KÖŞƏ

Vəli İlyasov

Fransa səfiri İrəvanda nələri deməli idi...

14 dekabr 2017 22:48
1221

“Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” münaqişələr  kateqoriyasına aid etmək çətindir”.

Bu fikri  Fransanın Ermənistandakı səfiri Conatan Lakot İrəvanda jurnalistlər üçün  keçirdiyi brifinqdə vurğulayıb. Münaqişənin cəmiyyətdə əks olunma səviyyəsindən təəccübləndiyini deyən diplomat  təkcə son iki ayda  təmas xəttində 57 hərbçinin qeyri-döyüş şəraitində həlak olduğunu diqqətə çatdırıb.

Səfir qeyd edib ki,  əgər qoşunların təmas xəttində atəşkəs rejimi  tez-tez pozulursa  və nəticədə ölümlər olursa  deməli, bu,  “dondurulmuş” münaqişə deyil: “Bu, insanlara və iqtisadiyyata ciddi  təsir edən gerçək münaqişədir. Bu münaqişə bizi narahat edir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri  kimi öhdəliklərini yerinə yetirməkdə qərarlıdır. Münaqişənin hərb yolu ilə həlli ola bilməz”.

Conatan  Lakot  bildirib ki, danışıqlar prosesinin mərkəzində güc tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyü və qarşılıqlı anlaşma şəraitinin olması dayanmalıdır.  O qeyd edib ki, Fransa Azərbaycan və Ermənistan  prezidentlərinin  Cenevrə görüşünün,  hər iki ölkənin  XİN rəhbərlərinin Vyana görüşünün nəticələrini alqışlayır və nazirlərin  gələn  ilin əvvəlində baş tutacaq görüşünü gözləyir: “Fransada ən yüksək səviyyədə münaqişəni izləyirlər. Fransa Minsk qrupu  tərkibində öhdəliklərinə tam sadiqdir, lakin söhbət vasitəçilik rolundan gedir. Nizamlanmaya yalnız tərəflər nail ola bilərlər”.

Brifinqdə Conatan  Lakot səfir olduğundan danışıqlar prosesinin detalları barədə danışa bilməyəcəyini də əlavə edib. O, bəzi məqamlara toxunmayacağını etiraf etməli olub.

Əlbəttə, səfir Lakotu başa düşmək çətin deyil, Ermənistanda  diplomatik fəaliyyət göstərdiyi üçün rəsmi İrəvanın apardığı işğalçılıq siyasətindən açıq danışa bilmir. O, məhz  danışa bilməyəcəyini dilə gətirməklə artıq müəyyn mətləbləri anlatmış olur. Əgər danışası olsa deməlidir ki, Ermənistan Azərbaycanın torpaqlarını zorla zəbt edib, iyirmi ildən artıqdır ki, işğal altında saxladığı şəhərləri və kəndləri, yeraltı və yerüstü sərvətləri talayıb aparır. Ona görə də  status-kvonun dəyişdirilməsinə qarşı çıxır, danışıqları pozur, atəşkəs razılığından sonra Azərbaycanın yaşayış məntəqələrinin atəş altında saxlayır və bu yolla  münaqişənin uzanmasına çalışır. Ermənistan cinayətkar əməllərini bu gün də davam etdirir. Dünyada mövcud olan iki yüzə qədər dövlət arasında  Azərbaycanın ərazi bütövlüyünü tanımayan yalnız Ermənistandır. Bu dövlət dünya birliyinin birgəyaşayış qaydalarına və qərarlarına açıq hörmətsizlik edir. Nəhayət, Ermənistanın iyirmi ildən artıq yeritdiyi işğalçılıq siyasətinin qarşısı alınmalıdır, yoxsa onun  bu hərəkətləri dünyada pis presedent yaradar.