KÖŞƏ

Taleh Turqut

Ermənistan dalana dirənib: beynəlxalq təzyiqlər güclənir

21 noyabr 2017 14:35
2617

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi xeyli intensivləşib. Son iki ayda demək olar ki, proses siyasi gündəmin əsas hadisəsinə çevrilib.

Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 6-da Cenevrədə baş tutan görüşündən sonra həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlər sürətlənib. İntensivləşən görüşlərin və aparılan müzakirələrin nəticəsi olaraq xarici işlər nazirlərinin növbəti görüşünün dekabrın 6-7-də keçirilməsi barədə Minsk qrupunun həmsədrləri tərəfindən məlumat yayılıb.

Siyasi şərhçilər hesab edirlər ki, Azərbaycan tərəfinin diplomatik fəallığı nəticəsində danışıqlar prosesinin daha konkret müzakirələr üzərində fokuslandığı müşahidə edilməkdədir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun noyabrın 16-da Moskvaya reallaşan səfərindən əvvəl və sonra verdiyi bəyanatlar da təsdiq edir. E.Məmmədyarov səfəröncəsi müsahibələrinin birində bildirmişdi ki, biz “danışıqlar naminə danışıqlar”a getmirik. Müzakirələr substantiv xarakter daşımasa danışıqları davam etdirməyin bir mənası yoxdur. Beş gün əvvəl isə Rusiyanın paytaxtında həm Minsk qrupunun həmsədrləri, həm də rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra media üçün açıqlamasında E.Məmmədyarov bildirib ki, Azərbaycan tərəfi aparılan müzakirələrdən razıdır.

Xatırladaq ki, bundan cəmi bir gün öncə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan da Moskvada səfərdə olmuş və analoji görüşlər keçirmişdir. Lakin müzakirələrin əvvəlki dövrlərlə müqayisədə daha ciddi təsir bağışlamasının səbəbləri təkcə bunlar deyil. Moskva müzakirələri ilə paralel Rusiya Federasiyasının prezidenti V.Putinin Türkiyə Prezidenti Ərdoğanla görüşü və görüşdə Dağlıq Qarabağ məsələsinin də müzakirə olunması, eləcə də S. Lavrovun bundan dərhal sonra - noyabrın 19-da Azərbaycana səfərə gəlməsi və buradan da İrəvana nəzərdə tutulan səfər planı nəticəli müzakirələrin aparıldığını söyləməyə əsas verir.

Müzakirələrin substantiv xarakter daşıdığını S.Lavrovun Bakıdakı görüşlərindən sonra verdiyi bəyanatlardan da anlamaq mümkündür. Rusiya XİN-in rəhbəri azərbaycanlı həmkarı ilə birgə keçirdiyi brifinqdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu heç kimi qane etmir: “Bu məsələnin həllini tapmalıyıq. Həllə gətirən bir çox istiqamətlər də artıq üzə çıxıb. Razılaşdırılmış format var”.

Lakin hazırkı müzakirələrin necə nəticələnəcəyini Ermənistan tərəfinin növbəti riyakarlığının olub-olmayacağından sonra daha dəqiq görmək mümkün olacaq. Müzakirələr ərəfəsində Ermənistan mətbuatında çıxış edən yerli ekspertlərin fikirləri göstərir ki, ermənilər təzadlı və qeyri-müəyyən vəziyyətdədirlər. Lakin beynəlxalq təzyiqlərə qarşı da aşkar duruş gətirə bilmirlər.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların intensivləşdiyi dövrdə iki ildir gərginləşən Rusiya-Türkiyə münasibətlərinin də bərpa edilməsi erməniləri daha çox təşvişə salıb. Təbii ki, Türkiyənin Rusiya ilə münasibətlərinin güclənməsini ermənilər həm də Azərbaycanın mövqeyinin möhkəmlənməsi kimi qəbul etdiklərindən ümidsizlik sindromuna qapılmaqdadırlar. Erməni siyasi şərhçi Musa Mikaelyan “1in.am” saytındakı məqaləsində yazır ki, Rusiya Prezidenti Vladimir Putin Soçidə Ərdoğanla görüşdən sonra bildirdi ki, Rusiya-Türkiyə münasibətləri, artıq təhlükəsizlik sferası da daxil, bütün sahələr üzrə hərtərəfli və tam miqyasda bərpa edilib: “İndiyədək əlaqələrin bərpasını “hərtərəfli” adlandırmaqdan ötrü nə çatışmırdı və ya Ərdoğan Soçidə nəyi tamamlayıb və əlavə edib, əlbəttə ki, söyləmək çətindir. Ancaq tarixi presedentlərə əsasən demək olar ki, əgər Rusiya-Türkiyə münasibətləri hərtərəfli, dolğundursa, o zaman ermənilərin daha böyük ehtiyatlılıq və sayıqlıq göstərməsinə əsas var...”. M. Mikaelyan açıq şəkildə bildirir ki, Türkiyənin Rusiya ilə yaxınlaşması dünya erməniləri üçün təhlükədir.

Bütün bunlarla yanaşı, erməniləri narahat edən digər bir məsələ də Rusiyadan gözlənilən mümkün təzyiqlərdir. Bəzi ekspertlər hesab edirlər ki, son dövrlərdə Rusiyanın Ermənistana qarşı təzyiqlərinin artdığı müşahidə olunmaqdadır. Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi ilə bağlı Rusiya siyasətçilərinin səsləndirdikləri bəyanatlar da buna hesablanıb. Bu fikrin tərəfdarları öz qənaətlərini Ermənistanın Avropa İttifaqı (Aİ) ilə imzalayacağı yeni sazişdən Rusiyanın ciddi narazı olması ilə əsaslandırırlar.

Xatırladaq ki, noyabrın 24-də Brüsseldə Aİ-nin təşkilatçılığı ilə “Şərq Trəfdaşlığı” Sammiti keçiriləcək və burada Ermənistanla yeni əməkdaşlıq sazişi imzalanması nəzərdə tutulur. Birbaşa və dolayısı ilə bu məsələ Ermənistanın Dağlıq Qarabağ münaqişəsində Rusiyanın dəstəyindən məhrum olması və məntiqi olaraq uduzması ilə nəticələnə bilər.

Digər erməni siyasi ekspert Tevos Arşakyan bildirib ki, əgər Rusiya Ermənistanı sözügedən sazişi imzalamaqdan çəkindirə bilməsə, Moskva noyabrın 22-23-də Azərbaycanın maraqlarının təmin olunduğu Qarabağ üzrə “Putinin yeni planı”nı təqdim edəcək.

Görünən odur ki, Azərbaycanın ardıcıl və uğurlu diplomatik hücumları nəticəsində Ermənistanın “küncə sıxılmasını” artıq ermənilər təlaşla etiraf edirlər. Rusiyanın dəstəyinin zəiflədiyi bir məqamda Ermənistanın Avropa ümidlərinin də doğrulacağını söyləmək mümkün deyil. Çünki məhz 24 noyabrda Aİ-nin Brüssel Sammitində açıqlanması nəzərdə tutulan yekun qərarda ölkələrin ərazi bütövlüyü məsələsi başlıca maddələrdən biridir. Bu isə o deməkdir ki, Ermənistanın separatçılıq siyasəti iflasa uğrayacaq.