21 iyul 2018 16:16
1623

Azərbaycan mətbuatı sağlam ənənə üzərində formalaşıb

    Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirdi ki, zamanın, dövrün tələbinə  uyğun təkmilləşmə mətbuatın inkişafında da özünü təsdiqləyir               

                     Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Baş nazirin müavini,  YAP Sədrinin müavini-İcra katibi  Əli Əhmədov  Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşdü.  Öncə jurnalistləri bayram münasibətilə təbrik edən Ə.Əhmədov  bildirdi ki, ölkəmizdə çox yaxşı ənənə formalaşıb. Milli mətbuatın yaranmasının ildönümü artıq neçə illərdir  yüksək səviyyədə qeyd edilir. Bir ənənə də ondan ibarətdir ki, Yeni  Azərbaycan Partiyası Milli Mətbuat Gününün qeyd olunmasından heç zaman kənarda qalmır. Bu, həm  cəmiyyətin mətbuata verdiyi önəmin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının mətbuatın roluna  böyük əhəmiyyət verməsinin ifadəsidir.

       «Müasir cəmiyyət mətbuat azadlığı, söz azadlığı olmadan yaşaya  və səmərəli fəaliyyət göstərə bilməz» söyləyən Ə.Əhmədov qeyd etdi ki, ölkəmizdə dövlətin mətbuata diqqət və qayğısı davamlılığı ilə diqqət çəkir: «Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncamla mətbuat orqanlarına maliyyə dəstəyi verildi, eləcə də jurnalistlər üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi də dövlətimizin bu sahəyə qayğısının göstəricisidir. Bu fakt, həmçinin cənab  Prezidentin kütləvi informasiya vasitələrinə olan inam və etimadının ifadəsidir. Ölkəmizdə güclü mətbuat formalaşıb və jurnalistlər ordusu mövcuddur. Bütövlükdə Azərbaycan hökuməti KİV-lərin normal fəaliyyət göstərməsi üçün şərait yaradıb. Bunun ən bariz nümunəsi ölkəmizdə kifayət qədər  KİV-lərin fəaliyyət göstərməsidir. Məmnunluq hissi ilə bu faktı da qeyd etmək istərdim ki, mətbuat orqanlarının mütləq əksəriyyəti milli maraqların keşiyində dayanırlar.»

Mətbuatın  maraqlı fəaliyyət sahəsi olduğunu vuğulayan  YAP Sədrinin müavini qeyd etdi ki, bu, həm də  risklərlə bağlı olan sahədir. «Zaman dəyişir, yeni çağırışlar meydana gəlir. Bütün sahələrdə olduğu kimi, mətbuatda da dövrün tələbinə uyğun təkmilləşməyə, yeniləşməyə böyük ehtiyac yaranır.  Bu gün informasiyaların  yayılmasının yeni formaları mövcuddur. Çap mətbuatı ilə yanaşı, internet mediası, sosial media inkişaf edir. Artıq sosial media yazılı mətbuatı geridə qoyur. Sosial şəbəkələr və sosial medianın önəmi artmaqdadır. İndi hər kəs mətbuatın bir parçasına çevrilir. Yazılı mətbuatdan fərqli olaraq sosial mediada fikirlər, düşüncələr, məlumatlar  daha tez yayılır. Bu rəqabətdə sosial media daha önə çıxır.  Bütün bu yeniliklərə baxmayaraq, bu gün ənənəvi mətbuat mövcuddur,  uğurlu fəaliyyət göstərir və gələcəkdə yeniliklər daha da intensivləşəcək. Sağlam rəqabət inkişaf üçün əsasdır. »

«Biz YAP olaraq öz fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk. Bizim fəaliyyətimiz mətbuatsız mümkün deyil və mətbuatla əməkdaşlıqdan məmnunuq» söyləyən  YAP Sədrinin müavini bildirdi ki, seçki kampaniyaları, eyni zamanda, digər tədbirlər dövründə də  fəaliyyətimizin işıqlandırılmasına böyük ehtiyac duyulur.  Bu istəyimizi reallaşdıran mətbuatın fəaliyyətindən məmnunuq.

     Ə.Əhmədov  Azərbaycanın böyük inkişaf yolunda olduğunu qeyd etdi: «Bu gün Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf bütün sferalarda, o cümlədən  məbuat azadlığının təminatında da özünü göstərir.  Parlaq gələcəyimizə inam böyükdür.»

