldi, vəziyyətlə tanış oldu, dedi ki, narahat olmayın, qorxmayın və çıxdı getdi”.

Bu fakt Ermənistan cəmiyyətinin müharibədən, o cümlədən Azərbaycanın hərbi gücündən necə qorxduğunun bir nümunəsidir. Ermənistan rəhbərliyi öz xalqını bu qorxudan xilas etməkdə gecikməməlidir.