15 oktyabr 2018 22:33
3037

Çin daha iki naviqasiya peykini orbitə çıxarıb

Çinin milli naviqasiya sisteminin növbəti iki “BeiDou-3” peyki orbitə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, peyklər Siçanq kosmik mərkəzindən yerli vaxtla günorta 12:23-də (Bakı vaxtilə səhər 08:23) “Long March-3B” daşıyıcı raketi ilə buraxılıb. Bunlar “BeiDou” naviqasiya sisteminin 39-cu və 40-cı, “BeiDou-3” nəslindən isə 15-ci və 16-cı peyklərdir.

Qeyd edək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “BeiDou” peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. “BeiDou” sistemi dünyada GPS (ABŞ), “GLONASS” (Rusiya) və “Galileo”dan (“Avropa İttifaqı) sonra 4-cü naviqasiya sistemidir.