KÖŞƏ

Sevinc Azadi

Paşinyanın “yalanları” və xaosa sürüklənən Ermənistan

08 dekabr 2018 00:45
3195

Ermənistanda ictimai-siyasi vəziyyət gündən-günə gərginləşir. Dekabrın 9-da keçiriləcək parlament seçkilərinin insidentsiz başa çatacağına inam yoxdur. Erməni politoloqları da bu seçkilərdə qarşıdurmaların, xoşagəlməz hadisələrin, hətta silahlı münaqişənin olacağını indidən proqnozlaşdırırlar. Çünki sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətin asanlıqla Nikol Paşinyanın əlinə keçməsinə heç vaxt razı ola bilməzlər. Onlar müxtəlif vasitələrlə parlament seçkilərinin ya pozulmasına, ya da öz istədikləri şəkildə keçirilməsinə çalışırlar.

Robert Koçaryan, demək olar ki, sıradan çıxmaq üzrədir. Onun haqqında qaldırılmış cinayət işi yenidən gündəmdədir. Erməni KİV-inin verdiyi məlumata görə, Ermənistan Apellyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın istintaqa göndərilən işinə yenidən baxıb. Vəkillər Koçaryanın toxunulmazlığı ilə əlaqədar onun barəsində həbs- qətimkan tədbirinin ləğvinə çalışsalar da, buna nail ola bilməyiblər. İşğalçı ölkənin baş prokurorluğu hesab edir ki, sabiq prezident Yerevanda 10 il əvvəl baş verən dövlət terrorunun ideya müəllifidir və təcili şəkildə azadlıqdan məhrum olunmalıdır.

Nikol Paşinyanın tərəfdarları, həmçinin digər siyasi partiya fəalları Koçaryanın azad edilməsini böyük cinayət adlandırırlar. Onların sözlərinə görə, Koçaryan 10 illik prezidentlik dövrünün ilk günündən ölkə qanunlarını pozub, seçkiləri saxtalaşdırıb, mühüm strateji obyektləri satıb. Belə bir insanın azad edilməsi ona növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi proseslərə müdaxilə imkanı verilməsi deməkdir. Paşinyan tərəfdarları Koçaryan-Sarkisyan qruplaşmasının tam zərərsizləşdirilməsi üçün bütün vasitələrə əl atırlar.

Bütün bunlara baxmayaraq, Paşinyanın da seçkiöncəsi şansları sürətlə azalır. Politoloqlar bunu onun beynəlxalq təşkilatlar tərəfindən də pislənilən əsassız və ziddiyyətli bəyanatları ilə əlaqələndirirlər. Bunun bir səbəbi də ölkədə ekstremist terrorçu partiyaların növbədənkənar seçkilərdə qələbə qazanması üçün “ciddi hazırlıq” işləri görməsidir. Ekspertlərin fikrincə, seçkidən sonra da bu ölkədə hər hansı bir dəyişikliyin baş verəcəyinə inam yoxdur. Çünki oliqarxlarla xaricdən maliyyələşən qüvvələr arasında mübarizə getdikcə alovlanır.

Paşinyanın ziddiyyətli fikirləri və meydan hərəkatında verdiyi vədlərə əməl etməməsi ciddi etirazlara səbəb olub. Etirazlar artıq sosial xarakter daşımaqdan kənara çıxaraq, daha çox siyasi müstəviyə keçir. Baş nazirin etirazçıları “Azərbaycanın maraqlarına xidmət etmək”də günahlandırması onları daha da qızışdırıb. Etiraz aksiyasının nümayəndələri Paşinyanın həm üzr istəməsini, həm də vədlərinə əməl etməsini tələb edirlər. Siyasi şərhçilər bildirirlər ki, problem təkcə bununla məhdudlaşmır. Ölkədə siyasi vəziyyət də gündən-günə ağırlaşır və Paşinyana qarşı ittihamların ardı-arası kəsilmir. Bu da baş nazirin növbədənkənar seçkilərdə qalib gəlmək ehtimalının getdikcə zəifləməsindən xəbər verir. Onun siyasi naşılığı və təbliğat-təşviqat kampaniyası zamanı məsuliyyətsiz çıxışları, səsləndirdiyi absurd fikirlər, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların məsuliyyətindən yayınmağa çalışması, beynəlxalq hüquq normalarına hörmətsizliyi tərəfdarları arasında da reytinqini sürətlə aşağı salır. Artıq yerli ekspertlər də Paşinyanı açıq şəkildə yalançılıqda və ölkəni xaosa sürükləməkdə günahlandırırlar. Əsas məsələ də odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə qədər heç bir addım atılmayıb və bu istiqamətdə yalnız qeyri-adekvat bəyanatlar verilir.

Paşinyan seçicilərlə görüşdə növbəti yalana əl atıb. O, ictimaiyyətin diqqətini ölkədəki siyasi vəziyyətə yönəltmək üçün deyib ki, guya, gələcəkdə prezident üsul - idarəsinə qayıtmaq barədə fikirləşir və bu barədə Konstitusiyaya bəzi dəyişikliklərin də ola biləcəyini bildirib. Bütün bunlara baxmayaraq, onun əsas hədəfi Dağlıq Qarabağ separatçıları və onların İrəvandakı əsas dayaqlarıdır. Qarşı tərəf isə onu Azərbaycanın 100 minlik nizami ordusu ilə qorxudur.

Göründüyü kimi, hazırda Ermənistanda seçkiöncəsi vəziyyət qaynar qazanı xatırladır. Bu qazanın “çömçəsi” olan Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyasında heç bir məna kəsb etməyən ziddiyyətli bəyanatları ilə aranı qarışdırmaqla seçkiləri öz xeyrinə başa vurmağa çalışır.