KÖŞƏ

Qvami Məhəbbətoğlu

Serj Sarkisyan yenə də öz ampluasındadır

20 aprel 2018 00:23
3170

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində beynəlxalq aləmdə artıq Ermənistanın işğalçılıq siyasəti ifşa olunub. Odur ki, son illər erməni daşnaklarının apardıqları antiazərbaycan təbliğatı heç  bir nəticə vermir. Digər tərəfdən, Azərbaycanın həyata keçirdiyi uğurlu layihələr Ermənistanı inteqrasiya proseslərindən kənarda qoyub, bu da işğalçı ölkənin iqtisadiyyatının iflic olması ilə nəticələnib. Bununla bağlı aprelin 18-dı Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev deyib: “Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq”.

Artıq Ermənistan müxalifəti,  erməni xalqı da ayılıb. Belə ki, indi başa düşüblər ki, onları fəlakətə sürükləyən, ölkə iqtisadiyyatını çökdürən, siyasi azadlıqları məhdudlaşdıran, daşnakların alətinə, Moskvanın quluna çevrilən Ermənistanın sabiq prezidenti, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının, terrorizm siyasətinin təşkilatçılarından biri olan  Serj Sarkisyan elə erməni xalqının da düşmənidir. Bu mənada prezident postunu təhvil verəndən sonra baş nazir postunu ələ keçirən, bununla da öz hakimiyyətinin ömrünü uzatmağa çalışan nasist xislətli Serj Sarkisyana qarşı  iğtişaşların baş qaldırması labüd idi. Çünki ölkə vətəndaşları daha Sarkisyan rejiminə dözmək istəmirlər;  anlayırlar ki, onunla irəli getmək mümkün deyil.  Onunla ölkənin batmaqda olan iqtisadiyyatını dirçəltmək müşkül məsələdir. Odur ki, baş nazir postunda onu görmək istəmirlər və “Ermənistanın  Serj Sarkisyan kimi baş naziri yoxdur” deyirlər.

Ermənilərin qəflət yuxusundan ayılmasında Azərbaycan xalqının 11 apreldə öz Prezidentinə göstərdiyi növbəti etimad da mühüm rol oynadı.  Belə ki, onlara bir daha aydın oldu ki, xalq-iqtidar birliyi əsas amildir. Onlar gördülər ki, Azərbaycanın dövlət başçısı  “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyir; Sarkisyan isə xalqı qoyun sürüsü ilə müqayisə edir. Azərbaycan Prezidenti dinindən, milli mənsubiyyətindən asılı olamayaraq hər kəs üçün normal şərait yaradır. On il hakimiyyət başında olmuş Sarkiyan isə öz xalqının gülləbaran edilməsinə, siyasətçilərin qətlinə  fərman verir.  Odur ki,  Azərbaycan xalqı cənab İlham Əliyevin yenidən Prezident seçilməsini bayram etdiyi günlərdə erməni xalqı  Serj Sarkisyanın baş nazir seçilməsini  kütləvi etirazlarla qarşıladı. Çünki xalq gördü ki, onu bu vəziyyətə salan bir despot hakimiyyətdə baş nazir postunu zəbt etməklə iqtisadi iflası, təcridi daha da dərinləşdirmək istəyir. Halbuki o, ölkəni prezidentli respublikadan parlamentli respublikaya keçirəndə baş nazir postunda gözü olmadığını bəyan etmişdi. Son hadisələr göstərir ki, Serj Sarkisyan bu dəfə də öz xalqının qanını tökməklə hakimiyyətini qoruyub saxlamaqda, ona qarşı irəli sürülən ittihamları yaxın buraxmamaqda israrlıdır.

İrəvanda baş verənlərə rəğmən, öz mənfur niyyətlərinə çatmaq məqsədilə Serj Sarkisyan yenə hiyləgər planlarına, təxribatlara əl atmaqdadır. Başqa sözlə desək, o, yenə də öz ampluasındadır. Belə ki, o, atəşkəsi pozmaqla xalqın diqqətini özündən yayındırmağa cəhd edir. Amma Serj Sarkisyan rejimi nə qədər çalışsa da, aprel döyüşlərində tarix yazmış ordumuzun sayəsində bu mənfur niyyətinə çata bilməyəcək.