KÖŞƏ

Vəli İlyasov

İşğalçı ölkədə sülh istəyən partiya?

17 yanvar 2018 14:21
2647

Bəli, təcavüzkar ölkədəki Milli Konqres Partiyası (MKP) keçirdiyi qurultayında Dağlıq Qarabağ münaqişəsinin uzanmasından ciddi narahatlıq ifadə edərək problemin qarşılıqlı kompromislərlə həllinə tərəfdar olduğunu bəyan edib. Partiyanın sədri, eks-prezident Levon Ter-Petrosyan qurultaydakı çıxışında bildirib ki, uzun illər davam edən bu qanlı münaqişə Ermənistanı dibi görünməyən uçuruma yuvarladıb. Ölkə iqtisadiyyatı bərbad vəziyyətə düşüb, Ermənistan regiondakı əlverişli iqtisadi layihələrdən kənarda qalıb, qonşuluqdakı ən böyük dövlət olan Türkiyə ilə münasibətlər nizama salınmayıb, beynəlxalq arenada getdikcə  öz nüfuzunu itirməkdədir və s. Partiya sədri deyib: “Təhlükəsizliyini təmin etmək, iqtisadi inkişafı və Ermənistanda demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Qarabağ münaqişəsi həll olunmalı, eləcə də Türkiyə ilə münasibət normallaşdırılmalıdır. Danışıqlar masasında faktiki olaraq 1997-ci ildəki güzəştli nizama salınma variantı mövcuddur. Əgər biz o zaman buna nail olsaydıq, bu illər ərzində sonsuz əzablar və itkilərlə qarşılaşmazdıq. Heyfsilənirəm ki, mənim bəzi həmkarlarım bu sadə həqiqətləri vaxtında başa düşmədilər və biz münaqişənin həlli üçün ən əlverişli anı itirdik.”

Levon Ter-Petrosyan qətiyyətlə bildirib ki, Ermənistan hakimiyyətinin bir vəzifəsi var ki, o da kompromisə getməkdir, qalan məsələlər özü-özünə nizama düşəcəkdir. O, Ermənistandakı siyasi, iqtisadi və sosial problemlərin həllinin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından keçdiyini söyləyib. Onun fikrinə görə,  bu münaqişənin mərhələli həll planı ən düzgün variantdır.

MKP-nin rəhbəri qurultayda bəyan edib ki, onun başçılıq etdiyi qurum qarşıdakı parlament  seçkilərinə “Sülh!”, “Barışıq!” və “Mehriban qonşuluq!” şüarları ilə gedir və çağırışa səs verən bütün siyasi qüvvələrlə blok yaratmağa hazırdır.

Müxalifət liderinin çağırışlarının cəmiyyətdə qızğın müzakirə olunduğu bir vaxtda Ermənistan Statistika Komitəsinin yaydığı məlumatlar əsl ajiotaj yaradıb. Hesabatda göstərilir ki, son beş ildə 20 min vətəndaş Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistan vətəndaşlığından imtina edərək xarici ölkələrə gedib. Əslində müxtəlif səbəblərə görə ölkəni tərk edənlərin sayı bir milyondan artıqdır. Dolayısı ilə vurğulanır ki, vətəndaşlar Dağlıq Qarabağda övladlarının  yersiz ölməyini görmək istəmədiklərini bildirirlər. Əksər vətəndaşların rəyi budur ki, Dağlıq Qarabağ geri qaytarılsın, işğal olunmuş Azərbaycan torpaqları boşaldılsın və münaqişəyə son qoyulsun.

Ermənistan cəmiyyətində bu fikirlərin genişlənməsi təsadüfi deyil. Artıq ağlı hələ başında olan ermənilər anlayırlar ki, Ermənistan bu gün dünyanın yarısı ilə üz-üzə durub. Əlbəttə, o da məlumdur ki, Ermənistan belə cəsarət göstərə bilməzdi, havadarlarının dəstəyinə güvənməsə Azərbaycanın qarşısında bir ay belə duruş gətirməzdi.

 İstər xaricdəki erməni lobbisi, istər də sadə vətəndaşlar belə başa düşürlər ki, kiminsə təhriki ilə təhlükəli addım atmaq, qonşu ilə düşmən olmaq olmaz, bu, ağılsızlıqdan başqa bir şey deyil.  Bundan  başqa ermənilər açıq-aydın görürlər ki, indi Azərbaycanın haqlı mövqeyi dünya dövlətləri tərəfindən dəstəklənir. Ermənistan beynəlxalq arenada təklənir və küncə sıxışdırılır. Bu tərəfdən Azərbaycanın güclü təzyiqləri zəif Ermənistanı taqətdən salır. Həmçinin işsizlik və yoxsulluq insanları üzür, ağır həyat şəraitinə dözməyən ölkə əhalisi hakimiyyətə qarşı etiraz aksiyalarına qalxır. Qeyri-döyüş şəraitində həlak olan erməni əsgərlərinin valideynləri hökumətdən narazılıqlarını daha çox ifadə edirlər. Qısaca desək, erməni xalqı müharibə istəmir, hakimiyyətdən münaqişənin tezliklə həll olunmasını tələb edir. Hər tərəfdən təzyiqlərə məruz qalan Ermənistan rəhbərliyinin isə bir çıxış yolu qalıb ki, o da işğal altında saxladığı Azərbaycan ərazilərini boşaltmaq və qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq. İndi erməni xalqı bu sadə həqiqəti sərt şəkildə öz naşı rəhbərlərinə anlatmağa çalışır.