KÖŞƏ

Taleh Turqut

Düşmən dəyirmanına su tökənlər kimlərdir?

01 mart 2017 14:18
1306

Mətbuat Şurası (MŞ) yenidən bəzi elektron KİV və sosial şəbəkə istifadəçilərinə müraciət etməli olub. Müraciətin səbəbi fevralın 25-də cəbhə xəttində ermənilərin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan əsgərləri ilə bağlı yayılan dezinformasiya xarakterli məlumatlardır.

Qeyd edək ki, 2014-cü ildə də baş verən analoji hadisə zamanı Azərbaycanda bir sıra elektron informasiya vasitələri düşmən tərəfindən məqsədli şəkildə yayılan dezinformasiyaları dövriyyəyə buraxmış, beləliklə, bilərəkdən və ya bilməyərəkdən cəmiyyətdə çaşqınlığın yaranmasına rəvac vermişdilər. Azərbaycan mediasında mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə media təmsilçilərinin toplantısı keçirilmiş və bundan sonra milli mətbuatın informasiya siyasətində ciddi irəliləyişlər əldə edilmişdir.

Lakin təəssüflə vurğulamaq lazımdır ki, cəbhə xəttində baş verən son hadisə zamanı yenidən qeyri-peşəkar tendensiyalar özünü büruzə verdi. Ermənistana məxsus sosial mediada məqsədli şəkildə yayılan dezinformasiyalar dəqiqləşdirilmədən, öz təsdiqini tapmadan bir sıra saytlarda və sosial şəbəkələrdə yayıldı. Bu isə, hər şeydən əvvəl, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Qəribədir ki, ermənilərə məxsus sosial şəbəkələrdə guya döyüşlərdə Azərbaycan tərəfinin xeyli itki verməsi barədə məlumatlar sürətlə yayılsa da, nədənsə Ermənistanın verdiyi itkilərlə bağlı susqunluq nümayiş etdirilir.

Yeri gəlmişkən, qeyd edək ki, erməni əsilli sosial şəbəkə istifadəçiləri cəbhə xəttində baş verənlərlə bağlı şərhlərində bildirirlər ki, Ermənistan rəhbərliyi həqiqəti xalqdan gizlədir. Əslində cəbhədə Ermənistan daha çox itki verib və əhali yaşayış ərazilərini boşaltmaqdadır.

Ermənistan vətəndaşı Diana Artunyan öz “Facebook” səhifəsində yazır ki, Qarabağda xəstəxanalar yaralı erməni əsgərləri ilə doludur: “Hazırda sərhəddə nələrin baş verdiyini Allah bilir. İndi qardaşım mənə zəng vurub dedi ki, hər tərəfdən azərilər bizi atəşə tutublar... Xəstəxanalar həlak olmuş əsgərlərin meyitləri və yaralılarla dolub. Şahidlər sərhəddə cəsədlə dolu 3 ədəd yük maşını görüblər”.

Erməni sosial şəbəkə istifadəçiləri bildirirlər ki, son döyüşlərdə ən azı 70 nəfər ölüb, 300 nəfər isə yaralanıb: “Amma ölən əsgərlərin sayı 200-dən artıqdır. Mən bilmirəm nə edim, çox qorxuram. Bu an qardaşımla telefon əlaqəsi kəsildi... Hazırda qardaşımdan heç bir məlumat yoxdur, insanlar təşviş içindədir. Hökumət isə heç bir tədbir görmür”.

Regina Vardanyan adlı erməni isə yazır: “Dayım Qarabağdan zəng edib, dedi ki, o qədər ölən var ki, saya bilmirik... İnsanlar təşviş içindədir”.

Belə informasiyalar Ermənistana məxsus sosial mediada kifayət qədərdir. Lakin görünür kimlərsə bu tipli həqiqətlərin yox, dezinformasiya xarakterli məlumatların Azərbaycanda yayılmasında maraqlıdır.

Lakin milli mətbuatımız məhz belə məqamlarda ayıq-sayıqlığını və peşəkarlığını qorumalı, rəsmi olaraq təsdiqini tapmayan məlumatların yayılmasına imkan verməməlidir. Milli maraqlarımızın qorunmasına xidmət edən peşəkar media orqanlarımız kifayət qədərdir. Məhz onların sayəsində bu cür təxribatların qarşısı zamanında alınır və bundan sonra da alınacaq.