KÖŞƏ

Vəli İlyasov

Ermənistan Azərbaycana və regiona qarşı ekoloji terroru davam etdirir

18 dekabr 2017 23:36
2104

Regionun ictimai-siyasi mühitinə dərin narahatlıq gətirən Ermənistan eyni zamanda bölgəyə ekoloji təhlükə də yaradıb.

Son günlər xarici mətbuatda ermənilərin Araz çayına zəhərli kimyəvi maddələr axıtmaları barədə məlumatlar yayılmaqdadır. Məlumatlarda göstərilir ki, Ermənistandan Araz şayına zəhərli radioaktiv tullantılar axıdıldığına görə çaydakı balıqların və bir çox canlıların məhv olması müşahidə olunmaqdadır.

Bu günlərdə isə İran İslam Respublikasının Şura Məclisində Ermənistan hökuməti sərt tənqid edilib. İran parlamentinin deputatları Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsini böyük narazılıqla qarşılayıblar  və hökumətdən bunun qarşısını almağı tələb ediblər. Ərdəbil vilayətindən deputat seçilmiş Şahnur Pirhüseyn Şura Məclisindəki çıxışında bildirib ki, Ermənistan ətraf mühiti çirkləndirir və qonşu ölkələrə ciddi ziyan vurur. O, vurğulayıb ki, Ərdəbilin Muğan rayonunda əhali arasında xərçəng xəstəliyinin yayılmasının baiskarı da Ermənistandır. Bunun səbəbi ermənilərin radioaktiv tullantıları Araz çayına axıtmalarıdır. Çaydan təsərrüfatlara axıdılan suyun tərkibində radioaktiv maddələr olması ilə əlaqədar yetişdirilən məhsullar  həyat üçün təhlükə törədir. Bununla yanaşı  torpaqlar uzun illər yararsız vəziyyətə düşür, məhsuldarlıq həmişəkindən dəfələrlə az olur. Bundan başqa, çirklənmiş torpaq münbitliyini tamamilə itirir.

Ermənistanın törətdiyi ekoloji diversiyalardan ən çox zərər çəkən təbii ki, öıkəmizdir.  Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik olan bir sıra su hövzələri və göllər ciddi antropogen təsirə məruz qoyulur. Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Qanlıgöl, Zalxagöl, İşıqlı Qaragöl və Tərtər çayının bir qolu olan Torağayçayda şirin su hövzələri çirkləndirilir, unikal ərazilər ekoloji fəlakət həddinə çatdırılır.

  Ermənilərin işğal altında saxladıqları ərazilərdə ümumi həcmi 631 milyon kubmetr olan 10 su anbarı, o cümlədən 1970-ci ildə Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı düşməncəsinə münasibət səbəbindən sıradan çıxmaq üzrədir. Yada salaq ki, bu anbarın su tutumu 560 milyon kubmetrdir və 100 min hektardan artıq sahənin suvarılması üçün nəzərdə tutulmuşdur. 1990-cı ildən keçən 27 il müddətində heç bir texniki xidmət və əsaslı təmir görməyən bu nəhəng su anbarı təhlükəli qəza vəziyyətinə salınıb. Su anbarından aşağıda-dağətəyi və aran ərazilərdə yerləşən yeddi rayonun yaşayış məntəqələrində 400 min nəfərin həyatı real təhlükə altındadır.

Tovuz, Tərtər, Ağdam və digər rayonlardan keçən çaylarla insan cəsədlərinin, minaların, zəhərli maddələrin, məişət tullantılarının axıdılması faktlarının sayı-hesabı yoxdur. “Göndərilən” partlayıcıların açılması bir neçə azyaşlının ölümünə səbəb olub. Hər il yay fəslində qoşunların təmas xətti boyunca yerləşən rayonlarımızın meşələri, biçənəkləri, bağları, bir sözlə,  bütün yaşıllıqları yandırılıb külə döndərilir. Hələ indi də həmin yerlərdən ətrafa acı tüstü dumanı yayılmaqdadır.

