13 noyabr 2017 19:12
1134

Uşaq qatillərinin ifşasında faktoloji baxış

Yaxud, Aydın Mirzəzadənin “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitabı Ermənistanın işğalçılıq və təcavüz siyasətinin ifşa edilməsi baxımından dəyərli mənbə hesab edilir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xalqımızın və dövlətimizin bir nömrəli problemidir, onun həlli isə çox mühüm xarakter daşıyan məsələdir. Çünki, Dağlıq Qarabağ problemi və erməni məsələsi ötən onilliklər ərzində xalqımızın qan yaddaşında silinməz izlər qoyub. Baş vermiş 1905-1907-ci illər qırğını, 1918-ci il soyqırımı, 1948-1953-cü və 1988-ci illər deportasiyaları, 1992-1993-cü illərdə torpaqlarımızın işğalı, Xocalı soyqırımı kimi unudulmaz faciələr Azərbaycanda kütləvi şüurun transformasiyası prosesinə təsir edib, hətta, dəyişməsi çətin olan stereotiplər formalaşdırıb. Zaman ötdükcə Dağlıq Qarabağ münaqişəsilə əlaqədar baş vermiş qanlı hadisələr, döyüşlər azərbaycanlıların ümumi düşüncəsində erməni terroru, işğalçılıq siyasətilə bağlı vahid istiqamətli fikirlər yaradıb. Məhz, bu gün də münaqişənin həlli istiqamətində həm Azərbaycanın, həm də beynəlxalq təşkilatların cəhdlərinə, konstruktiv mövqeyinə baxmayaraq, Ermənistan havadarlarının dəstəyilə münaqişənin həllini yubadır, təxribatlar törədir, mülki əhalini atəşə tutur, hətta, azyaşlı uşaqları və qadınları qətlə yetirir. Bütün bunlar isə Azərbaycan dövlətinin və vətəndaşlarının qarşısında vəzifə qoyur ki, ermənilərin təxribatlarının qarşısı alınsın, qanlı əməlləri faktlarla ifşa edilsin, dünya ictimaiyyətinin diqqətinə çatdırılsın. Elə təsadüfi deyildir ki, son dövrlər ərzində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, hərbi təcavüzü, eləcə də, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti sistemli şəkildə öyrənilib, problemlə bağlı alimlərin və mütəxəssislərin araşdırmaları, elmi əsərləri, monoqrafiyaları ortaya qoyulub. Aparılmış fundamental araşdırmaların əsasını təşkil edən ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin məsələ ilə bağlı çıxışlarında, sərəncam və fərmanlarında, dövlətin problemlə bağlı həyata keçirdiyi siyasət çərçivəsində, həmçinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun, eləcə də, Novruz Məmmədovun, Yaqub Mahmudovun, Elçin Əhmədovun, Musa Qasımlının və başqalarının araşdırmalarında, əsərlərində Ermənistanın soyqırımı və təcavüzkarlıq əməllərinin tarixi-siyasi təhlili aparılıb, ermənilərin azərbaycanlılara qarşı atdığı addımlar insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilib. Elə  Yeni Azərbaycan Partiyası İcra Katibliyi Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitabı da Ermənistanın işğalçılıq və təcavüz siyasətinin ifşa edilməsi baxımından dəyərli mənbə hesab edilməlidir.

Məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov olan, on fəsildən ibarət kitab 2017-ci il iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində qətlə yetirilən yaşyarımlıq Zəhra Quliyevaya və onun timsalından erməni terrorunun qurbanı olmuş bütün azərbaycanlı uşaqlara, Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə, bütün bunların fonunda isə Ermənistanın Azərbaycana qarşı təcavüzünün faktlar əsasında ifşa edilməsinə həsr edilib.

“Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabının əsas fəlsəfəsindən çıxış edərək qeyd etmək lazımdır ki, müasir dövrdə bu və ya digər səbəblərə görə başlanan müharibələrdə uşaqların, qadınların, bütövlükdə günahsız insanların qətlə yetirilməsi qəbuledilməz hal kimi dəyərləndirilir. Hətta, müharibə qanunlarına görə uşaqların və qadınların hərbçilər tərəfindən öldürülməsi cinayət hesab edilir. Lakin çox təəssüflər olsun ki, bu deyilənlər erməni terrorçularından, Ermənistanın hərbi-kriminal rejimindən, xüsusilə də, başda Serj Sarkisyan olmaqla bu ölkənin ordusundan yan ötüb. Çünki, Ermənistan ordusu məqsədli şəkildə Azərbaycanın cəbhə xəttində yaşayan sakinlərinə, xüsusilə də, uşaqlara qarşı hərbi cinayətlər törətməkdədir.

Kitabda göstərildiyi kimi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən 193 uşaq öldürülüb, 61 uşaq itkin düşüb, 27 uşaq isə hazıradək hərbi əsirlikdədir. 1994-cü ildən sonrakı dövrdə isə 32 uşaq erməni terrorunun qurbanı olub. Aydın Mirzəzadənin sözügedən kitabında qeyd etdiyi kimi, Ermənistanın BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyanı ratifikasiya etməsinə baxmayaraq, bu gün də işğalçı ölkə azərbaycanlı uşaqları qətlə yetirməkdə davam edir. 2011-ci ildə Fariz Bədəlovun, Aygün Şahmalıyevanın, 2016-cı ildə 6 uşağın ölümünə səbəb olan Ermənistan silahlı qüvvələri 2017-ci ildə Tovuz rayonunun Qaralar kənd sakini, 13 yaşlı Ramin Yusifovu yaralayıblar. Qətlə yetirilən həmin uşaqların sırasına yaşyarımlıq Zəhra Quliyeva da əlavə olunub.

“Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” bir daha təsdiq edir ki, Ermənistan silahlı qüvvələrinin məsum bir uşağın həyatına son qoyduqları Zəhranın aqibəti dilindən, dinindən, irqindən asılı olmayaraq, hər kəsin, ümumilikdə insanlığın faciəsidir. Əlbəttə ki, Zəhra Quliyevanın qətlə yetirilməsi dünya tərəfindən bir şok kimi qəbul edildi. Bu gün Zəhranın ölümü Suriyada, Yəməndə körpə uşaqların öldürülməsindən heç nə ilə fərqlənmir. Bu isə onu sübut edir ki, uşaqların, dinc sakinlərin qətlə yetirilməsi Ermənistanın dövlət siyasətinə çevrilib. Ermənistanın hərbi-kriminal rəhbərliyi üçün artıq humanistlik, dinc əhali ilə müharibə aparmamaq kimi dəyərləri mövcud deyildir. Çünki, vaxtilə Xocalıda soyqırımı törətmiş cinayətkarlar bu gün də Ermənistanda söz sahibləridir.

Bütün bunları nəzərə alaraq bir daha bildirək ki, tədqiqatçıların, alimlərin, bu sahədəki ekspertlərin qarşısında duran prioritet vəzifə Ermənistanın işğalçılıq və terror siyasətini faktlarla ifşa etməkdir. Əvvəlki araşdırmalar, yazılmış kitablar, əsərlər, eləcə də Aydın Mirzəzadənin “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” kitabı bu istiqamətdəki fəaliyyətə işıq tutur, yol göstərir. Ümid edirik ki, bu sahədəki araşdırmalar bundan sonra daha da dərinləşəcək və Ermənistanın işğalçılıq siyasəti tam ifşa ediləcək, cinayətkarlar cəzalandırılacaq və torpaqlarımız düşmən tapdağından azad olunacaq.

Ramil Vəlibəyov,

YAP Nizami rayon təşkilatı 
GB sədrinin I müavini