KÖŞƏ

Taleh Turqut

Qərbin çoxüzlü oyunu

19 oktyabr 2017 15:41
3302
Yaxud Smitin bitməyən “erməni sevgisi”

Avrasiya məkanında baş verən hadisələr beynəlxalq siyasi arenada gərginliyin pik həddinə çatdığını göstərir. Bu proseslər geosiyasi baxımdan əhəmiyyətli coğrafiyada yerləşən Azərbaycana təsirsiz ötüşə bilməzdi. Təəssüflə qeyd etmək lazımdır ki, bu təsir daha çox özünü ölkəmizə qarşı qarayaxma kampaniyaları və demokratik prinsiplərin müdafiəsi adı altında təzahür edən ikili standartlar formasında göstərir.

Qərbin Azərbaycana münasibətində ikili mövqe sərgiləməsi yeni deyil və 26 illik müstəqillik tariximizdə dəfələrlə belə halların şahidi olmuşuq. Lakin son illərdə Azərbaycan inkişaf etdikcə, iqtisadi və siyasi gücünü artırdıqca ikili standartlar və qarayaxmalar da bu prosesə adekvat olaraq güclənib.

Son günlər Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan əsassız kampaniya və qəbul edilən qətnamə ikili standartların bariz nümunələridir. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi bütün dünyaya bəlli olsa da, bu barədə indiyədək qəbul edilən beynəlxalq sənədlərdə qəti şəkildə heç bir fikir bildirilməmiş, əksinə, bəzi hallarda işğalçıya aşkar və ya gizli dəstək ifadə edilmişdir. Bu dəstək bəzən qeyri-hökumət təşkilatları tərəfindən icra edilsə də, bəzi hallarda rəsmi dövlət təşkilatları və beynəlxalq qurumlar tərəfindən belə nümayiş etdirilir. Keçmiş SSRİ məkanında mövcud olan münaqişələrə münasibətdə bu fərq özünü daha eybəcər göstərir. 

 Məlumdur ki, Avropa İttifaqı (Aİ) postsovet ölkələrinin bir neçəsi ilə assosiativ müqavilə imzalayıb. Maraqlıdır ki, həmin ölkələrin demək olar ki, hamısı bu və digər formada müxtəlif ərazi münaqişələrinin meydanına çevrilib. Lakin əsas məsələ bu deyil. Mühüm olan odur ki, Aİ eyni problemlə üzləşən yeni müstəqil dövlətlərə fərqli yanaşma sərgiləyib və beynəlxalq hüququn bir sıra prinsiplərinin pozulmasına “göz yumub”.

Bir neçə gün əvvəl eyni müqavilə Avropa İttifaqı ilə Ermənistan arasında da imzalanıb. Burada diqqətçəkən əsas məqam təcavüzkar bir dövlətlə imzlanan müqavilənin mətninin digər respublikalarla imzalanan müqavilə mətnlərindən fərqli olmasıdır. Eyni müqavilə Azərbaycanla təqribən oxşar problemlə üzləşən Moldova, Gürcüstan və Ukrayna ilə də imzalanıb. Hər üç ölkə separatizmlə üz-üzə qalıb və ərazi bütövlükləri təhlükə altındadır. Bunu nəzərə alan Aİ rəhbərliyi müqavilənin mətnində dövlətlərin ərazi bütövlüyü prinsipini prioritet olaraq qəbul edib. Lakin nədənsə Ermənistanla imzalanan müqaviləyə daha “yaradıcı” yanaşılıb. Müqavilənin mətnində Dağlıq Qarabağ münaqişəsinə də yer verilib və qeyd edilib ki, münaqişənin sülh yolu ilə və uzunmüddətli həlli üçün Ermənistan Respublikasının öhdəliyi əhəmiyyətlidir və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən aparılan danışıqlar çərçivəsində münaqişənin həllinə mümkün qədər tez nail olmaq zəruridir. Lakin əsas məqam odur ki, digərlərindən fərqli olaraq Ermənistanla imzalanan müqavilənin mətninə ərazi bütövlüyü prinsipi ilə yanaşı, “xalqların bərabərhüquqlu və öz müqəddəratını təyinetmə prinsipləri əsasında, həmçinin Avropa Birliyinin münaqişənin həllində öz üzərinə götürdüyü öhdəliklər nəzərə alınmaqla həll edilməlidir” sözləri də əlavə edilib.

Bu, ekspertlər tərəfindən ikili standartlar kimi qiymətləndirilir və haqlı olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən prinsip hesab edilir. Sazişin mətni aşkar şəkildə ermənilərin maraqlarını ehtiva edir.

Son günlərdə Qərb dairələrində “erməni sevgisi”nin vüsət alması bununla yekunlaşmır. Dünən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın Helsinki Komissiyasının təşkilatçılığı ilə keçirilən dinləmələr problemin həlli yollarının araşdırılmasına deyil, Ermənistana dəstək üçün yeni imkanların axtarılmasına həsr edilmişdi. Dinləmələr Dağlıq Qarabağda müharibənin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in roluna həsr edilib.

Xatırladaq ki, dinləmələrdə ATƏT-in Minsk qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış ediblər.

Lakin təşkilatçıların adları və onların fəaliyyətləri tədbirin əsas mahiyyətini ortaya qoyur. Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smitdir. Vaxtilə Demokratlar Partiyasının üzvü olan Smit indi ABŞ Respublikaçılar Partiyasında fəaliyyət göstərir və ölkəsindəki erməni lobbisinin ən qızğın müdafiəçisi kimi tanınır. K. Smit Azərbaycana qarşı məlum “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışan şəxslərdəndir. Eyni zamanda, K.Smit ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındandır.

K.Smit ABŞ-da antiazərbaycan fəaliyyətin öndə gedən isimlərindədir. 2015-ci ildə Azərbaycanda bəzi dövlət məmurlarına qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı layihəni Konqresə məhz o təqdim etmişdi.

Bu baxımdan sözügedən dinləmələrin Azərbaycanın xeyrinə, yaxud ən azından ədalətli və obyektiv olacağına ümid etməyə dəyməzdi. K. Smitin yeganə məqsədi ABŞ-ın ermənilərə dövlət dəstəyini təmin etməkdən ibarətdir. Əgər belə olmasaydı 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış  yekun aktının  10 əsas prinsipinin 8-ni pozan Ermənistana açıq dəstək göstərilməz, onun işğalçı dövlət olduğu tanınardı.

Görünən odur ki, terrora qarşı mübarizədə, demokratiya və insan haqları sahəsində qəbul edilən prinsiplərə, sərhədlərin toxunulmazlığı və suverenliyin qorunması qaydalarına Qərbdə yalnız öz maraqlarına uyğun olduqda diqqət yetirilir. Digər hallarda isə bu qaydaları onlar özləri də poza bilərlər...