KÖŞƏ

Taleh Turqut

Azərbaycan ərazi bütövlüyünü tezliklə təmin edəcək

13 aprel 2017 00:24
1290

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın apardığı siyasət ardıcıl və dəyişməzdir. Görülən işlər və həyata keçirilən beynəlxalq siyasət nəticəsində son illərdə Ermənistanın təcavüzkar siması beynəlxalq aləmdə ifşa olunmaqda davam edir. İndi beynəlxalq aləm erməni yalanlarının iç üzünü daha aydın görür və tanıyır.

Əlbəttə, bütün bunlar Azərbaycanın artan nüfuzu, iqtisadi gücü hesabına baş verir. Ölkəmizin beynəlxalq miqyasda daim yüksələn imici Ermənistan üçün günü-gündən artaq təzyiqləri intensivləşdirir. Düşmən ölkə münaqişənin həllinin yubadılması və danışıqlar prosesinin pozulması istiqamətində separat addımlar atsa da Azərbaycanın fəal siyasəti nəticəsində bu istəyinə nail ola bilmir.

“Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Hesab edirəm, Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlərdən də göründüyü kimi, münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həll edilməsi üçün lazım olan hüquqi-siyasi zəmanət təmin edilmişdir. Münaqişənin həlli prosesində bu və digər formada iştirak edən bütün dövlətlər hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan ediblər. Bu amilin özü münaqişənin həll edilməsinin zəruriliyinin beynəlxalq müstəvidə qəti qəbul edilməsinin təsbitidir. Digər tərəfdən,  Azərbaycanın ərazi bütövlüyünün ən yüksək səviyyədə təsdiqi və Ermənistanın işğalçı siyasətinin dolayısilə olsa da etirafıdır.

Azərbaycan Prezidenti bir daha ölkəmizin ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını qətiyyətlə vurğulayıb: “Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir”.

Lakin qeyd etmək lazımdır ki, yuxarıda vurğulananlarla yanaşı, hələ də problemin həllinə münasibətdə bir sıra dövlətlər tərəfindən ikili standartların sərgilənməsi təəssüf doğurur. Azərbaycan Prezidenti məsələ ilə bağlı bütün çıxışlarında açıq şəkildə bu halları vurğulayır və öz etirazını ifadə edir. Sözügedən iclasda ölkəmizin başçısı bir daha bildirib ki, biz bəzi hallarda ikili standartlarla üzləşirik. Bəzən oxşar münaqişələrə bir sıra beynəlxalq təşkilatlar və böyük dövlətlər daha böyük diqqət göstərirlər və bu münaqişələrdən bəhs edərkən onun konkret qiymətini verirlər. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən status-kvonun qəbuledilməz olduğu, Azərbaycanın ərazi bütövlüyünün dəyişməz olduğu vurğulansa da təəssüf ki, Ermənistanın işğalçı dövlət olması faktı aşkar ifadə edilmir. Bu, müəyyən faktorlara görə Azərbaycana münasibətdə nümayiş etdirilən ikili standartların təzahürüdür.

Burada bir amili də vurğulamaq zəruridir ki, keçmiş Sovet İttifaqı ərazisində baş verən münaqişələr içərisində Dağlıq Qarabağ münaqişəsi yeganədir ki, BMT Təhlükəsizlik Şurasının bu barədə xüsusi qətnamələri mövcuddur və bu qətnamələr Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz təsdiq etməklə yanaşı, işğal faktını da pisləyir və qəbuledilməz hesab edir.

Lakin yuxarıda da qeyd edildiyi kimi, artıq Ermənistana qarşı beynəlxalq qınaq tendensiyasının artması aşkar hiss edilməkdədir. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin iclasında problemin hazırkı vəziyyəti barədə danışarkən bu barədə qeyd edib ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv siyasəti artıq qınaq obyektinə çevrilib: “Onlar nə qədər tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik”.

Burada qeyd edilməlidir ki, Ermənistana qarşı beynəlxalq ictimai qınağın daha da genişlənməsində ötən ilin aprel ayının əvvəllərində baş verən “dördgünlük müharibə”nin nəticələri də mühüm rol oynamışdır. Məhz bu günlərdə dünya ermənilərin yalanlarını daha aydın görmüş, onların haqsız iddiaları qınanmışdır. Bu, həmin günlərdə və ondan sonrakı dövrdə beynəlxalq mediada ifadə edilən münasibətlərdə aydın görünürdü. 

Azərbaycana beynəlxalq dəstəyin artmasını göstərən faktorlardan biri də bir müddət əvvəl qondarma “DQR” rejimində keçirilən “referendum”a sərgilənən münasibət olmuşdur. Dünyanın heç bir dövləti və beynəlxalq qurumu həmin “referendum”u qəbul etməmiş, əksinə, bu təxribatı pisləyən bəyanatlarla çıxış etmişlər. Bu, bir tərəfdən də Azərbaycanın dünya miqyasında artan nüfuzu sayəsində mümkün olmuşdur. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, bu, həm də bütün dünyanın Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul və təsdiq etməsidir. Prezident bir daha vurğulamışdır ki, Azərbaycan öz torpaqlarının itirilməsini qəbul etməyəcək və hansı yolla olursa olsun, özünün ərazi bütövlüyünü təmin edəcək.