KÖŞƏ

Taleh Turqut

Ermənistanda siyasi gərginlik artır

12 may 2017 22:39
1957

Ermənistanda daxili ictimai-siyasi vəziyyət gərginləşməkdə davam edir. İqtisadi vəziyyətin günü-gündən ağrlaşması əhalinin sosial həyatını getdikcə çətinləşdirir. On minlərlə vətəndaş hər ili ölkəni tərk edib yaşamaq üçün başqa ölkələrə üz tutur.

Vaxtaşırı Ermənistanda sosial tələblərlə bağlı etiraz aksiyalarının keçirilməsi müşahidə edilir. Belə aksiyalardan biri də yaxın günlərdə İcevan rayonunda keçirilib. Etirazçıların əsas tələbləri bölgədə avtomobil yollarının bərbad vəziyyətdə olması və kənd təsərrüfatı məhsullarının satışına qoyulan qadağalarla bağlı olub. Lakin ölkə mətbuatının yazdığına görə, tələblər bütün sosial sferanı əhatə edib və analoji durum bütün Ermənistan üçün hakimdir. Ölkədə iqtisadi vəziyyətin ağırlığı əhalinin güzəranını getdikcə çətinləşdirir. Dövlətin xarici borcları sürətlə artır.

Belə bir şəraitdə bu ilin aprel ayının 2-də keçirilən seçkilərdən sonra Ermənistanda siyasi gərginlik də artmaqda davam edir. Əsas mübarizə hələlik gizli formada prezident Serj Sarkisyanla Baş nazir Karen Karapetyan arasında gedir.

Belə ki, ikinci prezidentlik dövrünü başa vurmağa hazırlaşan Sarkisyan hakimiyyəti hansısa formada əlində saxlamağın yollarını axtarır. Ölkə konstitusiyasına dəyişikliklər də bu məqsədlə həyata keçirilib. Parlament üsul-idarəsi tətbiq etməklə Sarkisyan baş nazir kimi yenidən hakimiyyətinin ömrünü uzatmağı planlaşdırır. Onun bu niyyətdə olduğu tərəfdarlarının mediada vaxtaşırı bu barədə açıqlamalar vermələrindən də aydın olur.

Lakin yerli ekspertlər hesab edirlər ki, bu, o qədər də real görünmür. Bunun üçün Sarkisyan hazırkı baş nazir Karapetyanı zərərsizləşdirməyi bacarmalıdır ki, bu da asan olmayacaq. K. Karapetyan məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, o, hakimiyyətdən getmək fikrində deyil və gələcəkdə də baş nazir kimi fəaliyyət göstərmək niyyətindədir. Onun bu açıqlamasından sonra Sarkisyan taktikasını dəyişməyə məcbur olub.

S. Sarkisyanın baş nazirlik iddiasından vaz keçməsinin əsas səbəbini ekspertlər onun Karapetyana qarşı zəifliyi ilə izah edirlər. K. Karapetyan beynəlxalq erməni lobbisinin dəstəklədiyi fiqurlardan biri hesab edilir və onun Rusiyada da güclü dəstəyinin olduğu bildirilir. Dünya erməni lobbisinin ümidini üzdüyü Sarkisyan belə vəziyyətdə Karapetyana qarşı mübarizədə uduzacağını anlayır. Lakin bununla belə Serj hakimiyyətdə qalmaq niyyətindən də əl çəkmək istəmir...

Tərəfdarları indi də onun gələcəkdə Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəhbəri ola biləcəyi ideyasını ictimai dövriyyəyə buraxıblar. Bu, əslində dövlətin idarəçiliyinə nəzarətin ələ alınması deməkdir. Belə ki, konstitusiyaya edilən dəyişikliklərdən sonra MTŞ-nın səlahiyyətləri genişləndirilib və nəzarət funksiyası artırılıb. Sarkisyan özü də açıq şəkildə bildirib ki, o, gələcək fəaliyyətini təhlükəsizlik sistemi ilə bağlamağı planlaşdırır.

Görünən odur ki, Sarkisyan hələ uzun illər Ermənistanın boğazına keçirilən intihar kəndiri olmaq niyyətindən əl çəkməyəcək.