KÖŞƏ

Taleh Turqut

“Milli müxalifət”in erməni üzü

26 yanvar 2017 14:41
2499

Bir neçə gün əvvəl mətbuatda bir qrup Azərbaycan vətəndaş cəmiyyəti və media təmsilçisinin Avropa Şurası Parlament Assambleyasına (AŞPA) ünvanladığı məktub yayılmışdı. Məktubu 58 nəfər imzalayıb. Onların içərisində hazırda Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla yanaşı, ölkədə fəaliyyətdə olan təşkilatların təmsilçiləri, eləcə də müxtəlif cinayət əməllərinə görə həbs edilən və Azərbaycan Prezidentinin humanizmi nəticəsində əfv edilərək azadlığa çıxan şəxslər də var.

Əlbəttə, Azərbaycandan müxtəlif beynəlxalq qurumlara “danos” yazan “sapı özümüzdən” olan “baltalar” çox olub. Hakimiyyətə qarşı belə böhtanların atılması ilk dəfə deyil. Elə bu səbəbdən də bu məktuba da əhəmiyyətsiz bir kağız parçası kimi yanaşmaq olardı. Lakin məktubda irəli sürülən tələb, onu imzalayanların kimliyi və məktubun niyə məhz belə bir tarixdə göndərilməsini araşdırarkən xəyanətin miqyasına ikrah etməyə bilmirsən. Ölkəmizdə və ondan kənarda ermənipərəst xainlərin olduğunu bilirik, lakin bu məktubu imzalayan “azərbaycanlılar” üçün ermənipərəst sözü sadəcə olaraq yumşaq səslənir...

Məktubda qeyd olunur ki, guya Azərbaycanda insan hüquqları və söz azadlığı pozulur, buna görə də ölkəmizin AŞPA-dan xaric edilməsi tələb olunur. Həm də Azərbaycanla bağlı məruzənin təqdim edildiyi bir sessiyada...

Qısa araşdırmadan sonra məlum olur ki, məktubu imzalayanların böyük əksəriyyəti AXCP sədri Əli Kərimlinin yaxın çevrəsinə daxil olan “Milli Şura” adlandırılan bədnam qurumun üzvləridir. “Milli Şura”nın antimilli fəaliyyəti heç kimə sirr deyil, ancaq məhz belə bir dönəmdə bu məzmunda məktubun hazırlanması təkcə ermənipərəstlik deyil, elə erməniliyin özüdür, milli xəyanətdir, Azərbaycana qarşı ermənilərlə bir cəbhədə birləşməkdir! Çünki aydınlaşdırmadan sonra məlum olub ki, həmin məktubun hazırlanmasında və bu çirkin oyunun təşkilində, maliyyələşməsində “People İn Need” (PİN) təşkilatı əsas rol oynayıb. Mərkəzi ofisi Çex Respublikasında olan bu təşkilatın beynəlxalq ermənipərəst təşkilatlar şəbəkəsinin əsas fəallarından olduğu hamıya məlumdur. Bu həmin PİN-dir ki, hələ 1990-cı illərin əvvəllərində ermənilərin Avropada aktiv müdafiəsinə qalxmışdı və Ermənistanın silahlanmasına “humanitar yardım” adı altında müxtəlif aksiyalarla köməklik edirdi. Sonuncu dəfə isə iki il əvvəl Gürcüstanda keçirilən beynəlxalq tədbirlərin birində Azərbaycanın əleyhinə kampaniya təşkil etmişdi. Qurumun rəhbər şəxslərinin insan orqanlarının alverində də adları hallandırılır. Guya Azərbaycanın “milli maraqlarını” qoruyan şəxslər isə məhz belə bir təşkilatın hazırladığı oyunun iştirakçısı olurlar, təbii ki, qəpik-quruş müqabilində...

Məktubu imzalayanların hamısının adları açıqlanmayıb. Onların bəziləri ermənilərin qurduğu tələyə düşdüklərini anlayıblar və imzalarından imtina ediblər. Bir qrup şəxs isə, ümumiyyətlə, məktuba imza atmadığını iddia edir. Lakin “Milli Şura” oynadığı oyunu artıq oynayıb...

Burada müqayisə üçün AŞPA-nın son iclaslarında Ukraynanın xalq deputatı, AŞPA-da “Avropada jurnalistlərə və söz azadlığına təhdidlər barədə” hesabatın müəllifi Vladimir Aryevin özünün “Facebook” səhifəsində yazdığı bir epizodu xatırlatmaq yerinə düşər. V. Aryev yazır ki, iclas ərəfəsində erməni nümayəndə heyəti onu konyakla satın almaq istəyib: “AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Bu, mübaliğəsiz bir jest idi! Dinləmələrin sakit axarını isə Ermənistan təmsilçiləri pozublar. Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim, bu gün isə Assambleyada hansısa üçmanatlıq kompromatla gəliblər ki, “Aryevin nənəsi azərbaycanlıdır”. İndi mən dəqiq bilirəm: Gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən müşavir çağır”.

Bu, bir ukraynalı siyasətçinin sərgilədiyi mövqedir, yuxarıdakı məktub isə özünü Azərbaycanda “əvəzsiz siyasətçi” hesab edənlərin..

Müqayisəni oxucuların ixtiyarına buraxırıq...