KÖŞƏ

Vəli İlyasov

Sarkisyanın təhlükəli eksperimentləri

25 oktyabr 2017 22:07
1255

Cenevrə görüşündən sonra İrəvana məğlub durumda  qayıdan Ermənistan prezidenti Serj Sarkisyan xalqın ittihamlarından  yaxa qurtarmaq üçün dərhal qoşunları təmas xəttində vəziyyəti bir qədər də gərginləşdirib. Halbuki Azərbaycan Prezidenti İlham Əliyevlə Sarkisyan həmin görüşdə razılığa gəlmişdilər  ki, təmas xəttində gərginlik  qarşılıqlı olaraq azaldılsın. Lakin əldə olunmuş bu razılıq işğalçı dövlət tərəfindən yenə də pozulur. Atəşkəs rejiminə onsuz da əməl etməyən  Ermənistan ordusunun hərbçiləri tərəfindən törədilmiş təxribat nəticəsində Azərbaycan  Ordusunun əsgəri bir neçə gün əvvəl həlak olub.   Aydındır ki, düşmən dövlət Azərbaycanı  yenə də hərbi təxribata çəkməyə  çalışır. Marığa yatıb gözləyirlər ki, Azərbaycan Ordusu əsgərin qisasını almaq üçün cavab tədbiri görsün və ermənilər bunu əllərində sübut kimi dünyaya yaysınlar və ölkəmizi atəşkəs rejimini pozmaqda ittiham etsinlər. Bu cür hiyləgər plandan onlar həmişə istifadə edirlər. Ancaq Azərbaycan belə təxribatları başa düşür və buna getmir. Əslində Ermənistan rəhbərləri Azərbaycanın hərbi potensialından qorxduqlarını dəfələrlə etiraf ediblər. Bir çox yüksək çinli erməni zabitləri bildiriblər ki, əgər müharibə başlasa Ermənistanın məğlubiyyəti qaçılmaz olacaq. Bəs onda təmas xəttində gərginliyin artırılması  nəyə hesablanıb?

Məlumdur ki, gələn ilin aprelində Ermənistanda seçkilər keçiriləcək və düşmən ölkədə  parlamentli respublika üsul-idarəsi tətbiq olunacaq. Ona görə də  Serj Sarkisyan baş nazir postunu tutmaq üçün bəri başdan hazırlıq işləri görməyə başlayıb. O, erməni cəmiyyətində haqqında formalaşan əfəl və səriştəsiz rəhbər obrazını məhv etməyə,  özünün Ermənistana lazım olacağını sübut etməyə çalışır.  Məhz bu səbəbdən Sarkisyan cəbhə xəttində vəziyyəti gərginləşdirərək erməni xalqını daim qorxu altında saxlayır və əlaltdan öz mənfur məqsədlərinə yol açır.

Mətbuata sızdırılan məlumatlarda bildirilir ki, hakimiyyət hərisi olan Sarkisyan Ermənistan cəmiyyətində  güclü dayaqları olan Karen Karapetyanla gizli danışıqlar aparıb. Nəticədə gələnilki  seçkiləri saxtalaşdırmaq barədə razılığa gəlinib. Razılığa əsasən Sarkisyan baş nazir, Karapetyan isə onun müavini vəzifələrini öz aralarında bölüşdürüblər. Sarkisyan Karapetyana böyük səlahiyyətlər verəcəyini vəd edib. İndi təmas xəttində vəziyyətin gərginləşdirilməsi bu məqsədlərə xidmət edir.  Onlar Dağlıq Qarabağ problemindən şəxsi ambisiyalarını reallaşdırmaq üçün istifadə etməyə çalışır, bu məqsəd naminə dəridən-qabıqdan çıxırlar. Bir tərəfdən ermənilərdə müharibə xofu yaratmaqla xalqı sakitləşdirib yerində oturtmağa çalışır, digər tərəfdən də Azərbaycanla danışıqları pozmaqla vaxt qazanırlar. Açıq görünür ki, bu hərbi cinayətkarlar sanki öz xalqının üzərində eksperimentlər aparmaqla məşğuldurlar.

Əslində Ermənistan prezidenti Serj Sarkisyan özünün  Cenevrədəki görüşdə  qeyri-ciddiliyi ilə dövlətinin forpost olduğunu,  Dağlıq Qarabağ probleminin taleyinin birbaşa başqa  superdövlətin səlahiyyətində cəmləşdiyini  təsdiqlədi.

Həm danışıqlar prosesində, həm də real praktikada oyuncaq dövlət kimi çıxış edən Ermənistan siyasi iradəsi olmayan bir rəhbərdən asılı vəziyyətdədir. İrəvanın günahı ucbatından nəticəsiz bitən danışıqların ardından cəbhədə vəziyyətin gərginləşməsi əslində ermənilərə yaxşı heç nə vəd etmir. Ermənilər yaxşı bilirlər ki, Azərbaycan həmişəki kimi  təmkin nümayiş etdirsə də, təxribatlara qarşı layiqincə cavab verəcək. 2016-cı ilin aprel döyüşlərindəki məğlubiyyət dərsi  hələ də erməniləri gərgin vəziyyətdə saxlayır. Sözsüz ki, Ermənistan bir müddət  danışıqları boykot etdikdən sonra yaranmış yeni imkanı da qəsdən pozaraq vəziyyəti gərginləşdirmək xəttini götürüb.

Diqqətçəkən bir məqam isə hazırda Rusiya  mətbuatında sülh danışıqlarındansa hərb variantının daha çox ağlabatan olması və bunun nə vaxtsa həyata keçirilə  biləcəyi ilə bağlı yazıların dərc olunmasıdır. Göstərilir ki, proseslərin hazırkı gedişatında yeganə təqsirkar erməni tərəfidir. Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyası isə getdikcə genişlənir. Azərbaycan sülh yolu ilə yanaşı hərbi əməliyyatlar variantı  üzərində də  düşünür. Ermənilərin nəyə arxayın olduğunu isə söyləmək çətindir,  hər halda İrəvan çox riskli və təhlükəli addımlar atır.  Bu, bölgəni yenidən barıt çəlləyinə çevirə bilər. Əminliklə demək olar ki, əgər Ermənistan müharibəyə başlamaq fikrinə düşsə,  qüdrətli Azərbaycan Ordusu düşməni öz yerində oturdacaqdır.