KÖŞƏ

Vəli İlyasov

Rüstəm İbrahimbəyov yoxsa Arustam İbragimbekyan?

31 may 2018 00:55
3725

İndi ölkədə bir ad və soyaddan söz düşəndə hamı sanki allergeya keçirir, hərə onun haqqında nifrətlə danışıb törətdiyi əməlləri lənətləyir.

Barəsində nifrətlə danışılan kəs kino sənətinə ləkə gətirən  Rüstəm İbrahimbəyovdur. Bu kinoçu elə bir məlun iş görüb ki, bütün nəslinə-kökünə əskiklik və damğa gətirib.

Xalqını, Vətənini satanları həmişə istər yazılı qanunlar, istərsə də yazılmamış qanunlar yalnız ölümə məhkum edib. Rəhmətlik Xalq artistimiz Nodar Şaşıqoğlunun italyan novellasında oynadığı qısametrajlı bir filmdə ibrətli səhnə var. Yadelli işğalçılar kəndə böyük qüvvə ilə hücum edib oradakı yerli partizan dəstəsini darmadağın edir. Partizanlardan biri qaçıb kənddəki dostunun həyətində gizlənir. Həyəti axtaran düşmənlərin komandiri balaca oğlanı yanına çağırıb ona bildirir ki, partizanın yerini desə ona saat bağışlayacaq. Saatdan xoşu gələn uşaq şirniklənərək ot tayasında gizlənmiş  partizanın yerini göstərir. Səfərdən qayıdan uşağın atası oğlunun saat müqabilində dostunu ələ verdiyini bilən kimi üzü sərt ifadə alır. Tayfasına rəzalət gətirən oğlunun satqınlığını bağışlamır, onu cəzalandırmaq qərarı verir. Ata oğlunu kənddən çıxarıb bir təpəlikdə  güllə ilə vurub öldürür. “Satqının cəzası budur”,- deyir. 

Rüstəm İbrahimbəyov kimi kinoda və  həyatda saç-saqqal ağartmış bir şəxs bunu bilməmiş deyil. Özünün mənsub olduğu xalqı bundan ağır təhqir etmək olmaz . Bu, saqqallı Rüstəmin bizlərə olan kin-küdurətinin pik nöqtəsidir. Axmaq bir ssenari yazıb bəsit film çəkmək onun çal saqqalına qətiyyən yaraşmır. Qeyd etmək lazımdır ki, film çox süni və zəif alınıb. Aktyorların naşılığı dərhal hiss olunur. Azərbaycanlının Azərbaycandan çəkdiyi filmdə bir nəfər də olsun azərbaycanlı aktyor iştirak etmir. Ssenari isə orta məktəb şagirdinin təxəyyülü səviyyəsinə belə uyğun gəlmir, yəni çox çiydir. Tamah bədnam kinossenaristə o qədər güc gəlib ki, hər cür rəzaləti yalnız  öz boynuna götürüb.

Mən də bir vətəndaş kimi ağsaqqala layiq olmayan bu naxələfə olmazın sözlərini deməkdən çəkinmərəm. Çünki o,  bizi istədiyi dərəcədə alçaltmağa çalışıb və görünməmiş dərəcədə təhqir etməkdən çəkinməyib.

Çəkdiyi “Qafqaz üçlüyü” filmciyində qorxaq azərbaycanlı obrazı elə onun özünün prototipidir. Qəhrəman xalqımıza qorxaq deməklə o, yalnız öz düşmənçiliyini büruzə verib, bizim şanlı keçmişimizin üstündən sükutla keçib. Özü də bilərəkdən. O, bizim Uzun Həsənimizi, Qara Yusifimizi, Şah İsmayılımızı, Pənah xanımızı, Cavad xanımızı, Qaçaq Nəbimizi, Həzi Aslanovumuzu, Mehdi Hüseynzadəmizi, Gəray Əsədovumuzu və yüzlərlə qəhrəman sərkərdələrimizi və döyüşçülərimizi unudub. Təkcə Mübariz İbrahimovumuzun yüzlərlə silahlı erməninin içiərisinə gedərək 154 qulduru təkbaşına məhv etməsini eşitməyib görəsən? Gözləri kordumu, qulaqları kardımı?

