KÖŞƏ

Vəli İlyasov

Prezidentimizin Brüssel uğuru

18 iyul 2018 22:23
3098

Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfərindən bir həftəyə yaxın müddət keçsə də, səfərin nəticələri hələ də dünya və ölkə mediasının gündəmində əsas yerlərdən birini tutur. Göstərilən reaksiyalarda Azərbaycanın müstəqil siyasət aparması, dünyaya sürətlə inteqrasiya etməsi, Avropanın enerji təhlükəsizliyində oynadığı rol,  ölkələrlə qarşılıqlı əməkdaşlığını daha da möhkəmləndirməsi təqdir olunur.

              Fərəhli haldır ki,  ölkəmiz dünyada  müstəqil siyasətini uğurla davam etdirir, ən çətin problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün  güc mərkəzləri ilə  dialoqlar aparır, beynəlxalq strateji qurumlar üçün önəmini getdikcə artırır. Bəzi bədxah  dairələr isə bunu istəmir, Azərbaycanı müstəqil siyasətdən çəkindirmək üçün müxtəlif süni  maneələr yaratmağa çalışırlar. Prezident İlham Əliyevin Brüssel səfəri ərəfəsində  Gəncədə törədilən təxribat və terror aktları, məlum enerji böhranını da bu təhdidlər sırasına aid etmək olar. Məlumdur ki, Ermənistanın və himayədarlarının işğal faktını legitimləşdirmək yolunda onilliklər boyu atdıqları addımlar açıq-aşkar uğursuzluğa düçar olub. Ancaq həmin dairələr  zəifləmiş Ermənistanı daim güclənən Azərabaycanın qarşısında müdafiəsiz qoymaq istəmirlər. Bunun üçün  hansı yollarla olursa-olsun Azərbaycandakı inkişafı dayandırmağa, onun irəliləyən diplomatiyasının qarşısını almağa cəhd  göstərirlər. Lakin  bu dəfə də Azərbaycanın müstəqil siyasət kursunu  əngəlləmək mümkün olmadı.

 Dediyimiz kimi, Azərbaycan  Prezidenti  İlham Əliyev hazırda dünyanı sarmış  gərgin  siyasi  atmosferdə Brüssel səfərini  uğurla  keçirdi.  Prezident  İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının (Aİ)  prezidenti Donald Tusk,  BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo və digər rəsmi şəxslərələ  görüşdü. Tərəflər Azərbaycan ilə BMT  və  Aİ arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdilər. Aparılan söhbətlər  zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi də müzakirə edildi. Prezident İlham Əliyevin və xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldə keçirdikləri görüş və müzakirələrdə Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edildi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin təxirəsalınmazlığı qətiyyətlə irəli sürüldü. Azərbaycan rəhbərinin Belçikaya səfərinin xronikasından da məlum olduğu kimi, Avropa İttifaqı Şurasının rəhbərliyi ilə keçirilən görüşlər və imzalanan yeni tərəfdaşlıq sənədi əlaqələrin daha da dərinləşməsinə yol açdı. Dövlət başçısı İlham Əliyevin   Donald Tuskla  görüşündə Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparıldı. NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü çərçivəsində aparılan danışıqlarda isə beynəlxalq hərbi-siyasi qurum rolu oynayan olan bu təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı üçün yeni üfüqlər açıldı. Bir sözlə, Brüsseldə  keçirilən bütün görüşlər Azərbaycan dövlətinin mövqelərinə yeni dividendlər qazandırdı. Onsuz da mat vəziyyətinə düşmüş Ermənistanın baş naziri Nikol Paşinyanın isə heç bir gedişi baş tutmadı,  düşmən dövlətin başçısı Brüsseldən əliboş və məyusluqla qayıtdı. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə Ermənistanı dəfələrlə üstələdiyini bir daha təsdiq edir.