KÖŞƏ

Vəli İlyasov

Ermənilərin daha bir fırıldaqlığı ifşa olunur

30 oktyabr 2017 23:20
1596

Hamımız şahidiyik ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyanın hər hansı ölkəsinə səfəri zamanı, bütün qəbullarında və görüşlərində, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərindəki çıxışlarında ermənilərin işğalçı və məkrli yalanlarının əsl mahiyyətini açıb göstərir, mənfur düşmənin hiyləgər planlarını ifşa edir.

Ermənilərin Qarabağa köçürülməsini sübut edən tarixi mənbələrdən biri  də Tərtər şəhərindən təxminən 800 metrlikdə olan Şıxararx qəsəbəsindəki “Marağa-150” abidəsidir.  Şıxarx qəsəbəsindəki həmin  abidə 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib.  Bu abidəni  aran rayonlarında  Kəlbəcər yaylaqlarına, İstisu sanatoriyasına dincəlməyə və müalicəyə gedən milyonlarla insan görüb və oradakı bulağın suyundan içib.  Bu məqalənin müəllifi də abidəni yüz dəfələrlə görüb.  Lakin 1980-ci illərdə Ermənistanın Azərbaycana  qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Həmin abidənin rəngli daşlarından birini Səbail rayonundakı 162 saylı məktəbin XI sinif şagirdi Misirxan Misirxanov götürərək indiyədək öz evində saxlayır.

Tarixdən məlumdur ki, ermənilərin Azərbaycan ərazilərində, o cümlədən Qarabağda yerləşdirilməsi Rusiya-İran nəticəsində XIX əsrin 20-30-cu illərindən başlayıb. 1828-ci il  fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya və İran arasında imzalanan müqavilədən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürüldü.  Ermənilərin Qarabağda süni çoxaldılması sonradan  tarixi Azərbaycan torpaqlarında  qondarma  Ermənistan dövlətinin yaradılması ilə nəticələndi.

“Marağa-150” abidəsi Tərtərçayın qırma çay daşlarından, təxminən 30 kvadratmetr sahəni əhatə edən ərazidə rəngli mozaikadan, “Qızlar bulaq başında” kompozisiyasından ibarət idi. Kompozisiyada eni 1,5 metr, hündürlüyü 3 metrədək olan əsas abidə, sağ və sol tərəflərdə mərmər sütun bulaqlar vardı. Mərmər sütunlarının birinin üzərində yuxarıdan aşağıya doğru 1828, digərinin üzərində isə 1978 rəqəmləri yazılmışdı. Abidənin bu formada şəkli mərhum akademikimiz İmam  Mustafayev və  sonralar isə Azərbaycan Televiziyası tərəfindən lentə köçürülüb. 1988-ci ildən sonra ermənilər kobud tarixi səhv buraxdıqlarını dərk edərək, abidənin ön divarında xırda ağ rəngli çay daşları ilə yazdıqları “Marağa-150” sözünü söküb, “səhvlərini”, ğslində isə tarixi həqiqəti yox ediblər.

Xatırladaq ki, 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra ermənilərin Qarabağa köçürülməsini sübut edən analoji abidələr Xankəndi şəhərində və Tərtər rayonunun Çaylı kəndlərində də inşa olunmuşdu. Lakin ermənilərin ərazi iddiaları başlayanda bu abidələr də ermənilər tərəfindən dağıdılaraq yox edilib

Mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin tapşırığı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onun ətrafında abadlıq işləri aparılıb, yerə tamet döşənib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar Dövlətqaçqınkom tərəfindən arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub. Ermənilərin məkrli  yalanını ifşa edən bu abidə ölkəmizə səfərə gələn qonaqlara, tarixçilərə,  o cümlədən səfirlərə, xarici mətbuat nümayəndələrinə nümayiş etdiriləcək. Vurğulamaq lazımdır ki, Şıxarx qəsəbəsindəki abidə erməni yalanını ifşa edən ən əhəmiyyətli əyani sübutlardan biri kimi çox qiymətlidir.