KÖŞƏ

Taleh Turqut

Təklənmiş Ermənistan, satqın Sarkisyan, acından ölən Stella

30 yanvar 2018 00:34
3195

Bir sıra ekspertlər 2018-ci ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından əhəmiyyətli il olacağını vurğulayırlar. Onlar hesab edirlər ki, zahirən passiv görünsə də əslində, prosesin daxilində cərəyan edənlər bu qənaətə gəlməyə məntiqi əsas verir.

Qeyd edək ki, son dövrlərdə münaqişə ilə bilavasitə bağlılığı olan və olmayan bəzi nüansların müşahidəsi ekspertlərin yuxarıdakı qənaətinin doğruluğuna zəmin yaradır.

Əvvəla, onu vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi “hücum siyasəti” strategiyası özünün müsbət nəticələrini verməkdədir. İndi əvvəlki illərdən fərqli olaraq beynəlxalq müstəvidə Azərbaycanın güclü və hücum edən tərəf, Ermənistanın isə müdafiəsiz zəif tərəf olması aşkar müşahidə olunmaqdadır. Burada 2016-cı ilin aprel ayında baş verən “dördgünlük müharibə” zamanı Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələrinə vurduğu sarsıdıcı zərbələrin son iki ildə gedən proseslərə siyasi-ideoloji təsirini də vurğulamaq vacibdir. “Aprel müharibə”sindən sonra ilk növbədə ermənilər zahirən dondurulmuş müharibənin hər an alovlana biləcəyindən və belə olan halda güclü Azərbaycan Ordusunun qarşısında məhv olacaqlarından böyük təşvişə düşdülər. Digər tərəfdən, dünya ictimaiyyəti də məhz bu hadisələrdən sonra daha çox Ermənistanın iç üzü ilə tanış oldu, işğalçının kim olduğunu daha aydın görməyə başladı.

Lakin “Aprel müharibəsi”nin beynəlxalq aləmdə yaratdığı rəy yalnız yuxarıda qeyd olunan fikirlərlə məhdudlaşmırdı. Məhz bundan sonra münaqişənin nizamlanması ilə bu və digər səviyyədə əlaqəsi olan beynəlxalq qurumlarda, bəzi böyük dövlətlərdə status-kvonun saxlanması şəraitində bölgədə hər an yeni müharibənin alovlana biləcəyi həqiqətini dərk etməyə başladılar. Burada ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının son iki ildə münaqişəyə yanaşma tərzinin dəyişdiyini ayrıca qeyd etmək lazımdır.

Bir sıra siyasi ekspertlər hesab edirlər ki, əvvəlki illərdə daha çox Ermənistanyönümlü mövqeyi diqqət çəkən ABŞ-ın son iki ildə atdığı bəzi addımlar deməyə əsas verir ki, bu həmsədr dövlət münaiqişənin nizamlanmasında daha ədalətli mövqe sərgiləməyə başlayıb. Həm də bu yalnız ayrı-ayrı şəxslərin mövqeyi kimi deyil, bütövlükdə ABŞ-ın dövlət siyasətinə çevrilib. Son dövrlərdə regionda Ermənistanın pozucu fəaliyyətini tənqid edən münasibətlərə ABŞ ictimai fikrində intensiv rast gəlinir. Yalnız son bir neçə gündə iki belə mühüm faktı qeyd etmək mümkündür.

Tanınmış analitik, xarici siyasət üzrə Amerika Şurasının təcrübəli ekserti Stiven Blank nüfuzlu “The Hill” qəzetində geniş məqalə ilə çıxış edib. S. Blank məqaləsində qeyd edib ki, erməni lobbisinin ABŞ-dakı fəaliyyəti heç də həmişə Amerikanın maraqlarına uyğun deyil. Ekspert vurğulayır ki, ermənilərin tələbləri hər zaman həqiqətə uyğun deyil və əsasən qonşu Azərbaycanı ləkələmək və gözdən salmağı hədəfləyir. Amerikalı siyasətçi yazır ki, Azərbaycan bu münaqişənin qurbanıdır.

