KÖŞƏ

Taleh Turqut

Ermənistan küncə sıxılıb

24 avqust 2017 23:25
2791

Ermənistan küncə sıxılıb: “Qarabağ”ın qələbəsindən Qarabağa gedən yol

Son günlərdə baş verən iki mühüm hadisə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində payız aylarında ciddi hərəkətliliyin olacağını xəbər verir. İki gün əvvəl ATƏT-in Minsk qrupu həmsədrlərindən biri, həm də Ermənistana güclü təsir imkanı olduğunu hər kəsin qəbul etdiyi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyanı Soçiyə çağırıb. Görüşlə bağlı rəsmi açıqlamada bildirilir ki, Putin Sarkisyanla əsasən iki ölkənin münasibətlərini və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.

Dağlıq Qarabağla bağlı ikinci əhəmiyyətli nüans digər həmsədr dövlətin- ABŞ-ın ATƏT-in Minsk qrupundakı təmsilçisi Riçard Hoqlandın münaqişənin nizamlanması prinsiplərini açıqlayan sənədinin dünən mətbuatda yayılmasıdır. Bu, əslində Amerika Birləşmiş Ştatlarının problemin həllinə baxışının təzahürü kimi də qəbul edilir.

Xatırladaq ki, iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev də elə həmin məkanda Vladimir Putinlə görüşmüşdü. Lakin Siyasi Texnologiya və İnnovasiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu hesab edir ki, bu iki görüş arasında paralellik aparmaq düzgün deyil. Politoloqun sözlərinə görə, bunu ən azı Azərbaycanla Ermənistanın beynəlxalq aləmdə və regiondakı geosiyasi çəkiləri arasındakı fərqə görə etmək olmaz: “Prezident İlham Əliyevlə Putinin görüşündə təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli deyil, əsasən regional təhlükəsizlik, Yaxın Şərq məsələsindən tutmuş digər beynəlxalq məsələlər müzakirə edilmişdi və Azərbaycanla bu istiqamətdə əməkdaşlığın konturları nəzərdən keçirilmişdi. Sarkisyanı isə, belə demək mümkündürsə, Putin bir növü cəzalandırmağa çağırmışdı. Həm Ermənistanın son dövrlərdə oynadığı ikili oyunlara, həm də münaqişənin həllindən yayındığına görə”.

M. Əhmədoğlu qeyd edib ki, Rusiya Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini nizamlamaqdan yayındığını və sülhə maneə yaratdığını başa düşür.   

Yuxarıda qeyd olunduğu kimi, Minsk qrupunun amerikalı həmsədri R. Hoqlandın yaydığı son sənəd də göstərir ki, münaqişənin nizamlanmasında iştirak edən böyük dövlətlər bölgədə davamlı sülhün əldə edilməsinin vaxtının yetişdiyini analyırlar. Diqqəti çəkən əsas məqamlardan biri odur ki, Ermənistandan fərqli olaraq bütün tərəflər problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində israrlıdırlar. Hoqlandın sözügedən sənədində də aşkar surətdə bildirilir ki, işğal edilmiş ərazilərdə Azərbaycanın suverenliyi qeyd-şərtsiz bərpa olunmalıdır: “Bu ərazilər üzərində Azərbaycanın müstəqilliyi bərpa edilməlidir”.

Hoqlandın fikirlərinin yayılması tarixinin Soçi görüşü ilə üs-üstə düşməsi diqqətdən yayınmır. Görünür, ABŞ Rusiya Prezidenti Putinlə Dağlıq Qarabağ nizamlanmasını müzakirə edən Sarkisyana öz mövqeyini bir daha xatırlatmağa ehtiyac duyub. Bununla yanaşı, politoloq M. Əhmədoğlu hesab edir ki, Hoqlandın açıqladığı prinsiplər əslində yenilənmiş “Madrid prinsipləri”dir. Sadəcə olaraq burada bəzi maddələrin sıralanmasının dəyişdirilməsi təklif edilir.

Qeyd edək ki, sözügedən sənədin Ermənistana böyük zərbə olduğu bildirilir. Yəqin buna görədir ki, ölkənin Xarici İşlər Nazirliyi Hoqlandın sənədini şərh etməkdən boyun qaçırıb.

Ekspertlərin fikrincə, BMT Baş Assambleyasının qarşıdan gələn sessiyasına qədər müəyyən razılaşmanın olması gözləniləndir.

Sonda bir haşiyə çıxaraq vurğulayaq ki, Ermənistanın işğal etdiyi Ağdamın “Qarabağ” Futbol Klubu avqustun 23-də qazandığı möhtəşəm uğurla Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaradıb. Azərbaycan cəmiyyəti “Qarabağ”ın möhtəşəm qələbəsini Qarabağdakı Böyük Qələbənin müşdəçisi kimi qəbul edir... Görünən odur ki, erməniləri böyük məyusluğa düçar edən bu uğur yaxın gələcəkdə siyasət və hərb meydanında da Azərbaycanın Böyük Qələbəsinin müşdəçisidir.