  Ermənilər Azərbaycanın fiora və faunasına divan tutmaqdan heç bir vəchlə əl çəkmək istəmirlər. Onlar bu işdə hətta alman faşistlərinin etmədikləri qəddarlıqları nümayiş etdirməklə özlərini dünyaya barbar kimi təqdim edirlər. Ermənistan hərbçiləri tərəfindən 110 min hektardan artıq  otlaqlarımız, biçənəklərimiz, meşə massivlərimiz yandırılaraq yararsız hala salınıb. Nəticədə torpaqlarımız öz münbitliyini itirib, ətraf mühitə və canlı təbiətə ciddi ziyan dəyib. Davam edən yanğınlar nəticəsində təxmini hesablamalara görə, Azərbaycana 500 milyon manatdan artıq ziyan vurulub. Yanğınlar nəticəsində canlı aləm ya tələf olur, ya da başqa ərazilərə köç edir.  Ermənilərin zülmündən qurtulmağa çalışan çaqqallar, canavarlar, kirpilər, gəmiricilər, dovşanlar, quşlar, sürünənlər  və digər canlılar kütləvi surətdə işğal altında olan torpaqlardan qaçıb uzaqlaşırlar.

 Vəhşilikdə tayı-bərabəri olmayan ermənilər Xocavənd rayonundakı “Ziyarət” dağının ətəyindən məşhur Tuğ kəndinin əhalisini təmin edən su kəmərini tamamilə dağıdıblar. Orada ümumi sahəsi 27 min hektar olan meşədə bitən qiymətli palıd ağacları qırılaraq Ermənistana daşınıb. Həmin ağaclardan mebel hazırlanaraq xarici ölkələrdə baha qiymətə satılır. Kəlbəcər rayonunun meşə massivlərindəki nadir ayıfındığı ağacları mebel istehsalı üçün kəsilərək xarici ölkələrə daşınır. Ağdamın işğal altında qalan Güllücə, Qərvənd və Göytəpə kəndlərinin ərazilərində dövlət qeydiyyatında olan 500-dən çox nadir çinar ağaclarını partlayıcı ilə məhv edilib Ermənistana daşınıb. Bir çox ərazilərimiz artıq “ölü” zonaya çevrilmişdir. Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğu zənginliyinə görə Avropada birinci, dünyada isə ikinci yeri tutur. Lakin ermənilər bu qiymətli təbiət incisini xarabazara çeviriblər. Qoruqda olan Şərq çinarlarının yaşı 1200-1500 ilə çatır. Ağacların gövdəsinin diametri 4 metrdən, hündürlükləri isə 60 metrdən artıq idi. Avropada yeganə olan həmin çinarlar da qəddarlıqla məhv edilir.

 Qış aylarında Qarqar və Tərtər çaylarına işğal altındakı su anbarlarından buraxılan güclü su aşağıda yerləşən əkin sahələrimizi yuyub aparır, təsərrüfatlara ciddi ziyan vurur. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının və digər kimyəvi zavodların tullantıları Dağlıq Qarabağ ərazisinə daşınaraq orada basdırılır və torpaqlarımızın erroziyasına, zəhərlənməsinə, radioaktiv şüalanma ilə çirklənməsinə səbəb olur.

Ümumiyyətlə, ermənilərin ekoloji cinayətlərini saymaqla qurtarmaz. Bu ekoloji terrorlar  Azərbaycan xalqı ilə bərabər,  eyni zamanda, qonşu  ölkələrin də xalqlarının genefonduna qarşı yönəldilən cinayətdir. Təəssüf ki, tək-tək narazı çıxışlar istisna olmaqla beynəlxalq ictimaiyyət Ermənistanı  insanlığa qarşı törətdiyi təhlükəli ekoloji terrorları dayandırmağa məcbur etmir.