14 iyun 2018 20:11
1279

Məzunların “Son zəng” sevinci

İyunun 14-də 20 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, məktəb-liseyin direktoru Səadət Veysova məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Direktor şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlardan danışıb, məktəbdə ümumilikdə 3527 şagirdin təhsil aldığını bildirib. Qeyd edilib ki, onlardan yüz nəfəri bu il məzun adını qazanır.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Ölkədə təhsilə göstərilən dövlət qayğısının ilbəil artdığını vurğulayan M.Vəliyeva məzunların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək işlərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə rayonda həyata keçirilən layihələr barədə danışıb, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən digər qonaqlar məktəb həyatına əlvida deyən məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər diləyib və onlara göstərilən etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Həmçinin ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan şagirdlərə diplomlar, məktəbin ictimai həyatında fəal iştiraklarına görə bir neçə valideynə fəxri fərmanlar verilib.

Tədbirdə rəmzi “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub.

“Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.