KÖŞƏ

Vəli İlyasov

Ayının min oyunu bir armudun başındadır

31 mart 2018 00:32
4927

Azərbaycanda seçkiöncəsi ictimai-siyasi mühitin normal olması, qeydə alınmış  prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyaları üçün heç bir məhdudiyyətin olmaması, xalqın seçki prosesini maraqla izləməsi və müdafiə etməsi yerli və xarici antiazərbaycan qüvvələrin  böyük narahatlığına səbəb olub.

Seçkiləri boykot etməklə hakimiyyət uğrunda sivil mübarizə aparmaq istəmədiyini bir daha sübut edən “Milli Şura” adlanan qurumun radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması Azərbaycanın əleyhinə olan təxribatçı qüvvələrin yeni öhdəlik götürdüklərindən xəbər verir. Təbii ki, belə öhdəlikləri yerinə yetirmək üçün “milli” icraçılar xaricdəki ağalarından külli miqdarda pul alırlar. Onları dingildədib yoldan və ədəb-ərkandan çıxaran da elə budur. Bu yolda şeytanla da əməkdaşlıqdan çəkinməyən Cəmil Həsənli və Əli Kərimli kimilərinin yazdıqları ssenari üzrə “fəaliyyət” göstərirlər.

Xalqı hakimiyyətə qarşı kütləvi iğtişaşa, vətəndaş itəaətsizliyinə səsləyən “Milli Şura” və Azərbaycanda “cihad” arzusunda olan radikal dindarları birlikdə fəaliyyət göstərməyə təşviq edən başlıca səbəblərdən biri Azərbaycanda möhkəmlənmiş hakimiyyət-xalq vəhdəti və birliyi amildir.

“Milli Şura” və radikal dindarlar ölkədəki sabitlik və əmin-amanlıq mühitini pozmaq üçün daim fürsət axtarırlar. Bu antimilli ünsürlər Azərbaycan xalqından onları daim müxalifətdə saxlaması, onlara dəstək verməməsi, hər zaman mütərəqqi ideyaların daşıyıcısı olduğu üçün qisas almaq istəyirlər. Əvvəllər bu istiqamətdə törədilmiş cinayət hadisələri dediklərimizə sübutdur. Nardaranda dövlət əleyhinə silahlı çevriliş cəhdləri  isə bunun ən bariz nümunəsidir.

İran İslam Respublikası Prezidentinin Azərbaycana səfərinə iki gün qalmış, “Milli Şura” ilə radikal dindarların tələm-tələsik bir araya gələrək vahid koordinasiya mərkəzi yaratdıqlarını elan etmələri bir daha bu qüvvələrin Azərbaycan üçün nə qədər yad olduğunu və düşmən münasibəti bəslədiyini açıq göstərir.

Antiazərbaycan, antiİslam fəaliyyəti ilə tanınan bəzi Qərb institutlarının müəyyən etdiyi istiqamət üzrə hərəkət edən Əli Kərimli martın 31-də keçirəcəyi mitinqdə radikal dindarların iştirakını təmin etmək məqsədilə bir-birinə zidd qütblər arasında manevr etməyə çalışır. Bundan əvvəlki bütün mitinqlərin biabırçılıqla nəticələnməsi onu bu addımı atmağa vadar edir. Bunlar xalqa qarşı o qədər nankorluq edirlər ki, hətta 1918-ci ilin Mart soyqırımının 100-cü ildönümü günündə mitinq təşkil etməyə qərar veriblər. Bu, xalqa qarşı açıqca hörmətsizlik və təhqirdir. Belə görünür ki, şəkkaklıq, pul və vəzifə hərisliyi bunları insanlıq simasından tamamilə çıxarıb. Kosmopolit düşüncələrlə yaşayan Vətən xainləri düşmənimiz olan ermənilərə qarşı nəinki çıxır, hətta onlarla həmrəylik nümayiş etdirirlər.

“Milli Şura” və radikal dindarların başlıca hədəfələrindən biri Azərbaycan xalqı ilə hakimiyyət arasında gərginlik yaratmaq, ortaya vətəndaş müharibəsi salmaq, ölkəni döyüş poliqonuna çevirməkdir. Bu məqsədlə qarşıya qoyulan vəzifələrdən biri müxtəlif təxribatlar törədərək mümkün qədər çox mitinq iştirakçısının həbs olunmasına nail olmaqdır.

Əli Kərimli ilə Taleh Bağırzadənin yeni vüsət almış sinxron fəaliyyətlərinin təməlini təşkil edən qara  məqsəd və çirkin öhdəlik seçkiöncəsi və seçkidən sonra Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etməkdir.

Azərbaycanda heç bir sosial bazaya və xalqın dəstəyinə sahib olmayan “Milli Şura” və radikal dindarlar formalaşdırdıqları trol dəstələri vasitəsilə sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqqında dezinformasiya tirajlayır, dövlət və dövlətçilik üçün zərərli ideyaların yayılması ilə məşğul olurlar. Hətta bu qüvvələr Azərbaycan uğrunda öz sağlamlığını qurban vermiş Qarabağ veteranlarını belə təhqir etməkdən çəkinmirlər. Bu hərəkətlərlə onlar dinc adamları murdar siyasi oyunlarına qatmağa, vətəndaşları qarşı-qarşıya qoymağa və ölkədə xaos yaratmağa çalışırlar.

Qətiyyətlə demək olar ki, “Milli Şura” vətəndaş qarşıdurması yolu ilə Azərbaycan dövlətçiliyini məhvə doğru sürükləmək, radikal dindarlar isə ölkədə dünyəvi quruluşu ləğv etmək və şəriət qanunlarına əsaslanan rejim yaratmaq niyyəti güdürlər. Necə deyərlər, “ayının min oyunu bir armudun başındadır.”

Xalqı bir neçə yerə bölmək və sonra araya nifaq toxumu səpmək kimi bir yolda adlarını çəkdiyimiz  iki qeyri-konstruktiv qüvvənin bir araya gəlməsi Azərbaycan xalqı üçün yaxşı heç nə vəd etmir. Bunu hamı bilməli və belə təhlükəli Vətən xainlərini özlərinə yaxın buraxmamalıdırlar. Belə dəhşətli fitnə-fəsad yayanları ifşa etmək  hamımızın vətəndaşlıq borcudur.