KÖŞƏ

Taleh Turqut

Hollandiyanın “mavi demokratiyası”

14 mart 2017 22:55
1291

Avropada yenidən antitürk, antimüsəlman əhval-ruhiyyə tüğyan etməkdədir. Müasir Avropanın “sivilizasiya və demokratiya mərkəzi” hesab edilən bir sıra dövlətləri Türkiyə Respublikasına qarşı açıq “Səlib yürüşü”nə keçiblər. Proseslərin ardıcıl analizi göstərir ki, bu hadisələrin demokratiya və insan hüquqları ilə heç bir bağlılığı olmayıb, tamamilə dini və milli zəmindən qaynaqlanan münasibətdir.

Bir neçə gün əvvəl Hollandiya Türkiyənin xarici işlər nazirinin həmin ölkəyə uçuşuna razılıq verməyib. Üstəlik, burada yaşayan Türkiyə vətəndaşları ilə görüşmək istəyən qardaş ölkənin xanım nazirinə qarşı nəinki heç bir diplomatik qaydalara uymayan, heç insanlığa sığmayan davranışlar sərgilənib və məcburi şəkildə deportasiya edilib. Bütün bunlara sivil formada etirazını bildirənlərə qarşı isə ən kobud üsullarla müdaxilə edilib, onlara qarşı zorakılıq tətbiq edilib.

Bu hadisələr təkcə Hollandiyada baş versəydi bəlkə də onu adi anlaşılmazlıq adlandırmaq və məsələni şişirtməmək də olardı. Lakin Niderlandın ardınca Danimarkanın qardaş Türkiyənin Baş naziri Binəli Yıldırımın səfərini təxirə salması, İsveç və Norveçdə baş verənlər göstərir ki, Avropa açıq-aşkar Türkiyəyə qarşı təzyiq nümayiş etdirir.

Qeyd edək ki, hələ bir neçə ay öncə analoji proseslər Almaniya ilə də yaşanmışdı. Almaniyada aşkar şəkildə Türkiyəyə təhdidlər səsləndirilir, hətta müəyyən mətbu orqanlarda Türkiyənin və onun prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə təbliğat aparılırdı. İndi isə bu kampaniya eyni vaxtda bir neçə Avropa İttifaqı (Aİ) dövlətdə baş verirsə, bunu təsadüfi hesab etmək mümkün deyil.

Bu, həmin Avropa İttifaqıdır ki, Suriyadan gələn qaçqınların Türkiyədə saxlanması üçün qardaş ölkəyə 4,5 milyard avro yardım etməyə söz vermişdi. Üstəlik, 2015-ci ilin son aylarından başlayaraq Türkiyə vətəndaşlarına Aİ ərazisinə vizasız giriş öhdəliyi götürülmüşdü. Üzərindən iki ilə yaxın keçməsinə baxmayaraq, bu öhdəliklərin heç biri yerinə yetirilməyib. Əvəzində müəyyən meyarlara görə Türkiyədən qat-qat geridə qalan Gürcüstana vizasız gəliş-gediş güzəşti tətbiq edilib. Hər nə qədər bəhanələr gətirilsə də, bunu “xristian təəssübkeşliyi”ndən başqa adla izah etmək mümkün deyil.

Məsələ burasındadır ki, müxtəlif zamanlarda Azərbaycan da Avropanın belə ikili münasibətindən əziyyət çəkir. Hollandiya türk qadın naziri heç bir əsas olmadan ölkədən çıxarır, ancaq Azərbaycan ərazilərini uzun illərdir işğalda saxlayan Ermənistanın cinayətkar rəhbərliyinə qarşı nəinki heç bir sanksiya tətbiq edilmir, əksinə, onların təbliğatını həyata keçirir. Separatçı quldur dəstələrinin rəhbəri Bako Saakyanın görüşlər keçirməsinə şərait yaradır. Bu azmış kimi, Avropa Parlamentində qondarma “Dağlıq Qarabağ Respublikası”nın “parlamenti” ilə “dostluq qrupu” yaradılıb. Baxmayaraq ki, hər bir Avropa dövləti ayrılıqda dəfələrlə rəsmi şəkildə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və separatçı rejimi qəbul etmir. Lakin reallıqda hər şey əksini göstərir.

İstər Hollandiyada, istər Almaniyada və digər Aİ ölkələrində illərdən bəri Türkiyəni qan gölünə çevirən PKK terror təşkilatının liderləri və üzvləri aşkar fəaliyyət göstərirlər. İstədikləri vaxt ən müxtəlif formalarda aksiyalar həyata keçirirlər. Onlara “gözün üstə qaşın var” deyən olmur. Lakin nədənsə, demokratik yolla seçilmiş Türkiyə hökuməti üzvlərinin öz tərəfdarları və vətəndaşları ilə görüşü “insan hüquqlarının pozulması” kimi qiymətləndirilir...

Görünür, “mavi”lərin hüquqlarını bütün dəyərlərdən üstün tutan Hollandiya hökuməti demokratik meyarların yerini səhv salıb...