İkinci mühüm fakt ABŞ-ın Özbəkistanda və Ukraynada səfiri olmuş, hazırda məşhur “Atlantic Council” analitik mərkəzində bölmə müdiri kimi fəaliyyət göstərən Con Herbestlə bağlıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən C. Herbest bildirib ki, ermənilərin Dağlıq Qarabağ məsələsində radikal mövqeləri özləri üçün çətin vəziyyət yaradıb və bu, onların gələcəyinə problem yaradır. Keçmiş səfir tarixə ekskurs edərək onu da deyib ki, vaxtilə Ermənistandakı radikal qüvvələr sabiq prezident Levon Ter-Petrosyanın münaqişəni nizamlamaq üçün sülh sazişini imzalamasına imkan vermədilər və təəssüf ki, belə bir tarixi fürsət əldən verildi.

Yuxarıdakı iki nümunənin timsalında Amerikanın siyasi kluarlarında münaqişənin səbəbkarı kimi Ermənistanın qınanması tendensiyasının gücləndiyini müşahidə etmək mümkündür. Lakin belə faktların sayı kifayət qədərdir və bütün bunlar Ermənistanın və beynəlxalq erməni lobbisinin getdikcə nüfuzunun itdiyini və müdafiəçilərinin sırasının seyrəldiyini deməyə əsas verir. Nəzərə alsaq ki, son bir neçə ildə ABŞ Dağlıq Qarabağ ermənilərinə və Ermənistana ayrıdığı maddi yardımı da xeyli miqdarda azaldıb, bu, o deməkdir ki, ABŞ-ın Ermənistana münasibətinin dəyişməsi təkcə sözdə deyil, artıq praktikada da özünü göstərir.

Ekspertlərin fikrincə, ABŞ Cənubi Qafqazda daimi təhlükəsizliyin və davamlı inkişafın qarşısında Ermənistanın böyük maneə olduğunu anlamağa başlayıb və regionda səmərəli əməkdaşlıq üçün güclü Azərbaycan amilinin rolunu düzgün qiymətləndirir. Buraya ötən il Minsk qrupunun amerikalı həmsədri Hoqlandın ermənilərin maraqlarına zidd olan təkliflər planını və bu ölkənin Ermənistandakı səfiri Riçard Millzin münaqişənin həllində Ermənistanın güzəştə getməli olduğu barədə səsləndirdiyi fikirləri də əlavə etsək, yuxarıda irəli sürülən tezisin doğruluğu öz təsdiqini tapar.

Ermənistanın gündən-günə zəifləməsi yalnız beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı deyil. Ölkə demək olar ki, daxili xaosun və fəlakətin bir addımlığındadır. Ermənistan cəmiyyəti aşkar şəkildə qaranlıq gələcəyə getdiyini anlayır və “Qarabağ klanı”nın onları öz maraqlarının qurbanına çevirdiyini indi daha yüksək səslə çatdırır.

Bu barədəki həqiqətləri minlərlə epizoddan yalnız biri ilə isbat etmək mümkündür. Münqaişənin ilk illərində Azərbaycandan Ermənistana köçən Stella Artünyanın acınacaqlı vəziyyəti ilə bağlı mediaya danışdıqları bugünkü erməni cəmiyyətinin bariz nümunəsidir. S. Arütunyan müxbirə müraciətlə deyir: “Sən bu vəziyyətdə yaşasaydın, ermənicə danışardın? Bu ölkənin vətəndaşlığını qəbul edərdin? Mən bu şəraitdə necə yaşayım? Mətbəx yox, hamam yox, işləməyə yer yox, polis qorxusu daim başımızın üstündə... Ermənistan parlamentində deputatlar bizim problemlərimizi qaldırmağı lazımlı hesab etmirlər. Ötən il Qırmızı Xaç Cəmiyyəti yataqxanalarda yaşayan bizim kimilərin vəziyyətinin yaxşılaşdırılması üçün 5 milyon ayırdı. Hanı bu pullar?!... Sarkisyan satqındır! O, öz şəxsi qazancı, öz ailəsi, öz cibi haqda daha çox düşünür, nəinki əsgərlər və camaat haqqında” .

Bu, işğalçı ölkənin real vəziyyətini ifadə edən ən dolğun faktdır...