KÖŞƏ

Vəli İlyasov

İtlə yoldaş olanın çomağı əlində gərək...

10 oktyabr 2018 22:08
3807

Dağlıq Qarabağ münaqişəsinin həllini hakimiyyəti əldə saxlamaq üçün  manipuliyasiyaya çevirən Ermənistan rəhbərləri bundan yararlanmağa çalışırlar. Əvvəlki sələflərindən o qədər də fərqlənməyən baş nazir Nikol Paşinyan da bu yolu tutub. Ermənistan elitasında Azərbaycanın artan təzyiqindən qurtarmaq, öz xalqını isə daim müharibə qorxusu altında saxlamaq artıq ənənəyə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədəki qısa söhbətindən sonra təmas xəttində gərginlik xeyli azalıb. Cəbhədə atəş səsləri seyrəlib. Ancaq atalar yaxşı deyiblər: “İtlə yoldaş ol, amma çomağını yerə qoyma”. Yəni ermənilərə etibar etmək olmaz. Ermənilər Dağlıq Qarabağ məsələsində  bərkə düşən kimi digər bölgələrdə süni gərginlik yaradırlar. Ona görə də hərbi hissələrimiz sayıqlığını daha da artırır.

Bu günlərdə Ermənistanın müdafiə naziri  David Tonoyan və erməni hərbi birləşmələrinin baş qərargah rəisi Artak Davtyan Naxçıvanla sərhəddə erməni əsgərlərinin vəziyyətini yoxlayıblar.

Ermənistanın yaydığı rəsmi məlumatda deyilir ki, müdafiə naziri Naxçıvanla sərhəddə atəşkəs rejiminə necə əməl edildiyini yoxlamaq məqsədi ilə bura baş çəkib. Həmçinin qeyd olunur ki, Tonoyanın Naxçıvanla sərhədə gəlişi Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyanın Düşənbədə atəşkəsin qorunması ilə bağlı razılaşmasına əməl etmək tapşırığını vermək məqsədi daşıyır.

Cəbhədəki vəziyyət,  erməni hərbi birləşmələrinin atəşkəsə qismən riayət etməsi bu versiyanı təsdiq edir. Azərbaycan Respublikası  Müdafiə Nazirliyinin məlumatına görə, işğalçı tərəf dünən gecə atəşkəsi cəmi 29 dəfə pozub. Bu, əvvəlki dövrlərlə müqayisədə olduqca azdır.

Lakin David Tonoyanın məhz Naxçıvanla sərhədə gəlişi bu ilin 20 may tarixində erməni hərbi birləşmələrinin təxribat hücumunu yada salır və şübhələrə yol açır.

Həmin vaxt  da general David Tonoyan və xarici işlər naziri Zöhrab Mnasakanyan Naxçıvanla sərhəddəki hərbi hissələrə  baş çəkdilər və bunun  ardınca erməni silahlı  birləşmələri təxribat törətdilər. Aydın görünürdü ki, Ermənistan hücumun istiqamətini  dəyişdirirərək, diqqəti Qarabağdan yayındırmaq istəyir. Digər tərəfdən, Naxçıvan iddialarının yenidən gündəmə gəlməsi də bu səfərlərin təsadüfi olmadığını deməyə əsas verir. Mümkündür ki, David Tonoyanın Naxçıvanla sərhədə səfəri işğalçı ölkənin yeni təxribatçı  planının bir hissəsidir.  Ancaq ermənilər təxribat törətməyə çalışsalar Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələrinə məruz qalacaqlar. Qoşunlarımızın yüksək döyüş hazırlığı belə deməyə tam əsas verir.