KÖŞƏ

Vəli İlyasov

Ermənistanda məğlubiyyət əhval-ruhiyyəsi

20 oktyabr 2017 15:37
1590

Azərbaycan və  Ermənistan prezidentlərinin Cenevrə görüşü düşmən ölkədə məyusluq yaradıb. Görüşün yekunları barədə nikbin fikirlər səsləndirilməsinə baxmayaraq  erməni şərhçiləri və politoloqları həyəcan təbili çalır, Ermənistanın qaranlıq gələcəyi barədə  bədbin proqnozlar verirlər. Düşmən ölkədə  məğlubiyyət əhval-ruhiyyəsi o qədər güclüdür ki, onlar bunu nəinki gizlədə bilmir,  hətta mətbuat səhifələrinə də çıxarırlar. Ermənistan prezidenti Serj Sarkisyanın əl-ayağa düşərək üz tutduğu ölkələrdən və beynəlxalq təşkilatlardan yardım istəməsi bu təşvişin ölkə rəhbərliyindən gəldiyinə əyani sübutdur.

Son günlərdə  Ermənistan mediası başladıqları Dağlıq  Qarabağ müharibəsində ermənilərin qazandığı qələbənin davamlı olmayacağı və əldən çıxacağı barədə təəssüfedici və həyəcan dolu  informasiyalar yayır. Həmin informasiyalarda və şərhlərdə bütün günahlar Ermənistanın siyasi hakimiyyətinin  üzərinə qoyulur və onlar siyasi korluqda ittiham olunurlar. Ermənistan rəhbərləri xalq tərəfindən təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə deyil, ölkənin bütün uğursuzluqlarında günahlandırır. Bu meyil  Ermənistanda xeyli müddətdir ki, yaranıb və getdikcə daha da kütləviləşir.

Erməni siyasi şərhçi Sarkis Artsruni Cenevrə görüşündə irəliləyişin əldə edilməyəcəyinin əvvəlcədən bəlli olduğunu deyib. Onun irəli sürdüyü ehtimala  görə, bu görüş Serj Sarkisyanın prezident statusunda sonuncu danışıqları ola bilər. “Güman ki, Ermənistanı beynəlxalq münasibətlərdə maraqlı edən yeganə məsələ Dağlıq Qarabağ münaqişəsidir. Biz tez-tez Ermənistan prezidentlərinin fəaliyyətini məhz bu münaqişə kontekstində şərh edirik. Birinci prezident Levon Ter-Petrosyan sülh razılaşmasını hazırlamışdı, lakin o tarixi anı qaçırdı, sonra da  nəticə etibarilə onu devirdilər. Hərçənd, Azərbaycan həmin vaxt  bu qədər güclü deyildi və sülh müqaviləsi o zaman imzalansaydı, Ermənistan daha çox qazanc əldə edərdi. Petrosyandan başlandı. Petrosyan devrildi, ortaya çıxan “qalib” Robert Koçaryan Qarabağ şüarı ilə hakimiyyətə gəldi və danışıqlar masasında məlum Mehrinin mübadiləsi, yəni Pol Qobl  planını  müzakirə etməyə başladı. Artıq Ermənistan həmin vaxtdan danışıqlarda güclü tərəf olmaqdan çıxdı. Koçaryan 10 illik hakimiyyəti dövründə mövcud status-kvonu saxlamağı bacardı, amma qələbə potensialı tamamilə dağıldı. Ermənistan regional layihələrdən kənarda qaldı, nəticədə Azərbaycan regionda əsas gücə çevrildi. Qələbənin siyasi və mənəvi resursu tamamilə dağılandan sonra “Aprel müharibəsi” baş verdi və Azərbaycan bu müharibədən qalib olaraq çıxdı. Budur, məğlubiyyət seriyasını Serj Sarkisyan davam etdirir”, - deyə Sarkis Artsruni qeyd edib.

Göründüyü kimi, “qələbənin siyasi və mənəvi resursunun tamamilə dağılması”, “Aprel müharibəsindən Azərbaycanın qalib olaraq çıxması” ermənilərin ümidlərini üzüb. İndi ermənilər daha çox ona təəssüflənirlər ki, ac və dilənçi kökündə qalan Ermənistan Cənubi Qafqazda ən iri və səmərəli iqtisadi layihələrdən də kənarda qalıb. Dövlət başçılarının əfəlliyi, müstəqil siyasət yürüdə bilməməsi, ölkənin forpost vəziyyətdə yaşaması, təmas xəttində günahsız gənc əsgərlərin qeyri-döyüş şəraitində həlak olmaları, kimlərinsə ianələrindən asılı qalmaları uzun illər əsəbləri coşub-daşan sadə erməniləri üsyana qaldırır. İrəvanda, Gümrüdə və digər şəhərlərdə baş qaldıran narazılıqlar bundan xəbər verir. Artıq sadə ermənilər də başa düşüblər ki, Ermənistan işğalçı qoşunlarını Azərbaycan torpaqlarından tezliklə çıxarmasa, qonşu dövlətlərlə münasibətlərini normallaşdırmasa dibi görünməyən bir uçuruma yuvarlanacaqdır. Bu sadə həqiqəti prezident Serj Sarkisyan və onun komandası da yaxşı anlayır. Lakin hakimiyyət hərisliyi milli mənafelərə üstün gəlir və Serj Sarkisyan status-kvonu uzatmaqla öz hakimiyyətini də uzatmağa çalışır. Ancaq hər şeyin əvvəli olduğu kimi axırı da olur.