18 yanvar 2018 23:40
2881

Limonad necə yaranıb?

Limonad bir zamanlar çox bahalı və elit içki hesab edilirdi. Deyilənlərə görə, ilk dəfə limonad Fransız Kralı XIV Lüdovikin dövründə yaranıb. Kral XIV Lüdovik hər dəfə masaya fərqli növ şərab gətirtməyi sevərmiş. Bu da xidmətçilər arasında çaşqınlıq yaradırmış. Limonad içkisi xidmətçilərdən birinin səhvi üzündən yaranıb. İçki növünü dəyişmək üçün anbara düşən xidmətçi səhvən başqa maye əvəzinə limon şirəsi əlavə edib. Alınan dadda olan fərqliliyi aradan götürmək üçün ona mineral su da əlavə edib.

Xidmətçinin bu səhvi isə ona uğur gətirdi. Sonralar limonad adlandırılan bu içki XIV Lüdovikin çox xoşuna gəldi. Hər gün bu içkidən süfrəsinə gəlməsini sifariş edirdi. Tezliklə bu içki məşhurlaşmağa başladı. Əvvəlcə kral ailəsinin süfrəsinin sonra isə bütün Avropanın sevilən içkisinə çevrildi. Limonad  uzun illər kralın xidmətçisinin reseptinə uyğun hazırlanırdı. Təbii limon şirəsi və mineral su. Ancaq 1767-ci ildən reseptdə dəyişiklik edildi. Britaniyalı alim, filosof, ictimai xadim və  hər şeydən əvvəl, oksigeni aşkar edən görkəmli kimyaçı kimi tarixə düşən Cozef Priestley və alman iş adamı  Jacob Schwepp birlikdə bir mühərrik hazırlatdılar ki, bunun vasitəsilə qazlı su hazırlanırdı. Çox keçmədi ki Cozef Priestley və Jacob Schwepp “J. Schweppes & Co”  adlı ilk limonad şirkətlərini  yaratdılar. O dövrdə belə içkiləri yalnız zəngin insanlar ala bilərdi, çünki  istehsal texnologiyası olduqca bahalı idi.  Limonadın bahalı içki kimi alışı və istifadəsi 1833-ci ilə qədər davam etdi. Sonradan Rusiyada limonad istehsalına başlandı. Rusiyaya limonad resepti ilk dəfə I Pyotr tərəfindən gətirilib. Və burada təbii limon suyu sintez edilərək  limon turşusu ilə əvəz edilib. Beləliklə də dünyada bahalı içki kimi ad çıxaran limonad nisbətən ucuzlaşdı. Ancaq yenə də hər kəsin istifadə edə biləcəyi içki növü deyildi. Avropada olduğu kimi, bu içki Rusiyada da uzun müddət elit sayıldı, yalnız zadəganlar və zəngin tacirlər məclislərində limonaddan istifadə edirdi.

 Qazlı içkilər yalnız XX əsrdə Sovet İttifaqının demək olar ki, milli içkisinə çevrildi. Ölkədə müxtəlif növ meyvə və tərəvəzlərdən on adda qazlı içkilər istehsal edildi. Artıq təbii maddələr süni qarışımlarla əvəz olunmuşdu. Kutaisi vətəndaşı olan Mitrofan Varlamovich Lagidze dünyanın tanınmış alkoqolsuz içkilərinin yaradıcısı kimi dünyada ad  çıxardı. Laqidze inqilabdan əvvəl ilk zavodunu açdı və Sovet dövründə Tbilisidə böyük bir müəssisənin direktoru oldu. 1945-ci ildə Yalta Konfransının iştirakçılarına təqdim edilən limonad həmin fabrikin istehsalı idi. Tədbirdə Prezident Franklin D. Ruzveltin bu içki necə xoşuna gəlmişdisə qayıdarkən özü ilə 2000 şüşə aparmışdı.

Şəmsiyyə Əliqızı, “İki sahil”