KÖŞƏ

Taleh Turqut

Ermənistan hakimiyyəti ölkəsini məhvə sürükləyir

17 avqust 2017 23:19
3359

Ötən ilin aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Buna qədər Ermənistan işğal etdiyi əraziləri havadarlarının dəstəyi ilə əlində saxlaya biləcəyinə özünü inandırmışdı. Lakin "Dördgünlük müharibə"də Azərbaycanın hərbi gücünü öz ənsəsində hiss edən düşmən ölkə bunun boş xəyal olduğunu bir daha anladı.

Aprel döyüşlərindən sonra Rusiyadan alınan "İsgəndər"lər və digər hərbi texnika sayəsində Ermənistan rəhbərliyi daxili auditoriyada belə bir fikir formalaşdırmağa çalışır ki, indi ölkənin silahlı qüvvələri daha da güclənib və Azərbaycanın istənilən hücumunun qarşısını almaq imkanındadır. Ermənistan hakimiyyəti öz xalqını buna az da olsa inandırmaq üçün dəfələrlə cəbhədə təxribatlar törətdi və diversiya hücumları təşkil etdi. Lakin hər dəfə Azərbaycan Ordusunun daha sərt əks-həmləsi ilə qarşılaşdı. Bütün bu cəhdlərə baxmayaraq Ermənistan silahlı qüvvələrində nizam-intizam və çağırışçı problemi getdikə dərinləşməkdədir. Minlərlə erməni gənci orduda xidmət etməkdən yayınmağın müxtəlif üsullarını sınaqdan keçirir. Erməni valideynlər övladlarının özgə torpaqlarında öldürülməsinə etiraz edirlər.

Bununla yanaşı, Ermənistan cəmiyyəti bütövlükdə məğlub əhval-ruhiyyəyə köklənib. Təkcə müharibənin səbəb olduğu ağır sosail şəraitdən və mənasız övlad itkisindən bezən sadə vətəndaşlar deyil, ictimai fəallığı ilə seçilən hərbi və siyasi ekspertlər də Ermənistanın qaranlıq gələcəyi barədə ümidsiz düşüncədədirlər. Birinci Qarabağ müharibəsinin fəal iştirakçılarından olan, Şuşanın işğal edilməsində əsas fiqurlardan biri, general Ter-Tadevosyan son açıqlamalarında Azərbaycanın mümkün hücumlarından danışarkən nəinki Dağlıq Qarabağın, hətta Ermənistanın dövlət sərhədlərinin təhdid altında olduğunu dilə gətirib. Erməni general hesab edir ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa Ermənistanın İcevan və Tavuş rayonları qısa müddətdə Azərbaycan tanklarının altında qala bilər. Bundan başqa, indi Ermənistan mətbuatında Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi birləşmələrini modernizasiya etməsi barədə yazılar dərc edilməkdədir.

Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, bütün bunlar göstərir ki, Ermənistan cəmiyyəti nəinki müharibə qorxusu içərisindədir, hətta hələ başlamayan müharibədə artıq məğlub tərəf olduqlarını düşüncələrində qəbul etmiş durumundadır: "Ermənilər bəzi havadarlarının bu halda onları müdafiə edəcəklərindən əmin deyillər. Ona görə də nəinki Dağlıq Qarabağın, İrəvanın belə təhdid altında olduğunu söyləyirlər".

Ermənistan cəmiyyətində "böyük müharibə"nin olacağı düşüncəsinin hakim kəsilməsi səbəbsiz deyil. Az qala bir ildir ki, artıq Ermənistan tərəfi danışıqlara qatılmır və hər fürsətdə müxtəlif bəhanələrlə prosesdən yayınır. Bu halda Azərbaycan tərəfi haqlı olaraq işğal altındakı ərazilərini hərbi yolla azad etmək hüququnun olduğunu bəyan edir və bu hüquqdan istifadə edəcəyini də gizlətmir. Son aylarda Azərbaycan Ordusunun yeni hərbi-texniki vasitələrlə gücləndirilməsi erməniləri daha da təşvişə salıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Baş nazirin birinci müavini Yaqub Eyyubovun müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə cəbhə zonasına səfər etməsi və vəziyyətin yerində öyrənilməsi bu qorxunu daha da artırıb. Ekspertlər hesab edirlər ki, Azərbaycan tərəfinin son vaxtlar atdığı bu və buna bənzər addımları göstərir ki, ən yüksək səviyyədə səsləndirilən bəyanatlar sadəcə söz deyil və hər an reallığa çevrilə bilər. Bu reallığın vahiməsini isə ermənilər daha çox hiss edirlər.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşündən sonra bu ilin payız aylarında prezidentlərin görüşünün təşkil ediləcəyi barədə fikirlər səsələndirilirdi. Lakin bunun təkzib edilməsi Ermənistanın danışıqlardan tamimilə imtina etməsi kimi qəbul edilir və cəbhə xəttində hərbi əməliyatların reallaşacağı qənaətini artırır. Azərbaycanın bir sıra hərbi və siaysi ekspertləri də Baş nazirin birinci müavininin müdafiə naziri ilə birgə cəbhə bölgəsinə səfərini ölkəmizin öz torpaqlarını azad etmək üçün müstəsna hüququ olaraq hərbi əməliyyatlara hazırlaşması kimi qiymətləndirirlər.

Hərbi ekspertlər də hesab edirlər ki, hazırkı şəraitdə hərbi əməliyyatlar başlayarsa, bu, qısa müddətdə Ermənistan silahlı qüvvələrinin məhv olması ilə nəticələnəcək. Görünən odur ki, Ermənistan rəhbərliyi danışıqlar prosesindən yayınmaqla faktiki olaraq bölgədə hərbi əməliyyatların başlnmasına rəvac verir. Belə olan halda isə onsuz da zəif olan Ermənistanın varlığı sual altında qalır. Bunu erməni ictimai-siyasi fəalları da etiraf etməkdən çəkinmirlər.