KÖŞƏ

Taleh Turqut

“Off-sayd”da oynayan Sarkisyan və fərari futbolçular

07 fevral 2018 00:30
2863

Prezident və baş nazir seçkiləri ərəfəsində Ermənistanda xaotik hadisələr cərəyan etməkdədir. Bu, həm ölkənin siyasi sistemində, həm də bütövlükdə cəmiyyətin həyatında hiss edilməkdədir. Ermənistan cəmiyyətini daha çox gərgin vəziyyətdə saxlayan əsas amil isə Dağlıq Qarabağ münaqişəsi səbəbindən yaranmış situasiyadır. Ermənilər həm Azərbaycanın hərbi üstünlüyü qarşısında acizlikləri ucbatından, həm də S. Sarkisyan rejiminin kriminal əməlləri səbəbindən orduda yaranmış vəziyyətdən ciddi narahatlıq keçirirlər.

Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutunyan “News.am” saytına açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun taktiki silah baxımından Ermənistandan üstün olması şübhəsizdir. O, bilidirib ki, Azərbaycan Ordusu bütün cəhətlərinə görə üstündür və daha çox müasir silahlarla təchiz edilib. Bu və buna bənzər fikirlərə indi Ermənistan ictimai fikrində tez-tez təsadüf edilir. Elə buna görədir ki, erməni gəncləri orduda xidmət etməkdən ən müxtəlif bəhanələrlə yayınmağa çalışırlar. Bunun bir səbəbi Ermənistan ordusundakı nizam-intizamsızlıq, dözülməz şəraitdirsə, digər səbəbi isə güclü Azərbaycan əsgərinin yaratdığı təşviş və mənasız yerə ölmək qorxusudur. Hətta vəziyyət o dərəcədə ağırlaşıb ki, Dağlıq Qarabağ ərazisində xidmət edən Ermənistan gəncləri intihar etməyi belə buradan üstün tuturlar.

Lalkin erməni gənclərin heç də hamısı xilas yolunu intiharda axtarmır. Maddi imkanı və digər fürsəti olanlar ölkədən qaçmağı və vətənlərinə arxa çevirməyi də sınaqdan keçirirlər. Ermənistanın gənc futbolçularından olan Ovik Nersisyanın etdiyi kimi...

O. Nersisyan nümayişkaranə formada hərbi xidmətdən yayınmaq üçün İngiltərədən siyasi sığınacaq almaq istədiyini bilidirib. İngiltərənin regional “Shropshire star” nəşrinə açıqlamasında erməni futbolçu bildirib ki, o, Qarabağda hərbi xidmət keçmək və müharibədə ölmək istəmir. İngiltərənin Şimal-Qərb Liqasında çıxış edən 23 yaşlı futbolçu öz ölkəsində həyatının təhlükədə olduğunu və axtarışa verildiyini bildirib: “Qayıtsam, həbs ediləcəyəm. Daha sonra hərbi xidmətə aparılacağam və həyatım təhlükədə olacaq. İki il öncə hərbi xidmətdən möhlət hüququ verilmişdi. İndi isə futbolçu olmağımın onlar üçün əhəmiyyəti yoxdur. Hakimiyyət hamını döyüşə göndərir. Azərbaycan mətbuatından oxumuşam ki, Ermənistan əsgərləri hər gün ölürlər. Şropşirdə təhlükəsiz şəraitdəyəm və burada yaşamaqdan xoşum gəlir. Məhkəmənin ədalətli qərar çıxaracağına ümidvaram”.

Yuxarıda qeyd edilən nümunə yalnız bir faktdır. Ermənistanda minlərlə belə hal mövcuddur. Bir müddət əvvəl yerli mətbuatın yazdığına görə ölkədə ordudan yayınan on mindən çox çağırışçı haqqında cinayət işi açılıb. Görünən odur ki, Ermənistan cəmiyyəti kriminal “Qarabağ klanı”nın avtoritar idarəçilik sistemindən və mənasız işğalçılıq siyasətindən cana doyub.

Yaxın günlərdə keçiriləcək prezidenti seçkilərində özünün qalib gələcəyini indidən qarantiya edən hakim Respublikaçılar Partiyasının namizədi olmağa hazırlaşan Armen Sarkisyan isə indidən inaqurasiya mərasiminə hazırlaşır və artıq qonaqlarını da müəyyənləşdirib. Lakin yeni prezidentin hansı vətəndaşa rəhbərlik edəcəyi məsələsi qaranlıq qalır. Çünki bir az da belə davam etsə, ölkədə idarə etməyə heç kim qalmayacaq.