KÖŞƏ

Taleh Turqut

Kənd təsərrüfatının inkişafı strateji maraqlara uyğundur

20 aprel 2017 22:57
2942

Hazırda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməs istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə özünün müsbət nəticələrini göstərir.

Qeyd edək ki, aqrar sektorun inkişafının fundamental əsası hələ 2004-cü ildə ölkə başçısı tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında öz əksini tapmışdır. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük infrastruktur yaradılmış, qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli artmışdır. Hazırda 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı uğurla icra edilir.

Beləliklə, son illərdə neftin dünya bazarlarında ucuzlaşması səbəbindən azalan gəlirləri digər sahələrin hesabına ən çox artırmağı bacaran ölkələrdən biri də məhz Azərbaycan olmuşdur. Təbii ki, bu, ölkə rəhbəri tərəfindən aparılan düşünülmüş və düzgün siyasətin, vaxtında həyata keçirilən köklü islahatların sayəsində mümkün olmuşdur. 2016-cı ilin, eləcə də cari ilin birinci rübünün  yekun göstəriciləri sübut edir ki, görülən tədbirlər öz bəhrəsini verib.

Belə ki, son dövrlərdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 2,4 faiz artmışdır. Sənayenin digər sahələrində artım 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz olmuşdur. Kənd təsərrüfatındakı uğurlar həm də bu sahənin məhsullarının ixrac göstəricilərində özünü büruzə verir. Belə ki, son aylarda təkcə bu sahənin ixrac əməliyyatları 44 faiz artmışdır. Qeyd edək ki, ilin ilk rübündə ümumi ixrac sahəsində artım 50 faiz olmuşdur.

Bütün bunlar bir tərəfdən dövlət tərəfindən həyata keçirilən islahatlar sayəsində, digər tərəfdən isə dövlətin özəl sektora, sahibkarlığa verdiyi yüksək dəstək sayəsində mümkün olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Yevlax şəhərində qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu məsələyə toxunmuş və sahibkarlara göstərilən dəstəyin bundan sonra da ən yüksək səviyyədə davam etdiriləcəyini vurğulamış, bunun gələcəkdə daha böyük uğurlara rəvac verəcəyini qeyd etmişdir: “Götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən sahibkarlar tərəfindən bizim siyasətimizə göstərilən praktiki dəstək, - onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, - deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”. Prezident sahibkarlığın inkişafına göstərilən diqqət və qayğını vurğulayaraq bildirmişdir ki, özəl sektor nümayəndələri ilə hər il bir neçə görüş keçirir və daim onların fəaliyyət imkanlarının yaxşılaşdırılmasına çalışır.

Təbii ki, bu dəstək ölkə isqtisadiyyatında böyük paya sahib olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verməkdədir. Qeyd edək ki, kənd təsərrüfatı sahəsi neft sənayesi və tikinti sektorundan sonra Azərbaycan iqtisadiyyatında üçüncü böyük sahədir. Burada digər iqtisadi göstəricilərlə yanaşı, aqrar sektorun işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasındakı rolunu da vurğulamaq vacibdir. Prezident İlham Əliyev sözügedən müşavirədə qeyd edib ki, son dövrlərdə təkcə kənd təsərrüfatı sahəsində 80 minə qədər yeni iş yerləri yaradılmışdır. Bu faktın özü kənd təsərrüfatı sektorunun iqtisadiyyatın ümumi inkişafındakı təsirini və rolunu bir daha nümayiş etdirir.

Əlbəttə, əldə olunan uğurlu nəticələrin əsasında əvvəlki illərdə görülən işlərin əhəmiyyətini ayrıca vurğulamaq vacibdir. Eyni zamanda son illərdə sahənin inkişafı üçün qoyulan investisiyaları, yaradılan böyük infrastrukturları və müasir texnologiyaların tətbiqini qeyd etmək lazımdır. Bir neçə il ardıcıl olaraq fermerlərə güzəştli subsidiyaların verilməsi də burada təsirə malik olmuşdur. Məsələn, təkcə 2014-cü ildə müxtəlif texnikaların, gübrələrin və s. alınmasında fermerlərə müvafiq olaraq 50 və 30 faiz güzəştin tətbiq edilməsi ondan sonrakı illərdə yerli məhsulun artmasına, eləcə də qiymətlərin azalmasına zəmin yaratmış, aqrar sektorda fəaliyyətə marağı artırmışdır. Təbii olaraq cari dövrdə əldə edilən uğurlarda bu tədbirlərin təsiri danılmazdır.

Qeyd edək ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir.