17 noyabr 2017 22:24
1096

Türkiyə universitetləri Zoologiya İnstitutu ilə əməkdaşlıqda maraqlıdır

Türkiyədə səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Şeyda Məhərrəmova Qaradəniz Texniki Universitetinin (QTU) meşəçilik fakültəsinin dekanı, professor Gürsel Çolakoğlu, dosent Oğuz Kurdoğlu, Artvin Çoruh Universitetinin (AÇU) rektoru, professor Fahrettin Tolki, bu ali təhsil ocağının meşəçilik fakültəsinin dekanı, professor Zafer Ölməz və başqaları ilə görüşüb. Ş.Məhərrəmova Azərbaycan, Türkiyə və Gürcüstan arasında “2017-2019-cu illər üçün üçtərəfli sahəvi əməkdaşlıq üzrə Fəaliyyət Planı” haqqında məlumat verib. Görüşlərdə, həmçinin bu istiqamətdə QTU, AÇU və Zoologiya İnstitutu arasında qurulacaq əməkdaşlıq sahələri müzakirə olunub. Hər iki universitetin təmsilçiləri Zoologiya İnstitutu ilə əməkdaşlıq təklifini müsbət qarşılayıb, qısa zamanda birgə görüləcək işlərin müzakirəsinə başlamaq niyyətində olduqlarını bildiriblər.

Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Ş.Məhərrəmova QTU-da “İqlim dəyişkənliyi və ağacların miqrasiyası” mövzusunda təşkil olunan simpoziumda da iştirak edib. Tədbirdə alimin “Azərbaycanın Hirkan Milli Parkında nadir ağac növlərinə ziyan vuran yarpaqbükənlər” mövzusunda məruzəsi maraqla qarşılanıb.