Bəyəm Rüstəm kirvə bilmir ki, hazırda Bakıda 30 mindən çox erməni yaşayır və onlara güldən ağır söz deyən yoxdur?  Hələ demirik ki, həftəbaşı bir erməni Bakıya ziyarətə gəlir və onlar görürlər ki, şəhərdəki erməni abidələri olduğu kimi saxlanır, hətta təmir də olunur. Halbuki Ermənistanda bir nəfər olsun azərbaycanlı yaşamır və qəriristanlıqlarımız, abidələrimiz dağıdılıb, şəhər və kəndlərimiz yandırılaraq viran qoyulub. Ona-buna nökər -naiblik etmək sövdasına düşmüş cızmaqaraçı Əkrəm Naibovdan ibrət götürmək üçün Rüstəm İbrahimbəyova çoxmu ağıl lazım idi?

Sual çoxdur, heç cavabı da lazım deyil. Çünki ermənilərin Rüstəm kirvəsi elə bir rəzil iş görüb ki, onun bağışlanma alibisi və izahı yoxdur. Bu kişinin bir yolu qalıb ki, ermənilərə daha əziz olmaq üçün adını dəyişib Arustam, familiyasını isə İbragimbekyan qoysun. Onda ermənilər onu daha çox  əzizləyərlər,  Zori Balayandan, Silva Kaputikyandan və türklərin qanını içən digər cəlladlardan daha üstün tutarlar.

Təəccüblüdür ki, mənsub olduğu xalqı mədəniyyətsiz, vəhşi, qəddar, qaniçən kimi qələmə verən bu adam hətta o ağılla Azərbaycan prezidentliyinə hansısa çirkin məqsədlərlə  can atırmış. Bəs xalqı bəyənməmək hara, ona rəhbər olmaqdan ötrü dəridən-qabıqdan çıxmaq hara? Təbii ki, bu işdə o tək deyil. Ağızlarına tulapayı atdığı özükimilər indi susmaqla onun mövqeyində durduqlarını təsdiq edirlər. Qısaca desək, bankirin əleyhinə çıxmağa cürət etmirlər. Meydanlarda bar-bar bağıran əli kərimlilər, cəmil həsənlilər və daha kimlər səslərini çıxarmırlar. Elə bil ki, təhqir olunan, alçaldılan bunların xalqı deyil. Əslində elə belədir.

Bunlar Vətən, torpaq  qeyrəti çəkən olsaydılar Xocalı, Qaradağlı, Cəmilli, Bağanis-Ayrım və digər faciələrimizi dünyaya yaymağa cəhd göstərər, günahsız soydaşlarımızı amansızlıqla qıran erməni vəhşilikləri barədə dünyaya haray çəkərdilər. Yox, bunlar belələrinə sərf etmir. İndiyədək əldə etdikləri, Azərbaycanda hər şəraitlə təmin olunan, vəzifə tutan, fəxri ad alan, yağ yeyib yaxada gəzən, ancaq daha artıq iddialarda olan Rüstəm İbrahimbəyovu qane etməyib. “Bəşəri yazıçı” adı, Nobel mükafatı almaq həvəsi ona başqa adlar qazandırdı: Vətən xaini, satqın, şərəfsiz və s. Nəhayət, ömrünün sonunda tamahının əsiri olaraq rəzalətə yuvarlandı.

 Hamının ürəyindən onda tikan çıxacaq ki, lənətlə damğalanmış Rüstəm İbrahimbəyov Azərbaycanda  ona verilən fəxri adlardan, titullardan, təltiflərdən məhrum edilsin. O, Azərbaycan vətəndaşları sırasından rədd edilməlidir.  Onun ayağı müqəddəs torpağımızdan kəsilməli, izi qaşınıb atılmalıdır, yoxsa ata-babalarımızın müqəddəs ruhları bizi bağışlamaz.