20 iyul 2018 16:26
968

Əli Kərimli terroru və dini radikalizmi dəstəkləyir

“Milli Şura” yarananda üzvlər arasında radikal yönümlü islamçıların çoxluğu diqqət çəkmişdi. Hələ o zaman “perspektivləri” xəyalında canlandıran, qurumda baş verən hadisələri kənardan seyr edən AXCP sədri Əli Kərimlinin mənfur niyyətləri illər sonra, indi cücərməkdədir. Müxalif düşərgədə, xüsusən radikallar arasında qarşıdurma, çəkişmələr yaradan, qrantlar uğrunda mübarizələrin aparıcı siması kimi tənqid olunan, funksionerlərin klassik mübarizə üsullarından yararlanan Əli Kərimli qeyri-insani xarakterini hələ də dəyişməyib. “Südlə gələn, sümüklə çıxar” el məsəli “islahatçı sədr”in simasında təsdiqini tapır.

Xarici QHT-lərdən ayrılan satqınlıq, xəyanət pulunun hesabını aparan radikallar belə bu sahədə adı birincilər sırasında yer alan Əli Kərimlinin qrantlara görə çalınan əcnəbi havalarına oynadığını həmişə vurğulayaraq “yurd şefi”ni düşərgədə yaranan qalmaqalların müəllifi hesab edirlər. “Beşinci kolon”un dəstəkçilərindən və başbilənlərindən olan Əli Kərimli “Burada mənəm, Bağdadda kor xəlifə” siyasətini yeridərək ölkəmizdə keçirilən mühüm tədbirlər zamanı xəyanətkar dəst-xəttini büruzə verir, xarici havadarlarından aldığı təlimatlara əsasən Azərbaycanda siyasi sabitliyin pozulması üçün  canfəşanlıq göstərir. Sosial şəbəkələr vasitəsilə özünü reklam etdirən Əli Kərimlinin saytlarda informasiya yerləşdirmək üçün nəzərdə tutduğu “istifadəçilər qrupu”, “islahatçı sədrin sağ əli” yalan, böhtanları ilə də Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaqda mahirdirlər.

Gəncə hadisələrini şişirtməklə xaricdən idarə olunan radikal dini cərəyanları müdafiə edən Əl Kərimlinin belə qruplara isti münasibəti əvvəllərdən də bəlli idi. Türkiyədə baş verən iyul hadisələrində baş terrorçu Fətullah Gülənlə münasibətləri  sübut olunan Əli- Türkel kərimlilər birliyi ata-oğulun terrora dəstəyini göstərdi. Ata Kərimli ilə “Gülən camaatı” arasında əlaqə yaradan, AXCP-nin hesabına ayrılan qrantları eyş-işrətə xərcləyən Türkelin ermənilərlə işbirliyi kərimlilərin hansı amala qulluq etdiklərini təsdiqləyir. Azərbaycanın milli maraqlarının satılması qarşılığında alınan haram pullar hesabına kərimlilərin firavan həyat tərzi düşərgədə belə narazılıqla qarşılanır.

Kərimlilərin terrora dəstəkləri   Nardaran hadisələri zamanı da bəlli oldu. Terrorçuları, məqam gələndə silahlı qarşıdurmalar üçün evlərində silah gizlədənləri müdafiə edən Əli Kərimli o zaman da “havadarlıq” missiyasını “Milli Şura”nın kölgəsində gizlənməklə bildirdi.

Gəncə hadisələri zamanı yenə də terrorçuları, din pərdəsi altında respublikada qarışıqlıq yaradan, polislərin ölümü ilə nəticələnən silahlı qarşıdurmanı dəstəkləyən Əli Kərimli növbəti dəfə mənfur xislətini büruzə verdi.

Antiazərbaycan qruplar, satqınlar, xəyanətkarlar üçün “mühacir biznesi”nin baş dəllalı olan Əli Kərimli xarici ölkələrdə əcnəbilərin qoltuqaltına sığınan satqınların təlimatlandırılmasında da fəallıq göstərir.

Düşərgədə daxili didişmələr, ambisiyalar yaratmaqla hamını qarşı-qarşıya qoyan, müxalifətin  “şəcərəsinə” “məğlubiyyət salnaməsi” kimi yazılan blok və birliklərin dağılmasında da əli olan “islahatçı sədr”in milli- azadlıq hərəkatında heç bir fəaliyyətinin olmadığını elə partiyadaşları da təsdiqləyirlər.

Soros fondundan, “Gülən hərəkatı”nın üzvü olan terror qruplaşmalarından aldığı vəsaitləri şəxsi biznesi kimi sərf edən AXCP sədri gəncləri mitinqlərə təhrik etməklə onları cəmiyyət, asayiş keşikçiləri ilə qarşı - qarşıya qoyur. Siyasi savadı olmayan gəncləri sosial şəbəkələrdə etik normalardan kənar, milli-etik dəyərlərimizə yad ifadələr işlətməyə məcbur edərək onların mənəviyyatını korlayır. Xarici mənbələrdən aldığı qrantların cüzi hissəsini həmin şəbəkənin iştirakçıları arasında bölüşdürür. İqtidarda olduğu illərdə “bespredeldən” danışan, Bakının müxtəlif ərazilərində, başqa şəxslərin adına sənədləşdirilmiş evlər, hektarlarla torpaq sahələri, mağazalar alan “yurd şefi”nin qrant mənimsəmə acgözlüyü tükənmir. Maliyyə məsələlərində  təcrübəli maxinator kimi tanınan Əli Kərimli tək deyil. Dağıdıcılara yaxın bir çox QHT rəhbərləri də sədrə “maliyyə yardımı” edirlər.

Həmin dairələr “insan hüquqları, media azadlığı, korrupsiya” və digər məsələləri süni və qərəzli şəkildə şişirtdikləri, antiazərbaycan təbliğatı apardıqları zaman Əli Kərimli xəyanəti işə yarayır. AXCP sədri Əli Kərimlinin başçılıq etdiyi “beşinci kolon” saxta, böhtan xarakterli informasiyaları dövriyyəyə buraxır. Ölkəmizə qarşı təxribatların pərdəarxası oyunçuları kimi saxta “dosyelər” tərtib edən Əli Kərimli şəbəkəsi beynəlxalq təşkilatların oyuncağına çevrilir.

Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsünü irəli sürən qərəzli dairələrin Azərbaycandakı missioneri Əli Kərimli, ölkəmizə qarşı yönələn təxribatların icraçısı isə  “yurd şefi”nin inhisarında olan “Milli Şura”dır.

Gəncədə törədilən terrordan, yaranan qarışıqlıqdan ən çox bəhrələnən antiazərbaycan qüvvələri, dini radikalizmi dəstəkləyən Əli Kərimlinin azərbaycanlı adını daşımağa mənəvi haqqı yoxdur.

Xuraman İsmayılqızı,

“İki sahil”