   Qeyd edildi ki, ölkəmiz  böyük layihələr həyata keçirir və bu layihələrin uğurla yekunlaşması üçün bütün imkanlar səfərbər olunub: «Azərbaycan bir sıra qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır, eləcə də regionda tranzit mərkəzi kimi rolunu artırır. Həmçinin, ölkəmizin beynəlxalq proseslərdə iştirakçılığı artır. Beləliklə, böyük inkişaf mərhələsi yaşayırıq. İnsanların həyatı daha da yaxşılaşacaq, iqtisadiyyatımız daha da güclənəcək, beynəlxalq müstəvidə nüfuzumuz daha da yüksələcək.»

   Ə.Əhmədov vurğuladı ki, böyük enerji və nəqliyyat layihələrinin  əsas iştirakçısı və təşəbbüsçüsü olan Azərbacanın qarşısında daha böyük vəzifələr durur.  Uğurlarımızın davamlılığını təmin etmək üçün bütün zəruri addımlar atılır.

     Bu məqam da diqqətə çatdırıldı ki, bütün bunların nəticəsi olaraq dövlətin gücünün və qüdrətinin artması müəyyən xarici dairələrdə qısqanclıq yaradır. Bu səbəbdən də ölkəmizə qarşı təxribatlar törətməyə çalışırlar. Amma bu cür təxribatların Azərbaycanda  geniş yayılması üçün mühit və zəmin mövcud deyil. Təxribatçılar qarşılarına qoyduqları məqsədlərə nail ola bilmirlər. Çünki cəmiyyətimiz təxribata uymur, onun qarşısının alınmasında dövlətlə eyni mövqedən çıxış edir.

      O da bildirildi ki, bu gün  dövlətimizin başçısı İlham Əliyevin  həyata keçirdiyi siyasətin qarşısında duran ən başlıca məqsədlərdən biri ölkəmizin yeniləşməsi, modernləşməsidir. Bu proses həyatımızın bütün sferalarını əhatə edir. Yeniləşmə sadəcə iqtisadiyyatımızın yeni tələblərə cavab verməsi deyil. Bu prosesin qarşısında duran əsas məqsəd insanların tələbatının daha əhatəli şəkildə ödənilməsidir. Ölkə Prezidentinin həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşının həyatı onun üçün daha maraqlı olsun. Təbii ki, ölkəmiz, yaşadığımız şəhərlər, qəsəbələr, kəndlər  nə qədər gözəl, Azərbaycanın iqtisadi potensialı nə qədər yüksək olarsa, Azərbaycanı rolu dünyada nə qədər artarsa, bu, hər bir vətəndaşın daxili qürur mənbəyinə çevrilir. Eyni zamanda, insanları   məmnun edən cəhət həm də bundan ibarətdir ki, inkişaf  prosesi davam etməkdədir.  Bu da hər birimizdə gələcəklə bağlı optimist hisslər formalaşdırır. Ölkəmizin uğurları fonunda gələcəyə böyük inamla baxmağa böyük əsaslar vardır. Çünki son illərin təcrübəsi açıq şəkildə onu təsdiqləyib ki, Azərbaycanda qarşıdakı hər il ötən ildən daha uğurlu olur.

   Ə.Əhmədov bir daha vurğuladı ki, Prezident İlham Əliyevin siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Çünki bu siyasət xalqımızın rifahının yüksəlməsinə,  dövlətimizin daha da  möhkəmlənməsinə xidmət edir. Xalqla iqtidarın birliyi güclü amil rolunda çıxış edir.  Mətbuat da bu reallıqları aydın dərk edir.

    Mətbuatın ölkədə baş verən hadisələri, yenilikləri  düzgün təhlil etməsini  və milli maraqlarımızın müdafiəsi mövqeyindən çıxışını yüksək dəyərləndirən Ə.Əhmədov  qeyd etdi ki, bu,  çox mühüm amildir.

    Sonda  media nümayəndələrinə  22 iyul - Milli Mətbuat Günü münasibətilə mükafatlar təqdim edildi.

   Yeganə Əliyeva,

   Vüsal Cahanov (foto), «İki sahil»