21 sentyabr 2018 23:31
3286

“Yeni əsrin müqaviləsi”: Azərbaycana etimad

1994-cü ildə ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı sayəsində "Əsrin müqaviləsi" imzalandı. Bununla Azərbaycan hökuməti ilə BP başda olmaqla dünyanın böyük enerji şirkətləri arasında uzunmüddətli əməkdaşlığın təməli qoyuldu. Ötən müddət ərzində əldə edilən təcrübə təsdiqləyir ki, tərəflər bir-birinə etibar edir və əməkdaşlığı davam etdirməkdə qərarlıdırlar. Həmin səbəbdən, imzalanan yeni saziş Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsi, müstəqil dövlət quruculuğu prosesinin uğurla inkişaf etdirilməsi baxımından olduqca qiymətlidir. Bu il ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu hadisədən 24 il ötür.

“Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin iqtisadi inkişafında mühüm rol olduğunu vurğulayan Milli Məclisin deputatı Tahir Mirkişili “İki sahil” internet televiziyasına müsahibəsində bildirdi ki, bu gün müasir Azərbaycanın inkişaf etmiş neft strategiyasının əsasında 24 il əvvəl imzalanan məhz həmin tarix, ulu öndər Heydər Əliyevin qətiyyəti dayanır: “Əminliklə deyə bilirik ki, 27 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurlarını yaşayır. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açdı və ölkəmizin davamlı inkişafını təmin etdi. 24 il əvvəl reallaşan bu hadisə Azərbaycanın qədim neft ölkəsi kimi şöhrətini özünə qaytardı, tariximizdə yeni dövrün başlanğıcını qoydu. 1994-cü il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Çünki Ulu Öndər "Əsrin müqaviləsi"ni bütün maneələrə baxmayaraq reallaşdıra bildi. O zaman bu hadisənin geosiyasi çalarları heç də hər kəs üçün bütünlükdə aydın deyildi. Yalnız böyük strateji təfəkkür sahibi olan Heydər Əliyev gözəl bilirdi ki, ölkənin müstəqillik tarixində yeni bir dönəmin bünövrəsi qoyuldu. Bu yolda Azərbaycana qarşı təzyiqlər də oldu, qarayaxma və ləkələmə kampaniyaları da aparıldı, müxtəlif iftiralar da uyduruldu. Lakin müstəqil Azərbaycan dövlətinin memarını heç kim, heç bir qüvvə tutduğu yoldan döndərə bilmədi, ulu öndər Heydər Əliyev müstəqil dövlətçilik dəyərini hər şeydən üstün tutdu. Ötən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının son 15 ildə Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir, müasir və mütərəqqi texnologiyaların tətbiqi şəraitində davamlı inkişaf təmin olunur. Bu reallığı da əminliklə deyə bilərik ki, enerji strategiyası ölkənin karbohidrogen resurslarından bütün dünyada sülh və əmin-amanlıq, qarşılıqlı iqtisadi mənfəət məqsədləri ilə istifadə olunmasına yönəlmiş inkişaf və tərəqqi konsepsiyası olmaqla məqsədyönlü fəaliyyətin təntənəsidir. Enerji sahəsində təşəbbüslərimiz, dəstəklədiyimiz nəhəng enerji layihələri dünyada enerji təhlükəsizliyi məsələsinə əvəzsiz töhfədir”.

 Milli Məclisin deputatı onu da diqqətə çatdırdı ki, ötən il mu müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılması və tarixə “Yeni əsrin müqaviləsi” kimi düşməsi də təsadüfi deyil: “Azərbaycan rəhbərliyi 23 il ərzində enerji layihələrindən əldə edilən gəlirləri əsas olaraq Azərbaycanın sosial-mədəni, intellektual, mənəvi, iqtisadi və ekoloji inkişafına sərf edib. Və onların hamısının kökündə "Əsrin müqaviləsi" dayanır. Bu, müasir mərhələdə müstəqil dövlət quruculuğunun ən səmərəli yoludur. Azərbaycan təcrübəsi bunu tam təsdiqləyir. Çox vacib məqamdır ki, ölkə rəhbərliyi həmin istiqamətdə prinsipial əhəmiyyətli yeni bir addım atıb. Bu Saziş şübhəsiz ki, 1994-cü ildə imzalanmış müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi, iqtisadi, mədəni və siyasi aspektdə davamıdır. Ölkə başçısı yeni Sazişin imzalanması mərasimində söylədiyi nitqində bunu xüsusi ifadə edib. Yuxarıda təsvir edilən faktlardan da görünür ki, 1994-cü il müqaviləsi strateji məzmun kəsb edib. İndi imzalanan müqavilə də məhz bu prizmadan olduqca vacib hadisədir. Ölkə başçısının imzalama mərasimində ifadə etdiyi bir fikri bu bağlılıqda tarixi əhəmiyyət daşıyır. Cənab İlham Əliyev ifadə etmişdi: "Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Əminliklə deyə bilərik ki, Azərbaycanın bundan sonrakı davamlı inkişafında da 1994-cü il 20 sentyabr tarixinin rolu hər zaman mühüm qalacaq”.

Şəfiqə Dadaşova, “İki sahil”