KÖŞƏ

Şəfiqə Dadaşova

Bəlkə də Anarın kitablarını yandıra bilərsən, amma oxucu sevgisini əsla!..

22 fevral 2018 14:37
3396

“Xalqın şairini şübhə altına salmaq, onun milyonlarla oxucusunu şübhə altına salmaq deməkdir”. Məşhur “Bəxt üzüyü” filmini izləyənlər üçün bu cümlə yad olmamalıdır. Azərbaycanda tragikomediya janrında çəkilən filmlər arasında, eyni zamanda insanı maarifləndirən bir filmin əsas obrazlarından olan şair Moşu Göyəzənlinin bu fikirləri əslində bütün şair və yazıçılar üçün keçərlidir. Şair, yazıçı, dramaturq - bir sözlə, qələm və ruh adamını yaşadan onun əsərlərini oxuyanlar, ondan ilham alanlardır. Təbii ki, bütün insanların sevdiyi yazıçı eyni ola bilməz. Əlbəttə, zövqlərin müxtəlifliyi bu mövzuda da öz işini görəcək. Amma bu məsələlərə fərdi yox, ümumi obyektdən baxanda dahi Səməd Vurğunun “De gəlsin hər nəyin vardır, deyilən söz yadigardır” misralarını xatırlayıram. Ona görə ki, bu gün çap olunan kitablar, yazılan əsərlər min illər sonra da bu gün üçün fikir formalaşdıracaq, tarix olacaq.

Ədəbi bənzətmələrlə başladığım bu yazıda əslində siyasi fikirlərə heç yer vermək istəməzdim. Amma sual oluna bilər ki, niyə məhz bu mövzuda yazı qələmə almışam? Elə bu yerdə səbəbini açıqlamaq istəyirəm. Hazırda ölkədə prezident seçkilərinə hazırlıq gedir. Təbii ki, hər bir demokratik respublika kimi, bu proses Azərbaycanda da xüsusi diqqət və maraqla izlənilir. Təbii ki, cəmiyyətin nisbətən üzdə olan simalarının fikirləri bizim üçün daha da maraqlıdır. Əslində ədəbiyyat nə qədər siyasətdən uzaq bir sahə olsa da,  həyat göstərir ki, hər ədəbi fikirdə bir siyasilik, hər siyasi çıxışda bir bədiilik mütləq olur. Ona görə də qələm sahiblərinin yazarlıqdan əlavə ölkədə baş verən mühüm hadisələrə reaksiya vermələri düşünürəm ki, düzgün qarşılanmalıdır.

Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, təkcə Azərbaycanda deyil, dünyada məşhur olan yazıçılarmızın ölkə başçısı İlham Əliyevə dəstək fikirləri müxalif gəncləri o qədər silkələyib ki, onlar həmin yazıçılarımızın əsərlərinin yandırılması aksiyasına başlayıblar.

Əslində bir gənc kimi çox üzüldüm. Çünki bu gün savadlı, dünyagörüşlü, sağlam düşüncəli gənclərimizin arasında bu qədər geridə qalmış, təfəkkürdən kasad, etdiyi hərəkətlərin mahiyyətinə varmadan davrananlar var. Normal düşüncəsi olan hər insan dərk edir ki, bir yazıçının əsərini, kitabını yandırmaq bir insanı öldürmək qədər vəhşi bir hərəkətdir. Yazıçının əsəri onun ürəyi, beynidir. Onları məhv etmək sözünün yanında qəddarlıq, vəhşilik, qansızlıq sözləri aciz qalır...

Anar müəllim haqqında tez-tez tənqidi yazılara rast gəlmişəm. Elə özü də açıqlamalarında bunu dilə gətirib. Deyib ki, o qədər məndən yazıblar ki, hamısını yığmışam bir yerə, bir gün çap etdirəcəm. Çox maraqlıdır ki, yazıçının əsərlərini yandıranlar o insanlardır ki, onlar bu günə qədər Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, tarixinə, siyasətinə heç bir halda töhfə verməyiblər. Bundan sonra da bu düşüncə ilə verə bilərlərmi sualının cavabını isə təxmin etmək heç də çətin deyil. Mənim demək istədiyim o deyil ki, insanlar tənqid etməməlidirlər. Əksinə, mən hər zaman tənqidin tərəfdarı olmuşam. O tənqiddən ki, dərs götürəcəm, qoy o tənqid hər gün olsun. Amma tənqid edən insanların kimliyi də önəmlidir. İstər ədəbi mühitdə, istərsə də ictimai-siyasi həyatda baş verənlər hər kəsin təqdirinə və tənqidinə açıqdır. Lakin bir qrup gəncin yazıçı Anarın siyasi mövqeyini bəyənmədiyinə görə kitablarını yandırmaqları insanın istər-istəməz xislətinə toxunur. Ədəbiyyatı yandırmaq eləmi asandır? Bu, təkcə kağız parçalarına tökülən fikirləri yandırmaq deyil. O kitablar tarixdir. Ey kitabları yandırmaq üçün açıq səslə həmyaşıdlarını bir olmağa səsləyən, zavallı gənc! Həmyaşıdlarından biri də mənəm və mən sənə deyirəm ki, ədəbiyyat həm də tarixdir. Sənin, Vətəninin tarixidir. Ədəbiyyat sənin ana dilindir. Sənin adət-ənənən, varlığın, ruhun, cismindir. Sabah digər xalqların ədəbiyyatına qarşı qoyacağın sübutun, dəlilindir. Sənin milliliyin, doğmalığın, aliliyindir. Yandıra bilərsənmi bunları? Ana dilini, sahib  olduğun dəyərləri, ailənin, elə öz ruhunu yandıra bilərsənmi? Bəlkə də cavab olaraq deyəcəksən ki, hə. Təəccüblə qarşılamaram inan. Bu hərəkəti edən bir gəncin cavabı da elə bu olar. Amma bağışla, bilməlisən ki, insanı heyvandan fərqləndirən onun beyini, hissi, ruhudur. Bunlara sahib olmayan insanın heyvandan fərqi olmaz. Bunu da bir düşün.

