KÖŞƏ

Sevinc Azadi

Ermənistan hara, Frankofoniya hara?

10 oktyabr 2018 14:22
3874

Məlum olduğu kimi, dünyanın 5 fərqli qitəsindən 58 dövlətin təmsil olunduğu Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşünün 11-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılır. Təşkilatın nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Sammitə 100-dən çox yüksək vəzifəli nümayəndənin, o cümlədən Fransa Prezidenti Emmanuel Makron və Kanadanın Baş naziri Castin Trüdonun da qatılacağı gözlənilir.

Frankofoniya indiki formatda 1970-ci ildən fəaliyyət göstərir. Təşkilatın devizi belədir: bərabərlik, qarşılıqlı tamamlayıcılıq, həmrəylik. İlk dəfə frankofoniya termini 1880-ci ildə fransız səyyah Onezim Reklü tərəfindən işlədilib. O, dünya əhalisinin dil üzrə elmi təsnifatını apararkən bu ifadədən istifadə edib. 1968-ci ildə Frankofoniya lüğətə salınıb və iki mənada işlədilir: fransız dilində danışanlar, fransızca danışan xalqlardan ibarət cəmiyyət.

Nə qədər qəribə olsa da Ermənistan bu təşkilata 2008-ci ildə üzv qəbul edilib. Həmin ilin martın 1-də ölkədə keçirilən prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq paytaxt İrəvanda dinc aksiyalar keçirilmişdi. Ordu və polis mitinqi güc vasitəsilə dağıtmış və nəticədə 10 aksiya iştirakçısı öldürülmüş, onlarla insan yaralanmışdı. Nikol Paşinyan hökuməti isə hadisələrlə bağlı o vaxt başlanılan cinayət işinə yenidən baxır. Həmin işlə bağlı artıq keçmiş prezident Robert Koçaryan barəsində cinayət işi başlanılıb, onun ölkədən çıxışına qadağa qoyulub.  Belə bir hadisədən sonra Ermənistanın təşkilata üzv qəbul edilməsi Frankofoniya devizinə tam ziddir. Onda belə çıxır ki, bu qurumun rəhbərliyi İrəvavanda dinc etiraz aksiya iştirakçılarının qanını tökənlərlə həmrəydir?!

Siyasi şərhçilər bildirirlər ki, təşkilat  XX əsrin ən böyük faciələrindən birini  - Xocalı soyqırımını törədən və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan etiraf edən Ermənistanın ərazisində nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət edib. Bir məqamı da vurğulayaq ki, təşkilat üzvləri ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıyıb, hətta üzvlərin bir qismi Avropa Şurasında, digər bir qismi isə İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləyib. Bundan əlavə, Fransa Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsində beynəlxalq vasitəçi rolunda çıxş edir. Bu dövlət ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir. Sammitin Ermənistanda keçirilməsinə razılıq vermək, Fransa Prezidentinin həmin tədbirdə iştirak etmək istəyi ilə rəsmi Paris münaqişənin həllində ədalətli mövqe tutacağına şübhəni artırır.

Reallıq budur ki, bu gün Ermənistanda siyasi vəziyyət olduqca gərgindir. Kimin kimə və nəyə xidmət etdiyi məlum deyil. Elə 2 oktyabr gecəsi İrəvanda, parlamentin mühasirədə saxlanması, hakimiyyət-müxalifət qarşıdurmasının pik həddə qalxması bu ölkədə hər an qanlı hadisələrin təkrarlana biləcəyi ehtimalını artırır. Bu ölkədə dəfələrlə silahlar işə düşüb, dinc insanlar qətlə yetirilib. Bu gün ölkədə “Qarabağ klanı” ilə mövcud hakimiyyət arasında elə bir uçurum yaranıb ki, parlament seçkiləri qabağı ölkə qarışa bilər. Maraqlıdır, öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən bir dövlət bu qədər qonağın təhlükəsizliyini necə təmin edə biləcək? Təkmillətli və təkdinli bir cəmiyyət bu qədər fərqli etnik struktura, inanca, dünyagörüşünə malik insanlara nə qədər dözümlülük göstərə biləcək?

Bir sözlə, Ermənistandakı ictimai-siyasi vəziyyətin hər an nəzarətdən çıxma ehtimalının olması ilə Frankofoniya sammitinin taleyi də sual altına düşə bilər. Ancaq Fransanın işğalçı ölkədəki səfiri Conatan Lakot ümid etdiyini bildirib ki, tədbir yüksək səviyyədə keçiriləcək. Diplomat İrəvanda yaşanan son hadisələrin sammitin işinə təsir göstərə biləcəyi ilə bağlı sualdan yayınıb. Deyib ki, onlar ölkənin daxili işlərinə qarışmırlar. Sözügedən sammitin devizi də Ermənistanda keçirilməsi baxımından gülüş doğurur: “Birlikdə yaşamaq”. Söhbət işğalçı, terrorçu, qaniçən, dəfələrlə soyqırım müəllifi olan, qonşusunun 20 faiz torpağını işğal edərək bir milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətinə salan bir ölkədən gedir...