18 yanvar 2018 22:16
2144

Hesablama Palatasında 20 Yanvar şəhidləri anılıb

Hesablama Palatasında 20 Yanvar hadisəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet ordusunun xüsusi dəstələrinin Azərbaycana yeridilməsi nəticəsində xalqımızın azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Palatadan bildiriblər ki, 20 Yanvar müstəqillik və suverenlik uğrunda ümumxalq mübarizəsinə qalxmış Azərbaycanın azadlıq mübarizəsi tarixinin ən şanlı, eyni zamanda qanlı səhifələrindən biridir. 28 il əvvəl Qanlı Yanvar günlərində Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı qırğın törədildi. Bu, milli mənliyə, milli dəyərlərə, insanlığa qarşı bir cinayət idi.

Totalitar rejimin göstərişi ilə o günlərdə 147 mülki şəxs qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edilib, dövlət əmlakına külli miqdarda ziyan vurulub. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi.

Amma cinayətkar rejimin bütün cəhdləri xalqımızın mübarizə əzmini qıra bilmədi. 20 Yanvar Azərbaycan xalqının milli oyanışının, özünüdərkinin, istiqlal yolunda irəliləyişinin başlanğıcı oldu və sonadək davam etdi.

Tədbirdə qeyd olunub ki, informasiya blokadasına alınmış Azərbaycan öz haqq səsini beynəlxalq ictimaiyyətə çatdıra bilmədiyi həmin günlərdə o dövrdə Moskvada yaşayan, lakin bütün varlığı ilə Vətəninə və millətinə bağlı olan böyük vətənpərvər ulu öndər Heydər Əliyev bütün maneələrə baxmayaraq xalqının səsinə ilk səs verənlərdən oldu. Ulu öndərimiz Heydər Əliyev faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək soydaşlarımız və jurnalistlər qarşısında qanlı qırğını pisləyən kəskin bəyanatla çıxış etdi, bu müsibəti dünyaya çatdırdı.

Hadisələrin şahidi olmuş palata əməkdaşları o faciəvi günlərlə bağlı xatirələrini danışıblar, ağrılı-acılı o günlərdə ən dəhşətli qırğın silahları ilə əliyalın əhalinin üzərinə gələn nəhəng orduya qarşı xalq birliyi ilə aparılan mücadilədən, xalqımızın yenilməz iradəsindən bəhs edilib. Bildirilib ki, 20 Yanvar həm də xalqımızın suverenlik, azadlıq uğrunda mübarizəsinin rəmzidir, tank və silahlara sinə gərən oğullarımızın fəxr və şərəf günüdür.

Çıxış edənlər ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini və qırğın əmri verən və ona başçılıq edən cinayətkarların adlarının çəkildiyini, ölkəmizə qarşı bu təcavüzün qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirildiyini bildiriblər. Qeyd olunub ki, dövlətimiz və xalqımız 20 Yanvar tarixinin unudulmaması, gələcək nəsillərin qan yaddaşına yazılması və təkrarına yol verilməməsi üçün hər şeyi edir.

Azərbaycan Prezidentinin göstərişi ilə hər il təsdiq edilən 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planı üzrə respublikanın şəhər və rayonlarında, dünya ictimaiyyətinin diqqətini faciəyəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlər keçirilir, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar verilir.

Prezident İlham Əliyevin göstəriş və sərəncamları ilə Vətənin müstəqilliyi uğrunda sinəsini sipər etmiş şəhidlərimizin ailələrinə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələləri daim diqqətdə saxlanılır.

O da diqqətə çatdırılıb ki, dinamik şəkildə inkişaf edən Azərbaycanın siyasi-iqtisadi, sosial və hərbi cəhətdən möhkəmlənməsi dövlət müstəqilliyinin qorunmasına etibarlı zəmin yaradır. Dövlət vəsaitlərinin qorunmasına nəzarət edən qurum olaraq Azərbaycan Respublikası Hesablama Palatası, hər sahədə olduğu kimi, bu sahədə də öz üzərinə düşən vəzifələri ən layiqli şəkildə icra etməklə dövlət başçısının həyata keçirdiyi siyasətə dəstək olacaq.