KÖŞƏ

Taleh Turqut

Erməni saxtakarlığının “fransız variantı”

25 aprel 2017 22:27
1289

Dünyanın müəyyən siyasi mərkəzlərinin, xüsusilə Qərbin bəzi dairələrinin mütəmadi olaraq bir sıra müstəqil siyasət yürüdən dövlətlərə qarşı ikili standartlarla yanaşması pis bir “ənənəyə” çevrilib. Təəssüflə qeyd etmək lazımdır ki, belə qərəzli münasibətlərlə qarşılaşan ölkələrin siyahısına Azərbaycan və qardaş Türkiyə “liderlik” edirlər.

Son günlərdə baş verən bir sıra siyasi hadisələr fonunda ikili yanaşmalar özünü bir daha bütün çılpaqlığı ilə büruzə verdi. Aprelin əvvəllərində Ermənistanda parlament seçkiləri, ayın ortalarında isə Türkiyədə referendum keçirildi. Hər iki hadisə mahiyyətcə seçki prosesinə daxil olduğu üçün onlara qarşı yanaşmalar da siyasi xarakter daşıyır. Beləliklə, sözügedən hər iki fakta Qərb dövlətlərinin yanaşmasında nəzərəçarpan fərqli münasibət sərgiləndi.

Aprelin 2-də Ermənistanda keçirilən seçkilər total saxtakarlıqla müşayiət olundu. Seçkilər günü seçicilərə qarşı zorakılıqdan tutmuş səsvermə bülletenlərinin saxtalaşdırılmasına qədər ən müxtəlif hadisələr bütün dünyanın gözləri qarşısında baş verdi. Prosesdə ən çox hay-küyə səbəb olan pozuntulardan biri də seçicilərin pulla satın alınması oldu. Bu barədə faktların baş verdiyini müxalifət liderlərinin demək olar ki, hamısı təksibedilməz dəlillərlə nümayiş etdirdilər və bu alçaldıcı amilə görə bir çoxları erməni xalqını günahlandırdı. Bu barədə Ermənistanın sabiq prezidenti, hazırda müxalifət cəbhəsində siyasi mübarizəyə qoşulan Levon Ter-Petrosyanın fikirləri diqqət çəkir: “Seçicilərin satın alınması kimi bariz faktı nəzərə alaraq bir çoxları seçkilərin nəticələrinə görə hakimiyyəti deyil, xalqı ittiham etməyə çalışır. Lakin ölkə tam olaraq korrupsiyalaşmış vəzifəli şəxslərin, cəza maşını kimi fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, inhisarçı iş adamlarının və cinayətkar avtoritetlərin əlindədir. Bunlar isə qul statusuna məhkum edilmiş xalqın taleyini tam olaraq idarə edir. Bir parça çörək arzusunda olan qul-ayaqyalın uşaqların sahibi, üstəlik borc içində boğulan birisi mənəvi cəhətdən nə qədər yüksəkdə və prinsipial olsa da satılmaqdan özünü saxlaya bilməz”.

Petrosyanın açıqlaması erməni xalqının acınacaqlı sosial vəziyyətini nümayiş etdirməklə yanaşı, seçkilərin kütləvi saxtakarlıqla keçdiyinin isbatıdır. Lakin qəribə olanı budur ki, bütün bunlara rəğmən dünyanın böyük dövlətləri, beynəlxalq qeyri-hökumət təşkilatları Ermənistanda baş verən pozuntulara göz yumdular, susdular və yaxud ən yaxşı halda onların üzərindən laqeydliklə keçdilər.

Ancaq bundan düz iki həftə sonra, aprelin 16-da Türkiyədə keçirilən referenduma münasibətdə isə nəinki nəticələrə etiraz olundu, hətta dəyişikliklərə “Hə” deyən insanlara qarşı aşkar təzyiqlər göstərilməyə başlandı. İstisnasız olaraq Avropa İttifaqı (Aİ) ölkələri Türkiyədə xalqın böyük çoxluğunun iradəsini əks etdirən nəticələrə qərəzli münasibət sərgilədilər. Beynəlxalq media qurumlarında yayılan xəbərlərə görə, hətta bir sıra Aİ ölkələrinə gedən türk iş adamlarına qarşı referendumdakı mövqeyinə görə münasibət göstərilir.

Beləliklə, referendumdan sonra türkiyəli iş adamları ilə Aİ arasında yeni bir psixoloji gərginlik yaşanır. Türkiyə mətbuatının iddialarına görə, ölkə ixracatının 60%-ni təşkil edən Aİ dövlətləri türk iş adamlarını referendumdakı səsvermədə mövqelərinin necə olduğunu açıqlamağa məcbur edirlər. Ümumiyyətlə, Aİ brökratlarından və iş adamlarından gələn bu təzyiqlər daha da irəli gedərək pasport məsələlərinə müdaxiləyə qədər yüksəlib. Almaniyadakı bir iş toplantısına qatılmaq məqsədilə Hannoverə gedən və aralarında MÜSİAD üzvlərinin də olduğu qrup gömrük polisi tərəfindən “Referendumdan “Hə” çıxdı. Məmnunsunuzmu? Siz necə səs verdiniz?” kimi suallara məruz qalırlar.

Maraqlıdır ki, Türkiyəyə qarşı əks-kampaniyanın önündə gedən şəxslər bəlli adamlardır və onların bir çoxu qardaş ölkədə separatçı fəaliyyətlə məşğul olan qurumlarla əməkdaşlıq edirlər. Almaniyada antitürkiyə təbliğatının önündə gedənlərdən biri, deputat Andrey Vunko terror təşkilatı olan PKK üzvləri ilə çoxsaylı foroları ilə “məşhurdur”.

Qeyd edək ki, aprelin 23-də Fransada da prezident seçkiləri keçirildi. Seçkiqabağı təbliğat kampaniyasında bəzi namizədlər nədənsə öz problemlərini kənara qoyub, ermənilərin “Dağlıq Qarabağ problemi”ni qabardırdılar. Namizədlərdən biri, keçmiş Baş nazir Fransua Fiyon isə ermənilərdən aldığı puldan “vəcdə” gələrək Dağlıq Qarabağın Ermənistana verilməli olması barədə boşboğazlıqla məşğul olurdu. Əlbəttə, bunu Fransadakı çoxsaylı erməni seçicilərinin səslərinin qazanılması kimi izah edənlər də var, ancaq hər halda bunun özü Azərbaycana qarşı qərəzli münasibətin təzahürlərindən biri kimi qiymətləndirilə bilər.

Fransanın özündə də ciddi seçki pozuntuları qeydə alınıb və ən böyük saxtakarlıqları isə elə F. Fiyonun tərəfdarları ediblər-seçki qutularına onun xeyrinə  xeyli sayda saxta bülletenlər atılıb...