KÖŞƏ

Vəli İlyasov

Həyat və bolluq mənbəyi

02 fevral 2018 15:13
3283

Məlumdur ki, Azərbaycanda içməli və təsərrüfat suyu çatışmır. Əsasən ölkəmizin Aran rayonları yüz illər boyu su sarıdan çətinlik çəkib. Məhsul yetişdirmək, bağ-bağat saxlamaq müşkül iş olub. Bir yandan da təcavüzkar Ermənistan silahlı qüvvələri su mənbələrini, o cümlədən   Sərsəng su anbarını işğal altında saxlamaqla bu çətinliyi bir qədər də artırıb. İşğalçılar yazın sonlarında Tərtər çayının qarşısını kəsib anbara yığır və sonra  suyu işğal etdikləri rayonlara yönəldirlər.

Ancaq Prezident İlham Əliyevin məqsədyönlü aqrar siyasəti nəticəsində bu çətinlik getdikcə aradan qaldırılır. Respublikamızın regionlarında qısa müddət ərzində bir neçə su anbarı, göl və dəryaça yaradılıb ki, onların vasitəsilə su problemi tamamilə həll olunmaqdadır. Yeraltı su mənbələrindən səmərəli istifadə ölkə əhalisinin içməli suya və təsərrüfat suyuna olan ehtiyacını qənatbəxş surətdə ödəyir. Lakin dövlətimizin başçısı əhalinin su ilə təminatının maksimum səviyyəyə qaldırılmasına qərar verib və artıq bir neçə ildir ki,  bu istiqamətdə işlər sürətlə irəliləyir. Artıq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının tələblərinə uyğun olaraq hər il əsasən kənd rayonlarında 300-dən çox subartezian quyusu qazılıb istismara verilir. Nəticədə torpaqların münbitliyi ilə bərabər məhsuladarlığı da artır, hər il keçən ildəkindən daha çox məhsul əldə edilir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası”nın dördüncü ilinin  yekunlarına həsr olunmuş konfransdakı nitqində su ilə təminata geniş yer verib. Prezident deyib: “Son on dörd il ərzində dörd su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Onların arasında əlbəttə ki, Taxtakörpü və Şəmkirçay su anbarları böyüklüyünə  və kənd təsərrüfatına  təsirinə görə xüsusi yer tutur. Bu, nəhəng tarixi infrastruktur layihələridir. Bu anbarlar, çəkilmiş və çəkilən kanallar on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynayır.”

Qeyd etmək lazımdır ki, bütün bunlarla bərabər, yeni layihələr üzərində də iş aparılır, əkinə  yararsız  torpaqların  dövriyyəyə daxil edilməsi  üçün lazımi meliorativ  tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

2017-ci  ildə Hacıqabul, Zərdab və  Kürdəmir  rayonlarında istifadəsiz torpaqların dövriyyəyə qatılması üçün Kür çayından kanallar çəkilməklə bölgədəki on minlərlə hektar sahəyə su verildi.  Şamaxı bölgəsindəki istifadəsiz qalan xeyli sahə  suötürücüləri vasitəsilə  “canlandırıldı”. Xatırladaq ki, 2017-ci ildə 100 min hektar su ilə təmin olunub və cari ildə daha 100 min hektara suvarma suyu veriləcək. Bununla da ölkəmizdə su problemi xeyli azalacaq.

Həyata keçirilən meliorativ tədbirlər kənd təsərrüfatının sürətli inkişafına təsir edən ən əhəmiyyətli infrastruktur layihələrdir. Suyun bol olmasına qoyulan vəsait həm kəndli fermerlərə, həm sahibkarlara göstərilən dövlət dəstəyinin daha bir nümunəsidir. Bu qayğı stimul verir ki, insanlar yaradılan əlverişli şəraitdən maksimum səmərə ilə istifadə edərək  məhsul bolluğu yaratsınlar. Bu, həm onların ailə büdcəsini, həm də ölkəmizi daha da varlandıracaq.