KÖŞƏ

Taleh Turqut

Xəstə təxəyyüllər müalicə olunmur...

10 mart 2018 00:33
3474

Yaxud “Qozbeli qəbir düzəldər”

Radikal müxalifət rəhbərlərinin hansısa normal bir siyasi hadisə ilə gündəmə gəlməsi ənənəsi artıq çoxdan unudulub. Siyasi səhnədən əriyib yox olan, xalq arasında bütün dəstəyini itirən radikallar son illərdə yalnız iki halda medianın gündəminə gəlməyi bacarırlar: ya təmsil etdikləri siyasi təşkilatda ciddi qalmaqallar və ittihamlarla müşayiət edilən parçalanmalar, ya da müxalifətdə liderlik uğrunda aparılan daxili mübarizələrdən törəyən kampaniyalarla. Təbii ki, bu mübarizə də ənənəvi olaraq özünü “əsas müxalifət lideri” hesab edən iki siyasətçi arasında gedir: İsa Qəmbər və Əli Kərimli.

Adları çəkilənlərin hər ikisi siyasi məqsədləri naminə istənilən məsələdən sui-istifadə etməkdə olduqca mahirdirlər və “uğura aparan bütün vasitələr məqbuldur” prinsipindən hər zaman istifadə edirlər. Fərqi yoxdur, bu, siyasi hadisədir, ya da şəxsi və ya faciəvi hadisədir.

Bir neçə il əvvəl Müsavat Partiyasının sədrliyindən uzaqlaşan İsa Qəmbər siyasətdən getmək istəsə də intriqabazlığı və qərəzlilik xəsətliyi ucbatından meydandan tamamilə çəkilə bilmədi. Xəstəlik demişkən, adı çəkilən siyasətçilər siyasi mübarizədə təbiətin normal hadisələri olan xəstəlikdən, ölümdən belə siyasi şou yaratmaq məqsədilə istifadə etməkdən çəkinmirlər.

Bir müddətdir ki, partiyasından rəsmi olsa da uzaqlaşıb Milli Düşüncə Mərkəzini yaradan İsa Qəmbərin xəstələnməsi medainın gündəmini zəbt edib. Əlbəttə, bu, təbii hadisədir. Hər bir insanın sağlamlığı pozula bilər, hər kəs xəstələnə bilər və kimliyindən asılı olmayaraq belə hallara qarşı insanlar hər zaman mərhəmət və hörmət hissi ilə yanaşmağa çalışırlar. Bu baxımdan İ. Qəmbərin də səhhətində yaranan problemlər heç kim tərəfindən siyasi mənada istifadə edilə bilməz və siyasi mübarizənin motivi ola bilməz. Hətta bununla bağlı mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siavuş Novruzov bildirmişdi ki, Azərbaycanın digər vətəndaşları kimi, iqtidar İsa Qəmbərin də səhhətinin pozulmasından narahatdır və ehtiyac yaranarsa, hökumət ona köməklik edə bilər.

Lakin sonrakı hadisələr göstərdi ki, nə İ. Qəmbərin mənsub olduğu Müsavat Partiyasının, nə də AXCP sədri Əli Kərimlinin belə insani hadisələrə də münasibətləri şəxsi siyasi maraq çərçivəsindən kənara çıxa bilmir. Onlar üçün fərqi yoxdur rəqib xəstələnib və ya sağlamlığı üçün təhlükə yaranıb.

Beləliklə, hər iki cəbhənin təmsilçiləri İ. Qəmbərin xəstəliyi üzərindən də siyasi şou yaratmaq şakərlərindən əl çəkmədilər. Neçə illərdir barışmaz rəqiblərə çevrilən AXCP-çilər və müsavatçılar bu mövzu üzərindən də sosial şəbəkələrdə “müzakirələr” açdılar. AXCP və “Milli Şura”nın tərəfdarları aşkar şəkildə İ. Qəmbərin xəstəliyindən keçirdikləri sevinc hissini nümayiş etdirməkdən çəkinmədilər. Onların qənaətinə görə, bu ağır xəstəlikdən sonra İ. Qəmbər siyasətdən getməyə məcbur olacaq və Ə. Kərimlinin əsas rəqibi sıradan çıxacaq. Beləliklə, “ana müxalifət” funksiyasını Ə. Kərimli kimsə ilə bölüşmək məcburiyyətində qalmayacaq.

Digər tərəfdən, yayılan məlumatlara görə, elə İ. Qəmbərin öz tərəfdarları da onun xəstəliyindən siyasi şou yaratmaqda maraqlıdırlar. Beyninə qan sızdığı və hazırda Türkiyənin Hacattəpə xəstəxanasında müalicə aldığı deyilən İ. Qəmbərin vəziyyətinin əslində o qədər də ağır olmadığı bildirilir. Lakin onun özünün ətrafından sızdırılan məlimatlara görə, İsa Qəmbər vəziyyətinin guya ağır olması barədə rəy formalaşdıraraq Azərbaycandan birdəfəlik getmək üçün zəmin yaratmaq niyyətindədir.

Əlbəttə, kimliyindən asılı olmayaraq hər bir insanın xəstələnməsi yaxşı hal deyil. Buna sevinmək də insanlıqdan deyil. Lakin radikal müxalifət düşərgəsində gedən proseslər göstərir ki, onların əslində beyinləri, əqidələri və mənəviyyatları xəstədir. Bu xəsətliyin isə müalicəsi yoxdur. El məsəlində deyildiyi ki: “Qozbeli qəbir düzəldər”.