KÖŞƏ

Şəfiqə Dadaşova

Erməni xalqının qara günləri qabaqdadır

26 aprel 2018 22:40
3358

Aprelin ayının 13-dən başlayaraq Ermənistanı ağuşuna alan etiraz aksiyalarının nəticəsində Serj Sarkisyan istefaya getdi. Hazırda işğalçı ölkədə baş verənlər dünyanın gündəmində də öz yerini almaqdadır. Siyasi şərhçilər Ermənsitanda baş verən hadisələri qiymətləndirərkən xüsusilə iğtişaşların fəalı və başçısı hesab olunan Nikol Paşinyanın kimliyini otaya qoyurlar. Həqiqətən də inqilabın başında durmaq üçün lazım olan keyfiyyətlərin heç birinə malik olmayan Paşinyanın kimliyi son günlər sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Belə ki, “Twitter” sosial şəbəkəsində Paşinyan haqqında gülməli statuslar paylaşılır. Onun zahiri görüşünü və inqilab liderinə yaraşmayan görüntüsü insanlarda gülüş yaradıb.

Erməni xalqının nifrətini qazanmış Serj Sarkisyan isə hələ aprel iğtişaşlarından əvvəl insanların gülüş obyektində idi. Onun siyasi lider kimi savadsızlığı və bunun sayəsində etdiyi məzmunsuz çıxışlar artıq uzun illərdir ki, insanlar tərəfindən gülüş obyektinə çevirilib. Baş nazir vəzifəsinə seçiləndən sonra parlamentdə “Ermənistan artıq 2016-cı ilin Ermənistanı deyil” söyləyən Sarkisyanın bu sərsəm bəyanatı təkcə digər xalqların nümayəndələri tərəfindən yox, elə erməni xalqı tərəfindən gülüşlə qarşılandı. Aprel döyüşlərini nəzərdə tutaraq işlədilən bu ifadə onun təkcə siyasi savadsızlığını yox, həm də insani keyfiyyətlərini bir daha üzə çıxardı. Adı dəfələrlə soyqırımı hadisələrində, insanların vəhşicəsinə öldürülməsi, körpələrə insanlığa yaraşmayan işgəncələrin verilməsi kimi hadisələrdə tez-tez hallanan Sarkisyanı təkcə erməni xalqı deyil, bütün dünya yaxşı tanıyır.

Sarkisyan ölkəni uçuruma aparmasına, cinayətkar rejimin başında dayanmasına baxmayaraq, üçüncü dəfə hakimiyyət istəyinə nail olmuşdu.  Belə bir insanın Ermənistana rəhbərlik etməsi heç erməni xalqının da maraqlarında deyildi. 20 ildən artıq bir müddətdə münaqişənin həlli üçün heç bir addım atmayan Sarkisyanın işğalçılıq siyasəti erməni xalqını da bezdirib. Dəfələrlə erməni əsgərlərinin anaları iğtişaşlarda “Biz övladlarımızın başqa torpaqda ölməsini istəmirik” demələri aydın sübut edir ki, Sarkisyana olan ümidlər artıq çoxdan ölüb.

Ermənistanda baş verən hadisələrin bundan sonra necə cərəyan edəcəyi də hər kəsin diqqət mərkəzindədir. Ola bilsin ki, ölkədə bundan müvəqqəti hökumət formalaşdırılsın, sonra növbədənkənar parlament seçkiləri keçirilsin. Yeni parlament seçiləndən sonra müvafiq olaraq baş nazir seçilməlidir. Politoloqlar isə hesab edirlər ki, parlamentdə hansı siyasi partiya çoxluq əldə edəcəksə, o sıralarından baş nazir yerinə öz namizədini irəli sürəcək. Ola bilsin ki, koalision hökumət yaransın. Təbii ki, Sarkisyana heç kim seçkilərdə iştirak etməyi qadağan etməyəcək. Ola bilsin ki, bu gün hakim sayılan Respubikaçılar partiyası seçkilərdə iştirak etsin və yenə qalib gəlsin. Bax əsl məsələ bundan sonra başlayacaq. Belə görünür ki, erməni xalqının qara günləri hələ qabaqdadır.