18 yanvar 2018 23:20
1738

Sahibkarıları kim və necə qoruyur?

Vergi güzəştləri, qanunsuz yoxlamaların ləğvi iqtisadiyyatın bel sütunu olan kiçik və orta sahibkarlığın fomalaşmasını sürətləndirib

Son illərdə neftin dünya bazarlarında qiymətinin dəfələrlə aşağı düşməsi Azərbaycanın dövlət büdcəsinə daxilolmaları azaltmışdı. Ona görə də Azərbaycan dövləti böhrandan çıxış yolunu qeyri-neft sektorunun inkişafında axtarmağa başladı. Təbii ki, qeyri-neft sektorunun inkişafı isə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən ciddi şəkildə asılıdır. Büdcə gəlirlərinin çox mühüm hissəsinin də məhz bu sahədən gələn gəlirlər hesabına formalaşması meyarı kiçik və orta sahibkarlara daha çox diqqət və qayğı göstərilməsini tələb edirdi.

Bu bir reallıqdır ki, Azərbaycan dövləti sahibkarlığın inkişafına dövlət səviyyəsində və geniş miqyasda dəstək verir. Belə ki, kiçik və orta biznesin inkişafını daha da stimullaşdırmaq məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə və güzəştli şərtlərlə verilən kreditlərin həcmi hər il davamlı olaraq artmaqdadır. 2018-ci ildə də sahibkarlara Azərbaycan dövləti tərəfindən geniş maliyyə dəstəyi verilməklə onlara tətbiq edilən vergi güzəştləri davam edəcəkdir.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin başçısı bu barədə bildirib: “Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Mən bu barədə dəfələrlə danışmışam və praktiki addımlar atılır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək. Sevindirici hal ondan ibarətdir ki, bu vəsait vaxtilə verilmiş və qaytarılmış kreditlər hesabına təkrar veriləcəkdir. Bu, ilk növbədə onu göstərir ki, dövlətdən kredit alan sahibkarlar öz məsuliyyətlərini dərk edirlər və bu kreditləri qaytarırlar. Digər tərəfdən, onu göstərir ki, vaxtilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış vəsait işləyir. Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək. Baxarıq, əgər layihələrin sayı çoxalarsa, biz bu məbləği prinsipcə artıra bilərik. Çünki bu, sahibkarlığın, regionların inkişafı üçün çox önəmli bir vasitədir və kreditlərin mütləq əksəriyyəti bölgələrə, iqtisadiyyatın real sektoruna verilir.”

Bundan başqa sahibkarlığın inkişafı üçün iqtisadi və maliyyə dəstəyi ilə bərabər ona hüquqi dəstək də göstərilir. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ildə Milli Məclisdə qəbul edilən “Sahibkarlıq sahəsində aparılan qeyri-qanuni yoxlamaların dayandırılması haqqında” Qanunun fəaliyyət müddəti 2018-ci ilin yanvarın 1-də başa çatıb. Həmin qanun Vergilər Nazirliyi istisna olmaqla, dövlət orqanlarının sahibkarlıq subyektlərində həyata keçirdikləri yoxlamaların 2 il müddətinə dayandırılmasını nəzərdə tuturdu. Ölkəmizin başçsının müvafiq Sərəncamı ilə sözügedən qanunun icra müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.

Əslində, dövlət başçısının qeyri-qanuni yoxlamaların dayandırılması barədə Mllli Məclisə qanunvericilik təşəbbüsü ilə qanun layihəsi təqdim etməsini və həmin sənədin parlamentdə qəbul edilməsini iqtisadiyyatdakı inqilabi islahatların başlanğıcı da adlandırmaq olar. Ona görə ki, bu, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə geniş işgüzarlıq mühitinin yaradılması demək idi. Prezident İlham Əliyev bütün mötəbər tədbirlərdə və vətəndaşlarla görüşlərində sahibkarların fəaliyyətlərinə qanunsuz müdaxilələrin və yoxlamaların iqtisadiyyatın inkişafına mənfi təsir etdiyini bildirilməklə bu barədə xəbərdarlıqlar da edirdi. Lakin bütün bunlara rəğmən qeyri-qanuni yoxlamaların qarşısını tamamilə almaq mümkün olmurdu. Məhz bu problemin həllinə inzibati yolla- qanunun tətbiqi ilə nail olundu.

Bəs bu yoxlamaların dayandırıldığı üç il ərzində qeyri-neft sektorunun inkişafında əsas rol oynayan kiçik və orta sahibkarlığın inkişafında hansı müsbət tendensiyalar özünü göstərib? Qeyd edək ki, Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirməsinə dair hesabat hazırlanıb. Hesabata əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqindən əvvəlki 20 ay ərzində vergi yoxlamalarından başqa, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 60 mindən çox olubsa, son üç il ərzində isə bu tip yoxlamaların sayı ikirəqəmli olub.

Bundan başqa, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına yardım üçün xüsusi lisenziya verilməsinə dair Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman da verilib. Fərmana uyğun olaraq bütün xüsusi lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilir. Son iki ildə kiçik və orta sahibkarlıqla məşğul olanların sayı isə 6 dəfədən çox artmışdır. Həmin Fərmanda lisenziyanın verilməsinin sadələşdirliməsinə dair xüsusi bir maddə də mövcuddur. Həmçinin İqtisadiyyat Nazirliyində sahibkarları maraqlandıran suallar və narahat edən problemlərlə bağlı “Qaynar xətt” də yaradılıb. Məhz qeyri-qanuni yoxlamaların dayandırılmasından sonra hüqüq-mühafizə orqanları, eləcə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kimi yoxlayıcı qurumlar bu istiqamətdə fəaliyyətlərini dondurduqlarını bildiriblər.

Budur, ölkə başçısının siyasi iradəsi ortadadır-kimliyindən asılı olmayaraq, məhz şəxsi maraqları naminə dövlətin dayaqlarını sarsıdanlar neytrallaşdırılır ki, Azərbaycan biznesi rahat nəfəs ala, sürətlə inkişaf edə və Azərbaycanın tərəqqisinə töhfələrini verə bilsinlər. Məsələn, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bu gün həbsdə olan bəzi rəhbərləri də məhz vaxtilə sahibkarlara qarşı qeyri-qanuni hərəkətlərinə görə cəzalandırılıblar. Bu, Azərbacan dövlətinin və onun başçısının sahibkarlara mane olanlara qarşı qətiyyətli mübarizəsinin təzahürü idi. 

Burada bir məsələni xüsusi qabartmaq lazımdır ki, heç bir sahibkar dünyanın ən güclü inkişaf etmiş ölkəsində belə vergidən yayınmaq istəməz. Hətta bu barədə məşhur bir ingilis deyimi də var: “ İnsanlar bir ölümdən, bir də vergidən qaca bilməzlər.” Əslində sahibkar vergidən o zaman yayınmaq istəyir, ona cəhd göstərir ki, həmin vergi rejimi o sahibkar üçün əlverişli olmur. Lakin Azərbaycanın vergi qanunvericiliyində isə sahibkarlığın inkişafı üçün bir çox güzəştlər mövcuddur. Eyni zamanda, qanunsuz yoxlamaların aradan qaldırılması üçün ölkədə vergi mexanizmi də durmadan təkmilləşdirilir.

Elçin Zaman, “İki sahil”