Yadıma orta məktəbdə ədəbiyyat dərsində müəllimlərimizin Mirzə Cəlil, Sabir, Mirzə Fətəli Axundzadə kimi, klassik Azərbaycan ədəbiyyatının qaymaqlarına o vaxtlar göstərilən münasibətlər haqqındakı rəvayətləri gəlir. Əsərləri qadağan olunan, yandırılan, özləri mənəvi terrora düçar olan bu şəxslərin adı illər, əsrlər keçsə də yaddaşlardadır. Çox qorxuludur bu vəziyyət, il olub 2018, əsr olub 21. Yəni içi nifrətlə dolu olan, xisləti əvvəldən korlanan  belə insanlar içimizdə hələ də mi var?! O vaxtkı yazıçılarımıza göstərilən qəddarlıq unutdurdumu Mirzə Cəlili, Sabiri? Əsla yox. İndi təzədən düşün görək Anarın kitablarını yandırmaq nə deməkdir?

Əminliklə, birmənalı deyirəm ki, bu gün Anarın kitablarını yandıraq deyənlərin heç biri onun əsərlərini bir dəfə də olsun oxumayıblar. Anar əvvəlcə “Dantenin yubileyi”ni yazdı, sonra “Yaxşı padşahın nağılı”nı qələmə aldı. Bütün hallarda yazdı, ortaya əsər çıxartdı, onu sevməyənlərdən, hətta ondan fərqli mövqe qoymayanlardan önə çıxaraq ciddi kitablar ortaya qoydu. O gənclərin heç ondan da xəbəri yoxdur ki, hazırda dünyada Azərbaycan ədəbiyyatını məhz iki yazıçının əsərləri hesabına tanıyırlar. 2017-ci ilin yayında Moldovada bir kitabxanada ölkəmizdən yalnız iki şəxsin əsərlərinin tərcümə olunmuş variantını gördük - Anarın və Çingiz Abdullayevin. Rusiyada, Türkiyədə, Avropada da eyni vəziyyətdir.

“Yaxşı padşahın nağılı”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”,  “Ağ liman”, “Ağ qoç, Qara qoç”... Deyək ki, bu gənclər adıçəkilən kitabların hər birindən xəbərsizdirlər. Bəs  “Beşmərtəbəli evin altıncı mərtəbəsi”? Uşaqdan böyüyə hər kəsin sevərək izlədiyi filmin ssenarisinin kimə məxsus olduğunu bilmirlərmi? Yəni onlar heç eşitməyiblərmi ki, 60-cı illər ədəbiyyatından üzü bu tərəfə bu qədər sevilən, müzakirə olunan, təkrar-təkrar oxunan bir əsər hələ də yoxdur? Heyif, çox heyif. Bir tərəfdən də düşünürəm ki, həmin gənclər elə bunları bilərəkdən bu yola baş qoyublar. Buna isə daha çox heyifslənirəm. Buna görə indi mənə ayrılan bu köşədən istifadə edərək üzümü, böyük cəsarətlə “Anarın əsərlərini yandıraq” deyən həmin gənclərə tuturam:

Ey, özünü qəhrəman zənn edib əsl qəhrəmanı öldürməyə çalışan! Yəqin bu fikri ortalığa atıb yanına da özün kimi üç-beş nəfər alıb hərəkətə keçmisənsə, səni qarşıda hansı fikirlərin gözlədiyini də azdan-çoxdan təxmin etmisən. Yandırmaq istədiyin o kitabların müəllifi bu xalqa ləyaqətlə xidmət edib. Beyninin məhsulu ilə bir siyasətçinin görə biləcəyi işdən bəlkə də daha artığını görüb. Anara qarşı çıxmazdan qabaq gərək onu oxuyardın. Amma elə-belə oxumaq yox, gərək onu diqqətlə oxuyardın. Onda bilərdin ki, Anarı yandırmaq sadaladığım meyarlarla yanaşı, əslində elə sənin özünü yandırmaqdır. Çünki adım kimi əminəm ki, Anarı oxusan o kitabın ən azı bir səhifəsində, bir sətrində özünə aid nələrisə tapacaqsan. Elə isə başla. Əgər yandırmaq bu qədər asandırsa, onda durma, özündən başla.